Quranda islami təfəkkür tezisi kitabı - 18-ci məclis

DƏVƏTİN İLKİN NƏĞMƏLƏRİ

Bazar günü – 1974-10-06

Ramazan ayının 19-u.

بسم الله الرحمن الرحيم

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

Biz hər ümmətə peyğəmbər göndərdik ki,Allaha ibadət edib tağutdan çəkinəsiniz!Onlardan bir qismini Allah hidayət etmiş, bir qismi isə azğınlığa düçar olmuşdur.Yer üzündə gəzib dolanın, görün ki, (azğınlığa yuvarlanıb peyğəmbərləri) təkzib edənlərin axırı necə oldu!

“Nəhl” surəsi, ayə 36.

 

Ötən günlərdəki bəhslərimizin sayəsində bizə aydın oldu ki, peyğəmbərlərin missiyası və onların gəlişində məqsəd nədir? Onlar öz işlərini necə davam etdirdilər? Öz hədəflərin hansı yolla təmin etdilər? Bugünkü söhbətimizin mövzusu isə budur: “Peyğəmbərlərin dəvətinin ilk nəğməsi nə olub? Görəsən, böyük ilahi peyğəmbərlər yerinə yetirmək istədikləri işi, yəni cəhalət və şirkin hakim olduğu sistemi aradan qaldırıb onun yerində ilahi cəmiyyət və hökumət qurmağı həyata keçirmək üçün haradan başlayırdırlar?”

Başlanğıc nöqtəsi çox mühüm bir məsələdir. Bir insan, yaxud bir zümrə və cəmiyyət, yaxud bir məktəb və məsləkin hər hansı bir fəaliyyətində – yerinə yetirmək istədiyi filan işdə, filan tədbirdə, filan məktubun yazılmasında qarşılaşdığı ən önəmli məsələlərdən biri də “Haradan başlayaq?” – sualını cavablandırmaqdır. Başlanğıc nöqtəsi çox önəmlidir.

Başlanğıc nöqtəsi düzgün və yerində seçilərsə, işin və tədbirin nəticə verməsinə ümid hissi də artacaqdır. Başlanğıc nöqtəsində səhvə yol verildikdə isə nəticə və məqsədə çatmaqda çətinliklər yaranacaqdır. Başlanğıc nöqtəsi ona görə önəmlidir ki, uğur və müvəffəqiyyətin faiz dərəcələrinin yüksəkliyi işin başlanğıc nöqtəsindən asılıdır.

Peyğəmbərlərin fəaliyyətlərinə gəldikdə isə, əvvəla, onların fəaliyyətlərini o zaman dəyərləndirə bilərik ki, onların işlərinin başlanğıc nöqtəsi haqda məlumatımız olsun. Onların fəaliyyəti ilə bağlı əhatəli məlumata sahib olmaq üçün onların işə haradan başladıqlarını öyrənməyimiz yerinə düşər. Bununla yanaşı, bu, bizim üçün həm də ibrətamizdir. Peyğəmbərlərin özünəməxsus metodla əməl sahibi olduqlarını gördükdə, bu, bizim üçün ibrət dərsi ola bilər; belə ki, onların məktəbinin davamçısı və yolunun yolçusu ola bilərik. Bir sözlə, bu məsələni bir neçə prizmadan təqib etməyimiz faydalıdır.

Bu kağızda[1] sizin üçün qeyd etdiyimiz kimi, böyük ilahi peyğəmbərlərin fəaliyyətlərinin başlanğıc nöqtəsi öz məktəblərinin əsası və həqiqətini bəyan etmək idi. Onlar ictimai və etiqadi çevrilişin başlanğıcında insanlara əsla yaltaqlıq etmədilər. Onlar heç vaxt insanları hansısa zaman kəsimində müxtəlif sözlər və şüarlarla başlarını qatmadı, azacıq uğur və müvəffəqiyyət qazandıqdan sonra əsas şüarlarını təqdim etmədi. Əksinə, elə ilk gündən sədaqət və doğruluqla özlərinin həqiqi və son hədəflərini dilə gətirdilər. O hədəf nə idi? O hədəf tövhiddən ibarət idi.

