Onlar diridirlər...

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsində buyurur:

وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ

Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız.”

Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. İnsanlardan bəziləri “fılankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.

Şəhidlərin nəinki adları və əməlləri diridir, hətta onlar bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda onlar üçün qəm-qüssə və qorxu yoxdur.

Düşmənlə döyüş meydanındakı ölüm, terror vasitəsi ilə ölüm, istənilən bir məkan və zamanda canın, namusun və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.

Bildirişlər

1. Məhdud dünya baxışlarını Allaha iman və Onun buyruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.

2. Şəhadət Allah yolunda olduqda dəyərlidir.

3. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.

4. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.

5. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 154-cü ayənin təfsiri.)

Maide.az