Peyğəmbərin (s) canişini

Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) gənclik çağları müsəlman ümmətinin gəncləri üçün bir nümunədir. Saf niyyət, sədaqət və uzaqgörənliklə həqiqəti dərk etmək, arxasınca tələsmək, bütün varlığı ilə haqqı müdafiə etmək, təhlükəli meydanları qət etmək, təhlükəni gözə almayıb bir heç hesab etmək, doğru yoldan iynənin ucu qədər də sapınmamaq, gözünü yalnız İslam Peyğəmbərinə (s) dikib onun yolunu addımbaaddım izləmək və يحذو حذو الرّسول “müntəzəm olaraq Peyğəmbərin qədəm qoyduğu yerə qədəm qoyurdu”. (“Məfatihul-cinan”, Nüdbə duası.)

Allahın və Onun Peyğəmbərinin (s) əmrləri qarşısında bütünlüklə təslim olmaq, eyni zamanda hər an öz elmini və biliklərini artırmaq, ömür boyu əməlini elmi ilə uyğunlaşdırmaq – Əmirəlmömininin (ə) gəncliyini məhz bu cür xarakterizə etmək olar. Əmirəlmömininin (ə) həyatının orta çağından başlayaraq yaşlı vaxtlarına qədər olan dövr də olduqca çətin və təəccüb doğuran sınaqlarla doludur. Bütün bunlara qarşı Həzrət Əlinin (ə) bitib-tükənmək bilməyən, olduqca gözəl tərzli səbrini müşahidə edirik. Əmirəlmöminin (ə) İslamın mənafeyini (dinin mənafeyinin təhlükə altında olduğu hər bir məqamda) hər şeydən, hətta özünün birbaşa hüququndan da üstün tuturdu. Əmirəlmöminin (ə) haqqının tapdalandığını gördüyü zaman qiyam edə bilərdi; o, heç kimdən qorxmurdu. Həm də Həzrət Əli (ə) elə bir şəxs idi ki, irəli keçsəydi, mütləq ardınca gələnlər olacaqdı. Lakin o Həzrət buyururdu: “Dinin əsaslarına zidd olan meyillərin qəlblərdə baş qaldırdığını, mövcud vəziyyətdən istifadə etmək istəyən düşmənlərin, müxaliflərin olduğunu gördüm. Elə buna görə də mən meydana atılıb dinin əsaslarının müdafiəsinə qalxdım. Öz haqqıma göz yumub üstündən keçdim.” (“Nəhcul-bəlağə”, 62-ci məktub.)

Həzrət Əli (ə) İslamın mənafeyini bu şəkildə – bütün varlığı ilə qorumağa çalışır. Allahın təqdiri ilə hakimiyyət növbəsi ona çatdıqda, camaat o Həzrətə (ə) müraciət edib hakimiyyət başına keçməsi üçün israrla təkid etdikdə isə böyük bacarıq və səriştə ilə iş başına keçir.

لايخاف فى اللَّه لومة لائم

“Allah yolunda heç bir qınaq və məzəmmətdən qorxmurdu”. (“Biharul-ənvar”, c.68, səh.360.)

Heç nədən qorxmur, heç bir qınaq onu öz doğru yolundan qaytara bilmir. Mükəmməl bir meyar məhz Əmirəlmöminin Əlidir (ə). Gerçəkdə o Həzrət şiənin bu qədər yüksək qiymətləndirdiyi və belə bir uca məqama şamil etdiyi dahi bir insandır. (Ali Rəhbər Ayətullah Xameneinin mübarək Qədir-Xum bayramında xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşündə etdiyi çıxışdan bir hissə – 6 /12/ 2009.)

Maide.az – Maarif bölümü