Qiymət endirimləri, yoxsa hökumətlə oliqarx biznesmenlər arasında müvəqqəti sövdələşmə?

İqtisadçı-ekspert: “Hökumət qısamüddətli nəticələrə səbəb olacaq addımlardansa, ciddi struktur islahatları həyata keçirməlidir...”

İkinci devalvasiyadan sonra ərzaq məhsullarının qiymətində kəskin artım oldu. Bu artımın bəzi işbazların yaratdığı süni qiymət artımı olduğunu deyən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparır. Bəs bunun nəticəsi varmı?

 
Bunu öyrənmək üçün bazar və marketlərə üz tutduq. Marketlərdə cüzi ucuzlaşma olsa da, bazarda bunu daha çox hiss etmək olurdu. Belə ki, baş çəkdiyimiz “Yaşıl bazar”da kənd təsərrüfatı məhsullarının qiymətində azalma müşahidə etdik. Əvvəllər 3 manat 50 qəpik 6 manata satılan badımcanlar indi 3-4 manat arasında, 3 manata satılan pomidor indi 2 manat, 2 manat 50 qəpiyə, 3 manat 50 qəpiyə, 4 manata satılan xiyarlar isə 2 manata satılırdı. 1 manat 50 qəpiyə satılan kartof 1 manata, 1 manata satılan soğan 70-80 qəpiyə satılırdı. Balıqların qiymətində isə heç bir artım ya da azalma yox idi. Ətin də qiymətində heç bir dəyişiklik olmadığını deyən qəssablar elə əvvəlki qiymətə, dana əti 7 manat 50 qəpiyə, qoyun ətini isə 8-10 manat arasında satırdılar. Qəssablar hətta alıcı olarsa, qiymətdə mümkün olan qədər aşağı da düşdüklərini deyirdilər. Kartof, soğan satıcısı isə deyir ki, kartof soğanın qiyməti az da olsa düşüb. İndi nisbətən ucuz alırıq deyə, ucuz da veririk. Digər ərzaq məhsullarının qiyməti düşsə, bazarlarda da xeyli ucuzlaşma olacaq".
 
Satıcı Əfruz Əliyeva isə alıcıların azlığından gileylənir: “Pomidorun kilosunu 2 manata verirəm, amma yenə alan azdır. Bayaq bir müştəri gəldi ki, 1 manat 50 qəpikdən ver. Verdim getdi. Heç tərəziyə qoyub çəkmədim. Camaatın vəziyyəti ağırdır. Mən baha verməklə kim gəlib alır, heç kim. Məhsul əlimdə qalır. Ona görə də ucuz satıram”.
 
Alıcıların da fikrini öyrənməyə çalışdıq. Bazarda alış-veriş edən Səbuhi Allahverdiyev ucuzlaşma olsa da bunun elə də böyük məbləğlərdə olmadığını dedi: “Az da olsa ucuzlaşma var. Oda bütün məhsullarda deyil, bəzilərindədir. Yaxşı olardı ki, qiymətlərdə nəzərə çarpacaq endirimlər etsinlər ki, əhalinin bazarlıq etməyə cibindəki pul yetsin”.
 
Marketlərdə isə vəziyyət bir qədər fərqli idi. Belə ki, marketlərdə endirimlər çox az idi. Bəzi marketlərdə yumurta yenə 20 qəpiyə bəzilərində isə 16-18 qəpiyə satılırdı. Mağazalarda daha çox unun, yumurtanın qiyməti düşmüşdü.   
 
Maraqlıdır, iqtisadçılar şərhlərində deyirdilər ki, bazar iqtisadiyyatı şəraitində süni qiymət artımından söz gedə bilməz, bu terminin sovet dönəmindən qaldığını və unudulması gərəkdiyini deyirdilər? Bəs hazırkı vəziyyəti necə adlandırmaq olar? Doğrudanmı, lazımı ərzaq məhsullarının qiymətini insanların büdcəsinə uyğun  dərəcədə ucuzlaşdırmaq olar?
 
