İNSAN MƏLƏKDƏN ÜSTÜNDÜRMÜ?

-- imam Əlidən (ə) nəql olunan bir hədisdə...

SUAL: Deyirik ki, insan yaranmışların əşrəfidir. Bu o demək deyilmi ki, insan Allahın xəlq etdiyi ən kamil varlıqdır və hətta mələkdən də üstündür?

CAVAB: İnsan və mələk digər varlıqlar kimi, Allahın məxluqlarıdır. Amma insanda mələkdə olmayan fövqəladə istedadlar, müstəsna keyfiyyətlər vardır. Əgər insanda nəfs varsa, mələkdə nəfs yoxdur. Əgər heyvanda ağıl yoxdursa, mələkdə ağıl var. İnsanda isə həm nəfs vardır, həm ağıl.

İnsanda bir-birinə zidd daxili qüvvələr vardır ki, bir tərəfdən onu (nəfsani meyillər, heyvani istəklər və instinktiv hisslər) günaha, çirkinliyə, başqalarının hüquqlarına təcavüz etməyə, yalan və xəyanətə sövq edir, digər tərəfdən isə (əql və idrak qüvvəsi, vicdan və insanlıq şəfqəti) ədalətə, insansevərliyə, paklığa, doğruluğa və təqvaya çağırır. Bütün insanlarda bu qüvvələr bir-birilə mübarizə aparır, birinin digərinə nisbi qələbəsi onların insani dəyərlər baxımından fərqlənmələrinə, təkamül və tənəzzülünə səbəb olur. İnsan bu iki zidd qüvvəyə malik olduğundan məsuliyyəti də ağırdır. Əgər insan ağlına itaət edib iman ardınca getsə və nəfsini boğsa, mələkdən uca olur. Yox əgər ağlını ayaq altına alıb nəfsinə itaət etsə, heyvandan da alçaq olur.

Quran ayələrinə əsasən, Allah-Taala həzrət Adəmi (ə) yaratdığı vaxt mələklərə əmr etdi ki, ona səcdə etsinlər. Həzrət Adəmə (ə) öz bildiklərini mələklərə danışması əmr olundu və həzrət Adəm (ə) mələklərə “müəllim” qərar verildi.

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ اللهَ تَعالی خَلَقَ المَلائکة و رَكَّبَ فيهمُ العَقل وَ خَلَقَ البَهائم وَ رَكَبَّ فيهَا الشَّهوةِ وَ خَلَقَ بَني آدَم وَ رَكَّبَ فيهِمُ العَقلِ و الشَّهوة، فَمَن غَلَبَ عقلُهُ عَلی شَهوَة فَهُوَاَعلي مِنَ المَلائكة وَ مَن غَلَبَ شَهوَتهُ علي عقلِه فَهُوَ اَدني مِنَ البَهائم

“Allah-Taala mələkləri yaratdıqda, onlara ağıl verdi. Heyvanları yaratdıqda, onlara şəhvət (ehtiras) verdi. Bəni-Adəmi yaratdıqda isə, onlara həm ağıl, həm də şəhvət verdi. Elə isə, ağlı şəhvətinə qələbə çalan şəxs mələklərdən üstün olar. Şəhvəti ağlına qələbə çalan şəxs isə heyvanlardan alçaq olar.” (“Biharul-ənvar”, 75-ci cild, səh.292.)

Bu həqiqət imam Əlidən (ə) nəql olunan bir hədisdə də vurğulanır:

إِنَّ اللهَ خَصَّ الْمَلَكَ بِعَقْلِ دُونَ الشَّهْوَةِ وَ الْغَضَبِ، وَ خَصَّ الحَيواناتِ بِهِما دُونَهُ وَشَرَّفَ الْاِنْسانَ بِاِعْطاءِ الْجَمِيعِ فَاِنِ انْقادَت شَهْوَتُهُ وَغَضَبُهُ لِعَقْلِهِ، صارَ اَفْضَلَ مِنَ الْمَلائِكَةِ لِوُصُولِهِ اِلى هذِهِ الرُّتْبَةِ مَعَ وُجُودِ الْمُنازِعِ

“Allah-Taala mələklərə şəhvət və qəzəb deyil, yalnız əql; heyvanlara əql deyil, yalnız şəhvət və qəzəb, insanı isə şərəfli sanaraq ona hər üçünü əta edib. Əgər onun əqli şəhvət və qəzəbinə qalib gəlsə, əks və zidd qüvvənin varlığı ilə belə məqama çatdığı üçün mələklərdən üstün olar.” (“Camiüs-səadat”, 1-ci cild, səh.34.)

(Maide.Az)