PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) MERACI CİSMANİ OLUB, YOXSA RUHANİ? (2)

Peyğəmbəri-Əkrəmin (s) merac səfəri ilə bağlı irəli sürülən iradların ən önəmlisi onun cismani olub-olmaması barəsindədir. Yəni o həzrətin merac səfəri cismani olub, yoxsa ruhani? Başqa sözlə, Peyğəmbəri-Əkrəm (s) bədəni ilə meraca gedib, yoxsa yuxuda ruhu səmaları gəzib dolaşmış və qəribəlikləri müşahidə etmişdir?

İslam alimləri arasında ən məşhur nəzər budur ki, o həzrətin merac səfəri həqiqət aləmində cismani olaraq baş vermişdir və bu, İslamın qəti və danılmaz məsələləri sırasındadır. Meracla bağlı ən düzgün nəzər də budur! Quran ayələri və İslam rəvayətləri də açıq-aşkar meracın həm cismani, həm də ruhani olduğunu sübut edir. Necə ki, böyük şiə fəqihi və təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” kitabında alimlərin bu haqda yekdil fikirdə olduğunu bildirmişdir.[1]

Həmçinin görkəmli şiə hədisçisi Əllamə Məclisi və məşhur əhli-sünnə təfsirçisi Fəxri-Razi belə yazırlar: “Tədqiqatçılar Quran ayələri, şiə və sünni təriqəti ilə nəql olunan “mütəvatir” rəvayətlərə əsasən, qəbul edirlər ki, mütəal Allah İslam Peyğəmbərinin (s) həm cismini, həm də ruhunu Məkkədən Məscidül-Əqsaya və oradan da göylərə qaldırdı. Bunu inkar edən, yaxud ruhani meraca yozan, yaxud onun yuxuda baş verdiyini deyənləri tədqiqat əhlindən hesab etmək olmaz, yaxud da deməliyik ki, onların imanı və yəqini zəifdir.”[2]

CİSMANİ MERACA DƏLİLLƏR

Meracın cismani olduğunu sübut edən dəlillər çoxdur. Lakin biz burada onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. “İsra” surəsinin 1-ci ayəsində bu haqda belə buyurulur:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir.”

Bu ayədə qeyd olunan “subhanəlləzi əsra bi-əbdihi” – ayəsinin mənası budur ki, mütəal Allah Öz bəndəsini seyr etdirdi. Bu ibarə meracın cismani olduğuna açıq-aşkar dəlalət edir. Çünki “əbd” (bəndə) sözü cisim və ruhdan təşkil tapan insana aid edilir.[3] Bu ayədən başa düşülür ki, Peyğəmbəri-Əkrəmin (s) merac səfəri cismani və oyaq halda olmuşdur. “Fılankəsi fılan yerə apardım!” – ibarəsi “röya və xəyal aləmində yox, cisim və ruhu ilə birgə apardım” mənasındadır. Onu deyən şəxs başqa bir mənanı nəzərdə tutarsa, mütləq müəyyən bir arqumentə söykənməlidir.

Ayətullah Cəfər Sübhani meracın cismani olduğunu təsdiq edərək yazır: “Qüreyş tayfası İslam Peyğəmbərinin (s) merac səfərini – Məkkədən Məscidül-Əqsaya və oradan da göylərə qalxdığını eşitdikdə, bərk narahat olub, onu təkzib etdilər. Merac hadisəsi onların arasında aktual mövzuya çevrildi. Əgər Peyğəmbəri-Əkrəm (s) bunu yuxuda görsəydi, Qüreyşin o həzrəti təkzib etməsi məna daşımaz və münaqişəyə səbəb olmazdı. Çünki “Mən bir gecə belə bir yuxu gördüm!” – ibarəsi heç zaman ixtilaf və münaqişə yaratmaz.[4] Qüreyşlilərin bu qədər hay-küyündən məlum olur ki, merac cismani olmuş və o həzrət də onun cismani olduğunu iddia etmişdir.

