Putin-lə Kim əlaqələri sıxlaşdırmağı vəd edirlər

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong Un ilk təkbətək görüşlərində münasibətləri sıxlaşdırmaq vədi veriblər.
 
Görüş Rusiyanın Vladivostok liman şəhərində universitet şəhərciyində baş tutub. Bu görüş Birləşmiş Ştatların Koreya Yarımadasının nüvə silahlarında təmizlənməsi üzrə Pxenyanla razılaşma əldə etməyə çalışdığı dönəmə təsadüf edir.
 
Putinlə Kim aprelin 25-də əl sıxaraq konfrans zalına keçib, kameralar qarşısında bir-birini salamlayıblar.
 
Putin ümidvar olduğunu deyib ki, Kimin səfəri “bizim Koreya yarımadasında həllə hansı vasitələrlə nail olmaq, birlikdə nə etmək, Rusiyanın hazırda gedən pozitiv prosesləri dəstəkləmək üçün nə edə biləcəyini daha yaxşı anlamağımıza kömək edəcək”.
 
“Sözsüz ki, sizin Koreyalar arasında dialoqu inkişaf etdirmək, Şimali Koreya-ABŞ münasibətlərini normallaşdırmaq cəhdlərinizi alqışlayırıq”, – Putin vurğulayıb.
 
Kim Putinə deyib ki, bu görüş Rusiya ilə Şimali Koreyanın münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək.
 
“Dünyanın diqqəti Koreya Yarımadasına yönəldiyi bir məqamda Koreya yarımadasında siyasəti birgə dəyərləndirmək, baxışlarımızı bölüşmək, koordinasiya etmək və öyrənmək üçün çox mənalı dialoq aparacağıq”, – Kim söyləyib.
 
Putinlə Kim üzbəüz görüşür, ABŞ növbəti imkanı gözləyir
 
Şimali Koreya lideri Kim Jong Un deyib ki, o Rusiya prezidenti Vladimir Putinlə ilk üzbəüz görüşünün “uğurlu və faydalı” keçəcəyinə ümid bəsləyir.
 
İki lider bugün, aprelin 25-də Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində görüşəcək. Kimi aprelin 24-də Vladivostok vağzalında milli geyinmli qızlar duz-çörəklə qarşılayıblar.
 
Rusiyanın dövlət televiziyasına müsahibəsində Kim deyib ki, onun Putinlə görüşdən məqsədi “Koreya yarımadasında yaranmış vəziyyətin yoluna qopyulmasıdır”.
 
Moskva və Pxenyan hələ sovet dövrlərindən ənənəvi olaraq sıx münasibətlərdə olublar. Lakin 1991-ci ildə Sovet İttifaqının çökməsindən sonra Moskvanın Pxenyana maliyyə dəstəyi zəifləyib və münasibətlər soyuyub.
 
Amma son iki ildə Şimali Koreya və Rusiya arasında yenidən yaxınlaşma prosesi başlanıb, hərçənd Moskva Pxenyan üzərində Pekin qədər böyük təsirə malik deyil. /azadliq.org /