Qarabağa dəstək yürüşündən sonra həbs olunanların valideynləri narazıdır

İyulun 14-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə əlaqədar həbs olunmuş şəxslərin bir qrup valideynləri avqustun 10-da Baş Prokurorluğun qarşısına toplaşıb.
 
Şikayətçilərin sözlərinə görə, onlar həbs olunanların taleyindən narahatdılar. Onlar həmçinin bildirib ki, həbs olunanların bəziləri ümumiyyətlə Qarabağa dəstək yürüşündə iştirak etməyib. "Fuad Qəhrəmanlının taleyindən narahatıq. Bəxtiyar İmanov həmin gün heç evindən çıxmayıb, amma ona üç maddə ilə cinayət işi açıblar, buna etirazımızı bildiririk", aksiyada qeyd edilib.
 
Həbs olunanların valideynlərinin bəziləri övladların əvəzinə onların özlərini həbs etməyi təklif ediblər. "Vətəni sevmək cinayətdirsə gəlsinlər bu gün məni da həbs etsinlər, çünki mən 1988-ci ildən Şuşadan başlayaraq Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il erməni işğalçılarına qarşı mübarizə aparmışam…", deyə vurğulanıb.
 
 
Etirazçılar bildirib ki, onlara həbs olunanlarla əlaqə saxlamağa imkan yaradılmır. "Heç bir əlaqə saxlaya bilmirik. Bir dəfə paltarını göndərmişəm, bir dəfə isə ərzaq aparmışam. Orada isə mənə heç bir məlumat vermirədilər. Həddindən artıq etinasız yanaşırlar. Mən nə istəyirəm ki? Oğlum haqqında hər hansı bir formada məlumat almaq istəyirəm. Heç bir sübut olmadan ona xəstəlik yaymaq maddəsi verilib, vərəm xəstələri üçün müəssisəyə aparıblar. Ailədə altı nəfər yaşayırıq. Mənim oğlum əgər xəstədirsə deməli biz hamımız xəstə olmalıyıq. Ancaq bu yoxdur axı", deyə onlardan biri qeyd edib.
 
Baş Prokurorluğun nümayəndəsi şikayətçilərə bildirib ki, qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov həbs olunmuş şəxslərin valideynlərini bu gün, avqustun 10-da qəbul edəcək.
 
Şikayətlərə ayrılıqda isə BaşProkurorlluqdan, hələlik, münasibət almaq mümkün olmayıb. / azadliq.org/