2. Uyğun ayənin əvvəlində işlənən “sübhanəl-ləzi” (Allah pak və müqəddəsdir) – ibarəsi bu mühüm hadisənin möcüzə, qeyri-adi olduğunu göstərir və camaatın onu danmaması üçün mütəal Allah Özünü hər bir eyib və qüsurdan pak bilir. Yoxsa, bədənsiz ruhun seyri bu sayaq təbiri tələb etməzdi!

3. Peyğəmbəri-Əkrəmin (s) merac səfəri ilə bağlı nazil olan “Nəcm”

surəsinin مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَى.لَقَدْ رَأَى مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَى  “Göz nə yayındı, nə də uzağa getdi. And olsun, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.” – ayəsində[5] “göz” sözü işlənir. Yəni Peyğəmbəri-Əkrəmin (s) gözü əsla xəta etmədi və Rəbbinin böyük nişanələrini olduğu kimi gördü. Bu iki ayədən aydın olur ki, merac səfəri röya və “mükaşifə” aləmində yox, cismani şəkildə və o həzrətin oyaq halında baş vermişdir.

4. Zəməxşəri “Kəbir” təfsirində Peyğəmbəri-Əkrəmin (s) merac səfəri ilə bağlı belə bir hədis nəql edir:

و قد عرج به إلى السّماء فى تلك الليلة،... و أنّه لقى الأنبياء و بلغ البيت المعمور و سدرة المنتهى

“Peyğəmbəri-Əkrəmə (s) gecə vaxtı səmaya aparıldığı zaman bəzi qəribəliklər göstərildi. O həzrət peyğəmbərlərlə görüşdü, “Beytül-məmur” və “Sidrətül-müntəha”ya (sonsuzluq) çatdı.”[6]

Bu hədisdə cismani meraca işarə edən “ərəcə” (meraca aparıldı) ifadəsi işlənmişdir. Bundan məlum olur ki, ruhani meraca dəlalət edən rəvayətlər Qurani-Kərimin zahirinə əks olduğundan rədd edilir.

Qeyd edilən bu nəqli dəlillərə rəğmən, aşağıdakı mətləblər də irəli sürülən şübhəni aradan qaldırır:

1. Merac hadisəsi sözsüz ki, adi bir məsələ deyil, əksinə İslam Peyğəmbərinin (s) möcüzələrindən biridir. Möcüzənin əqli parametrlərdən kənar olmadığını nəzərə almaqla, merac əqli baxımdan mümkündür və müasir elmlərə zidd deyildir.[7] Doğrusu, bəşər mütərəqqi elmi ilə cisimlərin yerini sürətlə dəyişdirən və yer kürəsindən uzaqlaşdıran bir texnika düzəltdiyi halda, hər şeyə qadir Allah Öz Peyğəmbərini (s) sürətlə səmaya aparan və bu istiqamətdə hər bir təhlükədən qoruyun minik vasitəsi yarada bilməzdimi?

2. İslam Peyğəmbərinin (s) meracı birinci möcüzə deyil, digər peyğəmbərlərin zamanında da ona bənzər hadisələr baş vermişdir. Məsələn, külək Süleyman peyğəmbərə tabe olaraq onu istədiyi yerə sürətlə aparırdı. Yaxud İsa peyğəmbərin Allaha doğru qaldırılması bu sayaq hadisələrdəndir. Qurani-Kərimdə buyurulur:

...وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا .بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ...

“...Onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır...”[8]

Demək, Qurani-Kərim nöqteyi-nəzərindən İsa peyğəmbərin səmalara aparılması və Süleyman peyğəmbərin külək vasitəsilə qısa müddət ərzində uzaq məntəqələri qət etməsi şübhəsiz məsələlərdəndir. İslam Peyğəmbərin (s) merac səfəri də ağlasığan və dərkolunan bir hadisədir və heç kim onu inkar edə bilməz.[9]