Ötən günlərdə şərh etdiyimiz kimi, “tövhid” peyğəmbərlərin məktəbinin hər şeyidir. Tövhid və ilahi maarif insan ruhunun təkamül səbəbidir, bu da peyğəmbərlərin ən ali və son hədəfdir. Həm də tövhid tezisi ilahi hökumət, ədalətli və təbəqəsiz cəmiyyət, istismarsız və zülmsüz sistem qurmaq mənasını ifadə edir. Bu isə ötən məclisdə qeyd etdiyimiz kimi, insanın təkamülə çatmasında zəruri olan münasib mühitdən ibarətdir.

Tövhid peyğəmbərlərin məktəbinin hər şeyidir; həm onların son məqsəd və qayəsini – Allahın varlığı və yeganəliyinə etiqadı – təmin edir, həm də insanın yetişməsində, özünüislah mexanizminin tətbiqində zəruri sayılan mühitdəki ən gözəl və ən aydın şüardır. Çünki tövhid cəmiyyətinə yalnız Allah hakimdir, ona Allahdan qeyrisi hökmranlıq etmir, heç kim başqasının çiyninə təklif qoya, başqası üçün qanun çıxara bilmir. Tövhid cəmiyyətində heç kim, hətta Allahın nümayəndəsi olan peyğəmbər belə insanları özünə pərəstişə dəvət etmir. “Maidə” surəsinin 116-cı ayəsində buyurulur:

وَإِذْ قَالَ اللّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـهَيْنِ مِن دُونِ اللّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي

(Ey Rəsulum!) Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? (İsa cavabında) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin...

“Ali-İmran” surəsinin 79-cu ayəsində bu məsələ daha aşkar şəkildə belə açıqlanır:

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادًا لِّي مِن دُونِ اللّهِ

Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin...”

Heç bir peyğəmbərin “Ey camaat, mənə qul olun!” – deməyə haqqı yoxdur. Aydındır ki, peyğəmbərlər camaata açıq-aşkar bu sözü deməz, məqsəd odur ki, insanları Allahın haqqı olan yerlərdə öz əmrlərinə qeyd-şərtsiz itaətə dəvət etmək onlara yaraşmaz. Peyğəmbərlər və Allahın seçdiyi bəndələrin Onun mülkü və hakimiyyət dairəsində təsərrüf etməyə haqqı yoxdursa, başqalarının vəzifəsi bəllidir. Tövhid ideologiyası bəşəriyyət tarixində insanlara zor tətbiq edən, mükəlləfiyyət və işgəncələr altında saxlayan, tövhid ideologiyasına zidd rəftar edən siyasi güclər, zülmkarlar və quldurları inkar edir. Tövhidin mənası budur. Əgər kimsə tövhidin bu mənasını anlamırsa, sözsüz ki, ya bu haqda mütaliə etməmiş, ya da lazımi düşüncəyə sahib deyildir. “İbadət və itaətdə tövhid” Qurani-Kərimin ən aydın məsələlərindəndir. Əlbəttə, tövhid bəhsində qısa şəkildə işarə etdik ki, peyğəmbərlər cəmiyyətə daxil olub “Lə iləhə illəllah” – (Allahdan başqa, heç bir məbud yoxdur) kəlməsini deyən kimi, bütün dost və düşmən hadisənin mahiyyətindən xəbərdar olurdu. Bunu diqqətdən qaçırmayın; bu, çox mühüm məsələdir.

Məsələnin əhəmiyyəti burasındadır ki, peyğəmbərlərin dönəmində yaşayan insanların şüur və həssaslığı nə üçün bizim kimi sonrakı nəsillərdə yoxdur? Peyğəmbərlərin gəlib cəmiyyətə daxil olduğu elə ilk gündən dostları və düşmənləri bilindi. Bizim Peyğəmbərimiz (s) “Nur” dağı və “Hira” mağarasından enib fəzilətlər qəbiristanlığının şoranlıq torpağında tövhid səsini ucaltdıqda, elə ilk gündən müxalifətə qalxdılar. Lakin müxalifət forması fərqli idi; ilk gündən düşmənlər ayırd edildi, onlar elə ilk gündən Peyğəmbərlə (s) müxalifətçilik etdilər və bu, heç kimə gizli qalmadı. Həmçinin, o Həzrəti qəbul edən şüur və düşüncə sahibləri də Peyğəmbərin (s) nə dediyini və dəvətinin nə olduğunu elə ilk gündən hamıdan tez anlamışdılar.

