İNTİZARIN MAHİYYƏTİ VƏ ONUN MÜSBƏT TƏSİRLƏRİ

Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi təsirləri vardır? Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mənada bir növ fərdi və ictimai qiyama dəvət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məsuliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?

Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə məruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq.

Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:

1. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?” İmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam Peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!” (Buna bənzər rəvayətlər çoxdur.) (“Məhasini-Bərqi”, “Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü cild, səh. 136.)

2. Bəzi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”

3. “O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”

4. “O, Qaimin bayrağı altında olan şəxs kimidir!”

5. “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”

6. “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)

7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.

Bunları biz həm Peyğəmbəri-Əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ

“Ən fəzilətli əməl zühurun intizarını çəkməkdir!” (“Məhasini-Bərqi”, “Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü cild, səh. 136.)

Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mənada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir.

“İNTİZAR” MƏFHUMU

“İntizar”, adətən, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtması intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.

Dünyanın böyük islahatçısı imam Mehdinin (ə) haqq-ədalətli hökumətinin intizarı iki prinsip üzərində qurulmuşdur: “inkar” və “isbat” prinsipləri. “İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, “isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1) zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2) vahid ədalətli bir hökumətin təşkili üçün cismani və ruhi, maddi və mənəvi hazırlıq hissi. Göründüyü kimi, bu hisslərin hər ikisi müsbət xarakterlidir.

“İntizar”ın bu məfhumuna diqqət yetirməklə, imam Mehdi (ə) qiyamının intizarını çəkənlərin böyük savabı məlum olur. Beləcə, rəvayətlərin nə üçün həqiqi intizar çəkənləri imam Mehdinin (ə) xeyməsində və bayrağı altında olanlarla bir, yaxud Allah yolunda cihad edən və şəhid olanlar kimi saydığını açıq-aydın başa düşürük.

Görəsən, bunlar insanların hazırlığa, haqq-ədalət yolunda mübarizəyə və yüksək dərəcələrə dəvəti deyilmi? Məlumdur ki, Allah yolunda cihad edənlər fədakarlıq dərəcələrinə görə fərqləndiyi kimi, intizar hazırlığının da müxtəlif dərəcələri var. Bu baxışdan biri digərinə bənzəyir. Hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə bir hökumətin bayrağı altda durmağa layiq şəxs məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Ora yalnız layiqli şəxslərin yeridir. İmam Mehdinin (ə) zühur intizarının təsirləri barədə aşağıda verilən izahlara diqqət yetirək:

İNTİZAR – TAM HAZIRLIQ

Əgər mən özümə zülm edirəmsə, zülmkarların əleyhinə qalxacaq bir rəhbərin intizarını necə çəkə bilərəm? Əgər mən özüm də günahkar olub, pak deyiləmsə, yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə ola bilərəm? Böyük bir cihadın intizarını çəkən ordu hərbi hazırlığı və hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və bütün zəif nöqtələri islah etməyə cəhd göstərir. Amma dünyanın böyük islahatçısının qiyamının intizarını çəkmək, həqiqətdə bəşər tarixində inqilabların ən böyük və genişinin, ümumbəşəri çevriliş və dəyişikliklərin intizarıdır. Bu inqilab digər inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb cahanşümuldur, insanların bütün yaşayış yönlərinə – həm siyasi, həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə şamildir.

BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT

Belə dəyişiklik hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məsuliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.

Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!

Görəsən, bu intizarın özü ruhi, fikri və cismani çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.

Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mənəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət təsirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərindüşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mənası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz!

İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ

Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət təsiridir!

ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!

İmam Mehdinin (ə) intizarının digər mühüm təsirlərindən biri də çirkinlik və eybəcərliklərə qarşı islahat proqramıdır.

Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bəzən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər. Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.

İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!

Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də, ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.

Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sürətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik, hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.

Bir sözlə, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mənası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Quranın özü olmuş və bu haqda “Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

“Allah aranızda iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir!”

Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun dostlarıdır. Başqa bir hədisdə isə deyilir: “Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!” (“Biharul-ənvar”, qədim çapla 13-cü cild, səh. 14.)

Bu ayədə imam Mehdi (ə) və onun yaxınları ”iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı təmin edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin vəd və müjdələrdən məhrumdurlar! Budur imam Mehdinin (ə) intizarının müsbət təsiri!

Rza Şükürlü