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, hazırkı xırda ucuzlaşma dövlətlə oliqarx biznesmenlərin arasında müəyyən razılığı əsasındadır və insanların adaptasiya prosesindən sonra yenə qiymətləri qaldıracaqlar: “Biz devalvasiya baş verən gün açıqlamalarımızı verdik ki,  növbəti dövrlərdə devalvasiyanın sosial yükünü nisbətən yumşaltmaq məqsədi ilə hökumət adminstrativ təzyiqlər formasında qiymət bahalaşmasının qarşısını almağa cəhd göstərəcək. İlk fevral devalvasiyasında bu kimi təşəbbüslər hökumət tərəfindən daha yüksək səviyyədə olsa da, ikinci devalvasiyada müəyyən qədər boşluq yarandı. Sonrakı dövrlərdə, xüsusilə də regionlarda bununla bağlı əhalinin etirazlarının başlaması hökumətin bu istiqamətdəki səylərini nisbətən artırdı. Təbii ki, bazar iqtisadiyyatı olan bir ölkədə süni qiymət artımı, işbaz kimi ifadələrin işlədilməsi doğru və real deyil. Bazar şərtlərinin, liberal iqtisadi mühitin normal olduğu, monopoliyanın olmadığı təqdirdə heç kim  bununla bağlı amillərdən danışa bilməz. Əgər Azərbaycanda bununla bağlı söhbətlər gedirsə, hamısı normal iqtisadi mühitin olmaması səbəbindəndir”.
 
İqtisadçı bildirdi ki, bazarda qiymətlərin tələb və təklif əsasında formalaşmalıdır: “İdxal məhsullarının qiymətində artım mütləqdir. Çünki bunlar xarici valyuta ilə alınır. Xarici valyuta isə Azərbaycanda dəyərini keçən illə müqayisədə 20 faiz itirib. Yerli istehsalın da 80-90 faizi idxal xammalından asılıdır. Bunların da qiymətinin bahalaşması normaldır. Kənd təsərrüfatı işi ilə məşğul olan insanın dollarla krediti varsa, bunu ödəmək, qiymətlərin bahalaşması fonunda ailəsini saxlamaq üçün   daha çox manat qazanmalıdır. Burada aparılan makro-iqtisadi siyasətin fəsadlarını kəndçinin üzərinə yığmaq doğru deyil. Qiymətlərin ucuzlaşması ilə bağlı taxıl məhsullarının idxalı ilə bağlı olan 8 faizlik əlavə dəyər vergisinin götürülməsi maya dəyərinə müəyyən qədər təsir göstərir. Digər tərəfdən şirkətlərin bəziləri müəyyən səviyyədə qiymət artımına gediblər və hələ də qiymətləri ucuzlaşdırmayıblar.
 
Azərbaycanda olan iqtisadi mühit və biznesin strukturu şərait yaradır ki, hansısa dövlət qurumu hansısa formada biznesmenə, oliqarxa təzyiq göstərsin. Yaxud dövlətlə oliqarx hansısa formada insanlardan yaradılmış avantajdan əldə olunmuş monopoliya gəlirlərinin bir hissəsini israf etməklə müvəqqəti olaraq qiymətləri müəyyən qədər aşağı salır və ya sabit saxlayır. İnsanlar prosesə adaptasiya olduqdan sonra qiymətlərin yenidən qaldırılması prosesini həyata keçirmək üçün hökumət qurumları ilə monopolist biznes arasında bir centelmen razılıq ola bilər. Azərbaycan reallığında sahibkarlara, oliqarxlara bu istiqamətdə tövsiyələrin verilməsi və ya tələblərin olması realdır. Bütün bu proseslərin nəticəsində itirən Azərbaycan vətəndaşı, azərbaycanlı istehlakçıdır. Düşünürəm ki, hökumət qısa müddətli nəticələrə səbəb olacaq addımlar atmaqdansa, ciddi şəkildə struktur islahatları həyata keçirməlidir. Eyni zamanda liberal iqtisadi mühitin, bazar iqtisadiyyatının formalaşdırılmasına start verməyin vaxtıdır”.