Beləliklə, bizim Peyğəmbərimizin peyğəmbərliyə seçildiyi ilk gündən həm o Həzrətin himayə etdiyi və onlar üçün gəldiyi dostları və tərəfdarları, həm də mübarizə apardığı düşmənləri – hər iki dəstə o Həzrətin dəvətinin nə olduğunu və nə demək istədiyini anlamışdılar. Halbuki, mən və sən hələ də onu düzgün anlaya bilmirik. Mənim buradan fəryad edərək İslamın zəruri məsələləri haqqında danışdığım, aydınlatmaq üçün dəlil-sübut gətirdiym və bəhs etdiyim yeni mətləbləri Peyğəmbərin (s) dövründə yaşayan o bədəvi ərəblər elə ilk gündən anlamışdılar.

Bu gün biz sizinlə tövhidin həqiqəti, Rəbbin qüdrətindən başqa, bütün qüdrətlərin inkarı ilı bağlı etdiyimiz söhbətləri Əbu Ləhəb, Vəlid ibn Müğeyrə Məxzumi, Qüreyş tayfasının başçısı Əbu Cəhl və digər qüreyşlilər elə ilk gündən başa düşmüşdülər. Onlar Peyğəmbərin (s) “Lə iləhə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur) nidasını eşitdikdə, o Həzrətin insanları yalnız etiqadi bir məsələyə deyil, həm də ictimai məsələyə dəvət etdiyini – Üməyyə ibn Xələf, Vəlid ibn Müğeyrə, As ibn Vail və onlar kimilərinin inkar edilməsini anlamışdılar. Anladıqları üçün də müxalifətə qalxmışdılar.

Siz elə düşünürsünüz ki, Qüreyş kafirləri, küfr və zəlalət öndərlərinin Peyğəmbərlə (s) müxalifətinin səbəbi onların ictimai mövqe və məqamlarının təhlükəyə düşəcəyindən başqa bir şey idimi? Onların bütlərə ürəkləri yanırdımı? Onlar bütlərə bu qədərmi iman gətirmişdilər? Biz cəmiyyətin elit təbəqəsinin həqiqi mömin, öz dinləri və müqəddəsləri uğrunda fədakar olan və can yandıran olduğunu heç zaman görməmişik, tarix boyu hər kim deyibsə də özündən deyib və təcrübə də onların yanıldığını göstərir. Vəlidlərin, Ümməyələrin, Asların və onlar kimilərin dinə hədsiz bağlılıqları mənasızdır; məsələn, belə deyil ki, onlar öz bütlərinə hədsiz bağlı olduqları üçün Peyğəmbərin (s) onların bütlərinə hörmətsizlik etdiyini gördükdə, o Həzrətlə müxalifət və mübarizəyə qalxarlar. Onlarda elə güclü iman da yox idi və ola bilməzdi də. Düzdür, bütlərə etiqad və təəssübkeşlikləri var idi, lakin onlar üçün ictimai məsələlər daha çox əhəmiyyət kəsb edirdi.

Onlar tövhid ideologiyasının öz hökmranlıqları və ağalıq saraylarına, bütlər və tanrılara qarşı çıxıdığını, tövhid cəmiyyətinin formalaşdığını, bu cəmiyyətdə yalnız ilahi qanunların hökm sürdüyünü və məhz Allaha itaət olunduğunu görürdülər.

Onlar görürdülər ki, ilahi cəmiyyətdə insanlar bərabər hüquqa sahibdirlər. Onlar tövhid ideologiyasına əsaslanan bir şəxsə, bir cəmiyyətə və bir sistemə ayrı-seçkilik, sosial təbəqələşmə və zülmkarlığın hakim olmamasını dərk edirdilər. Onlar hər şeyi anladıqları üçün də bu sistemlə razılaşmır və müxalifətçilik edirdilər. Firon da, Nəmrud da, Həzrət İsanın dövründə Bəni-İsrail öndərləri də, Ad və Səmud qövmləri də onlar kimi idilər. Qurani-Kərimdə tutarlı və əsaslı şəkildə onlardan söz açılır. Peyğəmbərlər cəmiyyətə daxil olduqda, hər şeydən əvvəl Allahdan başqa, heç bir məbudun olmadığını dilə gətirirdilər. Onların ilk kəlməsi elə bu olurdu. Onlar bu kəlməni deyən kimi, səflər ayrılırdı, müxalifətçiliklər, ziddiyyətlər və onlara qarşı hiylələr başlayırdı; hətta bəzi hallarda müxalifətçiliklər onların ölümü ilə nəticələnirdi.

