Qarabağa gedən Türkiyə vətəndaşlarına qarşı cinayət işi qaldırılıb

Azərbaycanda ölkənin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşına qarşı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun 28 sentyabr tarixli məlumatında bildirilir.
 
Mənbənin məlumatına görə, sentyabrın 22-də Ufuk Uras, Əli Bayramoğlu, Səid Çekinoğlu və Erol Qatırçıoğlu erməni tərəfi ilə əlbir olaraq Azərbaycan hakimiyyətinin razılığı olmadan qanunsuz olaraq Dağlıq Qarabağa səfər ediblər.
 
Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi CM-in 318.2-ci maddəsilə (Azərbaycanın dövlət sərhəddini qanunsuz keçmə) cinayət işi qaldırıb.
 
Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib. Onların barəsində dövlətlərarası axtarış elan edilib.
 
Onların tutulması və istintaqa cəlb edilməsi üçün Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət göndərilib.
 
Xatırladaq ki, sözügedən şəxslər Qarabağ separatçılarının rəhbərliyilə görüşüb. Missiyanın məqsədi açıqlanmır. Ancaq nümayəndə heyətinin tərkibində etnik ermənilərin olduğu ehtimal edilir.
 
Türkiyə XİN və digər rəsmi qurumlar hələlik vəziyyəti şərh etməyib.(contact.az) /