3. İslam baxımından yaradılış aləmi sirlər və qəribəliklərlə doludur. Bəşər yeni elmlərin tərəqqisi ilə onların bəzisini kəşf etmişdir. Buna 1400 il öncə ayə və rəvayətlərdə işarə edildiyi kimi, göy aləmində canlı varlıqların yaşamasını misal göstərmək olar. Halbuki bəşər elmi onu yenicə kəşf etmişdir. Məsələn, 1351/1/5 (hicri-şəmsi) tarixli “Fəza” (kosmos) jurnalının 6-cı sayında “Palomar radarı” ünvanlı məqalədə yuxarı aləmin əzəmət və böyüklüyünü belə vəsf edir: “Nə qədər ki, “Palomar radarı”na dəqiq aparatlar və teleskoplar qoyulmamışdı, təsəvvür etdiyimiz aləmin genişliyi 500 km işıq ilindən çox deyildi. Lakin teleskoplar qoyulduqdan sonra onun 1000000000 km işıq ilinə çatdığı məlum oldu və nəhayət, bəzisinin yaşadığımız dünya ilə milyonlar kilometr işıq ili qədər fasiləsi olan milyonlarla yeni kəhkəşanlar kəşf olundu. 1000000000 km il fasiləsi olan bu böyük qalaktika qaranlıq və qorxunc şəkildə gözə görünürdü. Şübhəsiz, həmin qaranlıq qalaktikada yüz milyonlarla kəhkəşan mövcuddur. Amma yüz milyonlarla kəhkəşanlara malik bu böyük aləm özündən böyük bir aləmlə müqayisədə kiçik zərrəcikdən başqa bir şey deyildir. Bununla belə, hələ də ikinci dünyanın fövqündə yeni bir dünyanın mövcud olduğuna inana bilmirik.”[10] (Qurani-Kərimdə yeddi göydən söz açılmışdır. “Səma” sözü lüğətdə yuxarı səmt mənasını daşıyır. Bu, xarici aləmdə müxtəlif konkret nümunələrə malik olan bir anlayışdır. “Yeddi səma”da məqsədin nə olması barəsində İslam alimləri və təfsirçiləri arasında müxtəlif bəyanlar mövcuddur. Onlar müxtəlif növ təfsir etmişlər, amma “yeddi səma” ifadəsinin məcazi yox, həqiqi mənada işlədilməsi daha düzgün nəzərə gəlir.)

Yalnız yuxarı aləmin minlərlə qalaktikalarından biri olan günəş adlı planetdə yüz milyonlarla digər günəş və parlaq ulduzlar vardır ki, astroloqların hesablarına görə, onların daxilində milyardlarla canlı varlıq yaşayan milyonlarla yaşayış kürəsi mövcuddur. Bu isə müasir astronomiya və kosmik elmlərinin bir nümunəsi kimi, səma aləminin bəzi qalaktikalarında canlı varlığın yaşamasını göstərir.[11] Amma dünyanın böyük radarları, rəsədxanaları və kosmik elmləri bəzi qalaktikalar və səma kürələrində canlı varlıq kəşf etməzdən on dörd əsr öncə Qurani-Kərimdə ondan söz açmışdır:

وَلِلّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مِن دَآبَّةٍ وَالْمَلآئِكَةُ وَهُمْ لاَ يَسْتَكْبِرُونَ

a) “Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edirlər.”[12]

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاء قَدِيرٌ

b) “Göyləri, yeri və onlarla yayıb səpələdiyi canlılar yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir.”[13]

c) İmam Əli (ə) buyurmuşdur: “Səmadakı ulduzlar yer üzünün şəhərlərinə bənzər şəhərlərdir.”[14]

4. Elm və texnologiya əsrinin alimləri bu elmi fərziyyəni qəbul edərək deyirlər: “Yerin cazibə dalğaları qısa zaman kəsimində dünyanın bir tərəfindən başqa tərəfinə ötürülür və öz təsirini göstərir. Varlıq təkamülü istiqamətində əqlin fövqündə duran aləmin orta nöqtəsindən işıq kimi sürətlə uzaqlaşan qalaktikalar ehtimal verilirsə, sözsüz ki, merac kimi bir fenomen də əqli baxımdan qeyri-mümkün deyil və yeni əsrin elmi üsulları ilə tamamilə uyğundur.”[15]

5. Kosmik uçuşlara dair bir çox maneələr vardır ki, onlar aşağıdakılardan ibarətdir:

a) Yerin cazibə qüvvəsi: ondan qurtarmaq üçün saatda minimum 4000 km sürət lazımdır!

b) Yerin fəza qatlarından kənarda oksigen çatışmazlığı: aydındır ki, insan oksigensiz yaşaya bilməz.

c) Yerin fəzasından kənarda mövcud olan Kosmik, Ultra və X kimi təhlükəli və öldürücü şüalar: bu şüalara azacıq belə məruz qalan insanın orqanizmi ciddi təhlükə ilə üzləşir.