Peyğəmbərlərin dəvətinin ilk nəğməsi (nidası), missiyalarının başlanğıc nöqtəsi və son sözü tövhid kəlməsinin (Lə iləhə illəllah – Allahdan başqa, heç bir məbud yoxdur) elanı idi. Onlar son sözü işin əvvəlində deyirdilər. Dünyada Allah və dinlə əlaqəsi olmayan siyasi məktəb və partiyaların sözü olmadığından, bir müddət cəmiyyəti yalan və boş şüarlarla aldadır, onlara yersiz arzularla təskinlik verirlər. Sonda da məqsəd və məramlarının başqa şey olduğu üzə çıxır. Necə deyərlər, dava (Molla Nəsrəddinin) yorğan davası imiş.[2] Əsl həqiqətdə isə sözləri yoxdur. Peyğəmbərlər isə düzdanışan, səmimi və sözlərini elə işin başlanğıcında deyən olmuşlar. Onlar məqsəd və niyyətlərini elə əvvəlcədən xalqa – həm varlı, həm də yoxsul təbəqəyə çatdırırdılar. Elə əvvəlcədən xalqa deyirdilər ki, bizim məqsədimiz o yuxarıdakıları çəkib aşağı salmaq, aşağıdakıları yuxarı qaldırmaq və onları bərabərləşdirməkdir. Onlar bunu öncədən deyirdilər.

Görəsən, belə danışıq tərzinin (sədaqətin) faydası nədir? Əgər peyğəmbərlər də xalqı aldatsaydılar, nə baş verərdi ki? Onlar da bir müddət xalqın başını boş və mənasız sözlərlə qatsaydılar və sonda öz hədəflərinin təmin olunması istiqamətində məqsədlərində olmayanı öz məqsədləri kimi göstərməyə çalışsaydılar, nə eybi olardı? Eybi odur ki, din bəsirət və agahlıqla birgədir. Dində kor-koranə və cahilanə imanın faydası yoxdur. Din ona üz tutan və onun məntəqəsinə ayaq basan hər kəsin öncədən hara gedəcəyini və nə edəcəyini anlatmaq istəyir. Hər şeydən xəbərsiz o bədəvi ərəb Peyğəmbərin (s) hüzuruna gəlib İslamı qəbul etdikdə, elə ilk saatdan nə istədiyini yaxşı bilir, mütləq məchulluq ardınca deyil, nə istədiyini anlayırdı. Bildiyi və anladığı üçün də hər şeyə dözür və səbir edir, bütün işgəncələrə və çətinliklərə sinə gəririrdi. Tarix boyu dünyanın hər hansı bir nöqtəsində kimsə agahsız, məqsəd və məramsız, nə edəcəyini və hansı məşuqa doğru addım atacağını anlamadan mübarizə və müharibəyə əl atsa, elə ilk anlarda da yorulub əldən düşəcək və bu, təbii bir haldır.

Bir qrup insan böyük coşğu və ruh yüksəkliyi ilə addımladığı halda, sən də bekar olduğun üçün küçədə yavaş qədəmlərlə addımlayırsan. Hamının qaçdığını gördükdə, sən də qaçmağa başlayırsan. Bir az qaçdıqdan sonra öz-özünə düşünür və özünə haqq qazandırıb deyirsən ki, axı mən nə üçün qaçıram? Hara qaçıram? Bir saat qaçıb təngnəfəs olduq, sonra? Bu düşüncə səndə süstlük hissini oyadacaq. Onlar isə nə üçün və hara qaçdıqlarını bilirlər. Fərz edin ki, avtomobilə minməyə kecikdikləri üçün qaçırlar ki, avtomobilə çatsınlar və yaxud filan mağazada satılan filan əmtəəni almaq üçün tələsirlər. Onların məqsəd və hədəfi aydındır. Onlar məqsədə çatmayınca yorulmaq bilməzlər, yorulsalar da, min bir zəhmətlə özlərini çatdıracaqlar; bu da hədəfin onlar üçün nə qədər qiymətli olmasından asılıdır. Sən isə onların qaçış səbəbindən və məqsədindən xəbərsiz olduğun və boş yerə onların ardına düşərək qaçdığın üçün az sonra öz-özünə fikirləşəcək və götür-qoy edəcəksən ki, mən niyə, nəyə və kimə görə qaçmalıyam? Bu zaman insan soyuyur. Agahlıq və bəsirət olduqda isə vəziyyət dəyişir.

