Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölənlər var

Hadisə Qırğızıstan-Tacikistan sərhədinin Batken bölgəsinin Leylək rayonundakı razılaşdırılmamış sahəsində baş verib.
 
Maide.Az "Anadolu" agentiyinə istinadla xəbər verir ki, Tacikistan və Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir qırğız və üç tacik əsgəri həlak olub.
 
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Qırğızıstan sərhədi "Maksat" və "Sai" sərhəd-keçid məntəqələrinin Tacikistan tərəfdən atəşə tutulması nəticəsində bir qırğız hərbçisi həlak olub. Həmçinin, yeddisi hərbiçi olmaqla 13 Qırğızıstan vətəndaşı yaralanıb.
 
Asiya Plus-un məlumatına görə, Tacikistan-Qırğızıstan sərhədində üç tacik əsgəri  həyatını itirib, beşi yaralanıb.
 
Batken bölgəsinin Leylək rayonunda təhlükəsizlik tədbirləri gücləndirilib və nəzarət-keçid məntəqəsi müvəqqəti dayandırılıb.
 
Sentyabrın 14-də bəzi Qırğızıstan vətəndaşları tacikistan tərəfini Tacikistanla sərhəddəki razılaşdırılmamış sahədə tikinti işlərini dayandırmağa çağırmışdılar.