ORUC, TƏQVAYA APARAN PİLLƏKƏN

Oruc, təqvaya doğru bir pilləkəndir. Onun təmin olunması üçün sizin vücudunuz, ürəyiniz, ruhunuz vasitədir. Təqva budur ki, insan bütün əməllərində, davranışında gördüyü işin Allahın razılığına, ilahi əmrə uyğun olub-olmadığını nəzərə alsın. Bu nəzarətin, pəhrizin, daim özünü qorumanın adı təqvadır. 
Təqvanın əks tərəfi qəflət, diqqətsizlik, bəsirətsiz hərəkətdir. Allah həyati məsələlərdə möminin diqqətsizliyini bəyənmir. Mömin bütün işlərdə gözüaçıq, ayıq olmalıdır. Mömin insanın bütün həyat məsələlərində gözü açıq olmasının faydası budur ki, gördüyü işin Allahın iradəsinə uyğun olub-olmamasını başa düşür. İnsanda bu özünənəzarət formalaşdıqda onun əməli, sakitliyi, oturuşu, duruşu, hər addımı Allahın müəyyən etdiyi xətt üzrə olur. Bu ayıqlıq halı, diqqət, oyaqlıq təqva adlanır. Dinimizə isə pəhrizkarlıq kimi tərcümə olunmuşdur. Pəhrizkarlıqda məqsəd budur ki, insanda daim pəhriz hissi fəal olsun. Orucun faydası budur.  
 
TƏQVANIN MƏNASI
 
Bunun yolu budur ki, özünüzdə təqva tədarükü görün. Yəni, öz davranışınıza diqqət yetirin. Allahın əmrinə, qadağasına zidd bir iş görməyin. Bu, təqva deməkdir. Bir zaman ip ucu insanın əlindən çıxır və günah da edir. Amma mühüm budur ki, siz günah etməməkdə qərarlı olasınız. Bu, təqva əhval-ruhiyyəsidir. Sən özünə qarşı ayıqsansa, düşməninə qarşı da ayıqsan. Öz daxilindəki şeytandan ehtiyatlanırsansa, xarici şeytandan da ehtiyatlanırsan. Əgər daxilimizdəki şeytan bizə zərbə vura bilməsə, xarici şeytan üçün də bizə zərbə vurmaq asan olmayacaq. Bu, ramazan ayının ismarışıdır. “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183) Bu təqvanın müqəddiməsidir. Təqva isə məqsəddir, yekundur. 
 
YERİN, GÖYÜN BƏRƏKƏTLƏRİ
 
Ramazan ayı Allahın hər il bizim maddi dünyamızın yanar cəhənnəminə göndərdiyi, daxil etdiyi behişt tikəsidir. Allah bizə fürsət verir ki, özümüzü bu ayın ilahi süfrəsinin kənarında əyləşərək behiştə daxil edək. Bəziləri həmin otuz gündə behiştə daxil olurlar. Bəziləri otuz günün bərəkətindən bütün ili, bəziləri isə bütün ömürlərini behiştdə keçirirlər. Bəziləri də onun yanından qəflətdə ötürlər. Bu, təəssüf doğurucudur. İnsanın özü üçün də təəssüf doğurur. Başqaları da bu insanın bütün bu istedadlara, təkamül, yüksəliş bacarığına malik olmasına baxmayaraq, belə əzəmətli bir süfrədən yararlanmasını görəndə təəssüf edərsə, haqlıdır. Bu, ramazan ayıdır. İlahi ziyafət ayıdır. Qədr gecəsi ayıdır.
Bunları o qədər demişik, o qədər təkrar etmişik ki, bizim üçün adiləşmişdir. O insan kamilliyə yetir ki, həmin təkrarların içindən həqiqəti tapsın. Maddi bilik də belədir. Hamı ömür boyu almanın qırıldığı yerə düşdüyünü görüb. Dünyada bundan adi nə var ki? Amma bir nəfər başa düşdü ki, bu bir hadisədir. Nə üçün alma düşür? Nə üçün ağacdan qopduqda yuxarı getmir? Bu zaman cazibə qüvvəsi kəşf olundu. Bəşər elmində yeni qapı açıldı. Bizim həyatımızda adiləşmiş şeylər hamısı bu qəbildəndir. Quranda buyurulur: “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” ("Ğaşiyə", 17). Dəvə minən ərəb üçün dəvədən adi nə var? Quran insanın diqqətini o dəvəyə yönəldir. Biz ətrafımızı bürüyən bu ilahi hadisələrə diqqət yetirməliyik. Onlardan biri ramazan ayıdır. Bu ilahi ziyafət az şey deyil. Eşitmişik ki, ilahi ziyafət qonaqlıqdır. Bu qonaqlığın ev sahibi əzəmətli, bilici, kəramətli, qadir Allahdır. Bütün yaradılışa o hakimdir. Bu, ilahi ziyafətdir. Biz də bu ziyafətə dəvət olunmuşuq. Bundan istifadə etmək lazımdır. Necə istifadə etmək? Bundan istifadə bizim ixtiyarımıza verilən şeylərlə mümkündür. Orucla, namazla, nafilələrlə, dua ilə, zikrlə, diqqətlə, yalvarışla. Əgər bu meydana daxil olsaq, – biz ruhaniyik – başqalarını da bu meydana daxil etməyə çalışaq. O zaman bu ölkə behişt kimi bir yer olacaq, dünya və axirət işlərimiz düzələcək. “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”.("Əraf", 96). Bunlar ilahi vədədir. Bunlar mübaliğə, şişirtmə deyil. Allah yerin və göyün bərəkətini təqvalı xalqın üzünə açacaqdır.