Bir gəncin onun üçün əhəmiyyətli və qiymətli olan bir şeyə arxa çevirdiyini, arxayın bir insanın bütün rahatlıq və asayiş vasitələrindən asanlıqla üz çevirdiyini və əsla təəssüflənmədiyini, Yasir və Süməyyə kimi ər və arvadın, ata və ananın, iki nümunəvi müsəlmanın (Əmmarın ata və anası) həyatın bütün gözəlliklərinə göz yumub işgəncələr altında can verdiklərini və bu (islami) həyatın necə də şərəfli olduğunu görürüksə, səbəbi bəsirət və agahlıq idi.

Mən iki-üç il bundan öncə misirli bir yazıçının Əmmar və Yasir haqqında yazdığı bir kitabla rastlaşdım. Onu mütaliə edərkən bir-iki səhv də tutdum, amma çox maraqlı bir kitab idi. Adı “Doğru vədə”dir; bu kitabda Əmmar və onun ata-anası – Yasir və Süməyyənin həyatı qələmə alınmışdır. Səhv etmirəmsə, müəllifi Taha Hüseyndir. Əhməd Aram onu fars dilinə tərcümə etmişdir və tərcüməsi də çox gözəldir. Qeyd etdiyim kimi, kitabda bir neçə səhv olsa da, amma çox gözəl bir kitabdır. Bu kitabı alın oxuyun, görün ki, bəsirət və agahlığa, şüur və düşüncəyə əsaslanan iman onların qəlbinə necə də nüfuz edibmiş! Müəllif Yasirin imanını, necə iman gətirdiyini və mübarizələrini çox gözəl şəkildə şərh etmişdir. Birinci onun xanımı iman gətirir, sonra isə ərini (Yasiri) mömin edir. Çox maraqlı bir macəradır. Əgər onların bəsirət və agahlığı olmasaydı, o işgəncələrə dözə bilməzdirlər.

Dinlərin son sözü elə əvvəldə deməsinin, məqsədlərini öncədən bəyan etməsinin səbəbi də budur: İnsanlar dinə əyləncə və başlarını qatmaq üçün yox, bəsirət və agahlıqla etiqad bəsləsinlər. Müasir dini dünyamızda isə bunun tamamilə əksini müşahidə edirik. Müasir dini dünyamızda sanki agah və bəsirətli olmaq günahdır, günah! Biri dindar, digəri isə dinə qarşı olan iki zümrə bəzi dini məsələlərdə eyni qənaətə gəlirlər. Həm dindar, həm də dinsiz – hər ikisi elə düşünür ki, din, yəni gözü və qulağı bağlamaq, heç nə düşünməmək və anlamamaq. Zahirdə deyirik və deyirlər ki, üsuli-dinə etiqad dəlil-sübuta əsaslanmalıdır, üsuli-dində heç kimə təqlid etmək olmaz, lakin cürətin varsa, təqlid etmə; üsuli-dində təqliddən azacıq o tərəfə keçən kimi, dərhal təzyiqlərə məruz qalacaqsan. Sanki hamımız dinin bəsirətsiz, agahsız, gözübağlı, dəlil-sübutsuz olduğunu qəbul etmişik. Fürui-dində mütləq mütəxəssisə (müctəhidə) müraciət etməyi, bu sahənin mütəxəssisinə təqlid etməyi eşidib bildiyimiz üçün elə təsəvvür etmişik ki, bu, dinin bütün sahəsinə aiddir. Halbuki, tamamilə bunun əksinədir, yüz səksən dərəcə bir-birilə fərqlənir.

Əsas etibarilə, din bəsirət və agahlığa əsaslanır. Heç kimə demirlər ki, sən hələlik bu dini qəbul et, sonradan təhqiq edərsən, əsla! Dində belə sözlər yoxdur. Fərz edək ki, əgər qəbul etmiş olsan da, qəlbən və agahlıqla qəbul etmədiyin üçün elə həqiqətən də qəbul etməmisən.Əgər sən dini qəbul etsən belə, agah və bəsirətli deyilsənsə, din səni qəbul etməyəcək. Çünki din agahlığa, bəsirətə qiymət verir, bəsirətli insanın məqamının daha da uca olduğunu bildirir; ona görə ki, hamının elə əvvəldən Allaha diqqətli olduğunu istəyir. Elə bu səbəbdən də peyğəmbərlər son məqsəd və hədəflərini elə işin başlanğıcında bəyan edirlər.

