Pentaqon: İraqdakı bazaların atəşə tutulması nəticəsində 34 ABŞ əsgəri xəsarət alıb

İraqdakı hərbi bazaların atəşə tutulması nəticəsində ümumilikdə 34 ABŞ əsgəri yaralanıb.
 
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman məlumat verib.
 
İran, yanvarın 3-də Bağdadda iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Amerika bazalarını bombalayıb. Həm prezident Donald Tramp, həm də Pentaqon tərəfindən səsləndirilən ilkin rəsmi məlumatlara görə ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
 
"Son məlumatlara görə, 34 əsgər kontuziya olub və beyni zədələnib", Hoffman ötən gün keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, hazırda səkkiz hərbçi ABŞ-da, digər 9 nəfər Almaniyada müalicə olunur. Qalanları İraqdakı bölmələrinə qayıdıb. /SalamNews