Psixoloqdan valideynlərə xəbərdarlıq

“Mətbuat.az  saytı “Psixoloqdan valideynlərə intihar xəbərdarlığı “Ali məktəbə girməyən uşaqlara” sərlövhəli məqalədə ekspertlər valideynlərə müraciət edirlər.
 
Müraciətin səbəbi də budur ki, ali məktəblərə imtahanlar başa çatıb, qəbul olmayan gənclər bunu faciə sayaraq bəzən intihara əl atırlar.
 
Psixoloq İlahə Dəmirbəyə görə, valideynlər bu dönəmdə övladlarına dəstək olmalıdırlar.
 
İ.Dəmirbəy hesab edir ki, ixtisas seçimində və s. valideynlər uşağı nəyəsə məcbur etməməlidirlər.
 
Digər psixoloq Gülnar Orucova da iddia edir ki,  uşaqların intihara əl atmasının səbəbi sırf valideynlərin davranışı olur: “Universitetə qəbul olmayan gənclərin intihar hadisələrini demək olar hər il görürük. Lakin illər öncə biz bunu görmürdük, son 3-5 ildə tez-tez bu intiharlarla rastlaşırıq. Bəzən valideynlər universitetə girməyi uşaqların gözündə o qədər böyüdür ki, uşaqlar universitetə girməməyin dünyanın sonu olduğunu düşünürlər.
 
Onun fikrincə, ali məktəbə daxil olmağı həyatda əsas məqsəd sayn gənc bu məqsədə çatmadıqda intihara əl atmağı çıxış yolu sayır.
 
“Universitetə daxil olmamaq dünyanın sonu deyil, valideynlər hər bir halda övladlarının yanında olmalıdırlar. Əgər bunu etməsələr, uşaq depressiv vəziyyətə düşür və intihara əl atır”, - psixoloq xəbərdarlıq edir.