Bu zəmində əldə edə biləcəyimiz nəticə ilə bağlı mətləblərdən biri yuxarıda qeyd etdiyimiz mətləbdir. Belə ki, din bəsirət və agahlığı əsas şərt hesab edir, agah və ayıq olmayan müsəlmanı qəbul etmir. İkinci mətləb isə odur ki, peyğəmbərlərin ardıcılları – özlərini peyğəmbərlərin varisi hesab edənlər, peyğəmbərlərin varisləri olan ilahiyyatçı alimlər, tövhid yolunun yolçusu olan, tövhidi bir qətnamə olaraq qəbul edən, Həzrət İbrahim (ə), Musa (ə) və İsanın (ə) və Allahın digər əziz və böyük peyğəmbərlərinin tərəfdarları hansı yolla hərəkətə keçməli, haradan başlamalıdırlar? Görəsən, ən yaxşı, ən qətiyyətli və ən səmərəli başlanğıc nöqtə peyğəmbərlərin başladığı nöqtə deyilmi?

Biz nə üçün bu gün dindən söz düşdükdə, öncə tövhiddən başlamırıq? Nə üçün? Bəlkə belə deyil? Nə üçün cəmiyyəti və dünyamızı dindar etmək üçün peyğəmbərlərin başladığı nöqtədən başlamırıq? Biz dünya xalqlarını İslam dininə dəvət etmək istədikdə, peyğəmbərlərin yoluna əməl etmirik. Peyğəmbərlər kimi, tövhid prinsipini izah etməliyik. Əgər dünya miqyasında, beynəlxalq səviyyədə peyğəmbərlərin cəmiyyətdə yaratdığı inqilab və dönüşü yarada bilmiriksə, heç olmasa, dünya miqyasında və beynəlxalq səviyyədə insanlara çatdıraq ki, peyğəmbərlərin məqsəd və hədəfi belə bir inqilab və dönüş yaratmaqdır. Bunu deməyə imkanımız varsa, nə üçün demirik?

Nə üçün dindən danışanlar əməli və ideoloji baxımdan tövhiddən başlamaq əvəzinə, ikinci və üçüncü dərəcəli məsələlərdən başlayırlar? Bu, olduqca önəmli və diqqətəlayiq bir məsələdir. Adətən, bizə deyirlər ki, əgər bəzi dini-məzhəbi təbliğatlara etirazınız varsa, bunu nə üçün təbliğatçıların özləri ilə müzakirə etmirsiniz? Cavab odur ki, biz təbliğatçıları haradan tapaq? Çıxış və danışıqlarına irad bildirəcəyimiz şəxsləri haradan tapaq? Bizim səmimi və xeyirxah nəsihətimizin icrasına zəmanət varmı?

Əlbəttə, bunu diqqətinizə çatdırım ki, burada iştirak edənlərin əksəriyyəti məni tanıyır, mənim düşüncələrim və bəhslərimlə tanışdır. Bu məclis içtirakçıları içərisindən məni təzə tanıyanların sayı azdır, yoxsa, çoxunuz uzun müddətdir ki, həm o biri məsciddə, həm də bu məsciddə bizim söhbətlərimizdə iştirak etmişdir. Mənim qəti fikrim budur ki, dini təbliğatların orijinallığı qorunub saxlanılmalıdır. Din öndərlərinin, yəni görkəmli şiə ruhanilərinin varlığı zəruridir. Məncə, bu gün bu təbəqə və sinifdən olan əziz ruhanilərimiz, İslam dünyasında “şiə” adlı elmi-dini cəmiyyət olmasaydı, müsəlmanlar bundan da acınacaqlı duruma düşəcəkdi. Odur ki, İslam maarifini dərk edib öyrədən elmi-dini bir zümrənin varlığı zəruridir. Əlbəttə, hansısa bir gənc və tacir ixtisası İslam maarifi olmadığı halda, bu sahədə nəsə bir tədqiqat aparıb bir fikir bildiribsə, çıxış edibsə, yazı yazıbsa, İslama xidmət üçün hansısa bir addım atıbsa, Allah-Taala onu qorusun və dəyərləndirsin, lakin bu həmişəlik deyil və o, sadəcə bu işin həvəskarıdır. Bunun üçün bu sahə üzrə peşəkar adamlara ehtiyac var, onlar da şiənin “ruhani” adlı elmi-dini camiəsidir.

Demək, onlara böyük ehtiyac var. Bu məclisdə iştirak edənlər, mənim gənc dostlarım, bildiyiniz kimi, mən təəssübkeşlik mövqeyindən çıxış etmirəm, həqiqətə söykənib danışıram. Şübhəsiz, “ruhanilik” adlı vahid bir qurumun olması ən böyük zərurətdir. Lakin bunları bu gün bu yolun öndərləri və bu libasın sahiblərinə deməyi özümüzə bir vəzifə bilirik.