Bütün bu problemlərlə belə, bəşər övladı elm qüvvəsi ilə onlara qələbə çalmış və səma kürələrinə səfər etmişdir. Bu isə meracın mümkünlüyünü bir daha sübut edir.

6. Merac məsələsi keçmişdə nəzərə uzaq gəlsə də, müasir dövrdə bəşər övladı elmin çiçəklənməsi ilə meracın əqli baxımdan mümkün olduğunu sübut edir. Çünki bəşər kosmik gəmilər düzəltməklə sürətlə yer səthindən uzaqlaşmağa və məxsus geyimlərlə yerin yuxarı səthindəki zərərli şüalardan qorunmağa müvəffəq olmuşdur. Artıq, bu gün elmi nailiyyətlər sayəsində yer kürəsini bir saat on dəqiqə müddətində dolanmaq mümkündür. Halbuki yüz il bundan öncə hər kim gələcəkdə belə bir işin baş verəcəyini iddia etsəydi, dəli adlandırılar, hətta yer kürəsinin hərəkətdə olduğunu deyən Bruney kimi yandırılardı.[16]

Bəşər öz məhdud qüdrəti ilə zahirdə qeyri-mümkün işləri mümkün edirsə, Peyğəmbər (s) Allahın izni ilə onu bacara bilməzmi? Şübhəsiz, ilahi qüvvə bəşəri qüvvələrin fövqündədir. Qadir Allah Musa peyğəmbərin əsasını əjdəhaya çevirdiyi kimi, hər bir qeyri-adi işləri də mümkün hala çevirə bilər.

Rza Şükürlü (Maide.az)



[1]. “Məcməül-bəyan”, 7-ci cild, səh.395.

[2]. “Biharul-ənvar”, Əllamə Məclisi, Beyrut, “Əl-vəfa” müəssisəsi, 18-ci cild, səh.289; “Məfatihul-qeyb”, Fəxri-Razi, 5-ci cild, səh.540-546.

[3]. “Təfsiri-nümunə”, 12-ci cild, səh.9.

[4]. “Füruği-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, “İslam təbliğat dəftərinin nəşriyyat mərzəki”, Qum, 9-cu çap, 1373-cü h.ş. ili, 1-ci cild, səh.386.

[5]. “Nəcm” surəsi, ayə 17-18.

[6]. “Əl-kəşşaf”, Məhmud Zəməxşəri, Beyrut, “Darul-kutubil-ərəbi” nəşriyyatı, 3-cü çap, 1407-ci h.q. ili, 2-ci cild, səh.647.

[7]. “İslam Peyğəmbərinin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.

[8]. “Nisa” surəsi, ayə 157-158.

[9]. “Biharul-ənvar”, 18-ci cild, səh.285.

[10]. “Təfsiri-nümunə”, 1-ci cild, səh.169.

[11]. “Tarixi-İslam əz ağaz ta hicrət”, Əli Dəvani, Qum, “Dəftəri intişarati-islami”, 1373-cü il, səh.22,

[12]. “Nəhl” surəsi, ayə 49.

[13]. “Şura” surəsi, ayə 29.

[14]. “Müstədrəki Səfinətul-bihar”, Şeyx Əli Namazi Şahrudi, Qum, “Ən-nəşrul-islami” nəşriyyatı, 1419-cu h.q. ili. səh.200,

[15]. “Meraci-Peyambər (s) dər didqahe-əql, vəhy və asari tərbiyətiye-an”, Məhəmmədrza İzədpur, “Kövsər” jurnalı, 68-cı say, 1385-ci ilin qışı.

[16]. “İslam Peyğəmbərinin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.