Əlbəttə ki, bəzi ruhanilər və təbliğatçılar, həqiqətən də, istədiyimiz kimi, hər şeyə layiqincə əməl edirlər, bəziləri isə bu gün fəaliyyətlərinin başlanğıc nöqtəsinin peyğəmbərlərin fəaliyyətlərinin başlanğıc nöqtəsi olmadığının fərqinə varmırlar. Onlar üçün onuncu, səkkizinci və beşinci dərəcəli məsələlərin dəyər və qiyməti tövhid məsələsindən, Quranın, dinin əsaslarının və İslamın ali təlimlərinin bəyanından daha çoxdur.

Nəkir və Münkərin məzara necə gələcəkləri, insanın sağ tərəfində, yoxsa sol tərəfində, yoxsa da üz-üzə dayanacaqları və bu məsələnin təfərrüatı haqda saatlarla müzakirə etməyə hazırdırlar. Halbuki, bu və bu kimi məsələləri öyrənib-öyrənməmək insanın müsəlman olmasına, bizim əməllərimizə və islami öhdəliklərimizə azacıq belə təsiri yoxdur. Hətta bunları dinin zəruri məsələləri sırasında gətirir və dinin birinci dərəcəli məsələləri tək bəyan edirlər. Lakin tövhid prinsipinin cəmiyyətin və ictimai sistemin formalaşması üçün nə təklif etdiyi, ümumiyyətlə, təklifinin olub-olmadığı haqqında düşünmək istəmirlər. Sözümüz budur ki, ilk növbədə bu kimi məsələlərə önəm verilməlidir. Peyğəmbərlərin fəaliyyət və dəvətinin başlanğıc nöqtəsindən aldığımız dərslərdən biri də budur ki, biz də fəaliyyətimizin başlanğıc nöqtəsini peyğəmbərlərin dəvətinin başlanğıc nöqtəsi ilə eyniləşdirməliyik. Əgər peyğəmbərlər kimi inqilab edə bilməsək də, heç olmasa, peyğəmbərlərin inqilabı, hədəfi və yolunun nədən ibarət olduğunu açıqlayıb izah edə və bu işi görə bilərik.

Son Peyğəmbər (s) haqqında söz düşdükdə, o Həzrətin həyatı ilə bağlı dördüncü və beşinci dərəcəli məsələlərə, misal üçün, o Həzrətin kölgəsinin olmaması kimi məsələlərə üstünlük verilir. Şeyx Səduqun “Xisal” kitabında nəql olunur ki, Allah Rəsulu (s) yeriyərkən arxasını da görürdü. Əlbəttə, mərhum Şeyx Səduq özü haşiyədə bu məsələni belə şərh edir: “Allah Rəsulu (s) daim öz ətrafını diqqətdə saxlayan bir şəxs kimi olduqca ayıq və diqqətcil idi.” Bəziləri küçədə gəzərkən fikri o qədər dağınıqdır ki, bir nəfər onun arxasınca düşüb bir saat müddətində onu yamsılayaraq ədabazlıq etsə də anlamayacaq. Bəzilərinin arxasınca isə bu hərəkətləri etmək çətindir. Çünki o, çox ayıqdır, dərhal anlayır, heç bir şeyi diqqətindən yayındırmır, ətrafında və arxasında baş verən kiçik bir işarə və hərəkət diqqətini cəlb edir. Min neçə yüz il bundan öncə yaşamış ən böyük şiə alimlərindən sayılan, kitabları o vaxtdan indiyə kimi həmişə şöhrət zirvəsində olan “Üyunu əxbarir-Riza (ə)”, “Kəmalud-din”, “Mən-lə yəhzuruhul-fəqih”, “Xisal” və “Əmali” kimi on dəfələrlə çap olmuş dəyərli kitabın müəllifi Şeyx Səduq (Məhəmməd ibn Əli ibn Babəveyh Qummi) Peyğəmbəri-Əkrəmin (s) ayıq və zirək bir insan olduğunu qeyd edir, bu məsələdə öz fikrini bildirir və onun düz olub-olmadığı bizim müzakirə mövzumuzdan kənardır. Lakin bəziləri bu kimi məsələlərə önəm verir, onlar öz fikir və tənqidlərini qeyd, başqa bir hədis aliminin nəzəri ilə müqayisə də edir, lakin “Peyğəmbəri-Əkrəm (s) nə üçün göndərilib? İctimai quruluş haqqında təklifi nədir? Hökumət haqqında nə buyurub? O Həzrətin insan tərbiyəsinin keyfiyyəti haqqında nəzəri nədir? O Həzrət fərdi tərbiyəni, yoxsa, ictimai tərbiyəni zəruri hesab edirdi?” və s. bu kimi məsələlərə əsla önəm vermirlər.

Bu gün elə bir gün deyil ki, İslam dünyası bu məsələlərdə geridə qalsın. Vaxtımız və fürsətimiz də çox azdır. Bu gün xəstəmiz can üstədir, onun üçün bir saat belə gecdir. Bu gün lazım olan hər bir işi önə atmalıyıq, bu günün bir saatı belə bizim üçün önəmli və vacibdir.

Bəli, İslamın ikinci, üçüncü və dördüncü dərəcəli maarifi haqqında geniş bəhs etməyi bekar vaxtımıza saxlamalı, bu gün isə, ən azından, ilkin işləri həll etməliyik. Son sözümüz budur ki, bu nəsihəti bizdən qəbul etmirsənsə, heç olmasa, nəsihət etdiyim üçün acığın gəlməsin. Bu da başqa bir önəmli məsələdir. Ən yaxşı insan o insandır ki, nəsihəti dinləməkdən acığı gəlməsin.

Bir sözlə, peyğəmbərlərin dəvətinin başlanğıc nöqtəsi tövhiddir. Buna aid Qurandan dəlil gətirdik. Sözü uzatmaq istəmirəm. Həmin surələrdən biri “Nəhl” surəsidir. Ayə belədir:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً

Biz hər ümmətə peyğəmbər göndərdik.

Bu peyğəmbərin sözü nə idi? Onun sözü bundan ibarət idi:

أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ

Allaha ibadət edin və tağutdan çəkinin!

Bu, peyğəmbərlərin ilk sözüdür. Onların peyğəmbərliyə seçildikləri ilk andan sözləri bu olub: Allaha ibadət edin və tağutdan çəkinin!

Tağut Allahın rəqibi, qarşı tərəfidir; Allahın və əmrlərinin müqabilində buynuz-buynuza dayanan, kəllə-kəlləyə gələnlərə “tağut” deyilir. Bəzən bu tağut elə sən özünsən:

أَعْدَي عَدُوِّكَ نَفْسَكَ الَّتِي بَيْنَ جَنْبَيْكَ

“Sənin ən böyük düşmənin sinənin ortasındakı nəfsindir.”[3]

Bəzən tağut sənin yersiz və boş-boş danışan nəfsin, bəzən şəhvətin və nəfsinin istəkləri, bəzən təkəbbürlülüyündür. Bəzən də tağut insanın varlığının xaricində günü-gündən genişlənən və güclənən qüdrətlər və hakim dairələrdir. Hər halda, peyğəmbərlər gəldiyi zaman tağut deyil, Allah dedilər. Onların dedikləri ilk cümlə bu idi: Allaha ibadət və bəndəçilik edin, tağutdan çəkinin və uzaqlaşın.

فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ

Onlardan bir qismini Allah hidayət etmiş, bir qismi isə azğınlığa düçar olmuşdur.

فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

Yer üzündə gəzib dolanın, görün ki, (azğınlığa yuvarlanıb peyğəmbərləri) təkzib edənlərin (və onların hidayət və haqq yolunu qəbul etməyənlərin) axırı necə oldu!

Çökən sivilizasiyalara, dağılan ölkələr və şəhərlərə baxın! Tarixin sütununda adlarından başqa, heç bir şey qalmayan və məhv edilən Babil, Aşşur və Kəldə şəhərlərinə baxın! Misir cəmiyyətini bir tumar kimi yıxan Misir fironlarının gücünə baxın! Bunlar Quranda buyurulur; baxın görün ki, Peyğəmbərin sözlərinə qulaq asmayan ümmət və ölkələrin axır-aqibəti necə oldu?! Onlar məhvə məhkum oldular. Möcüzədən söz getmir. Əlbəttə, ilk günlərdə möcüzələr gəlirdi; çünki tez bir vaxtda məhv olunmalı idilər. Misal üçün, Ad kimi bir qövmün zamanla cəhənnəmlik olması məsləhət deyildi, odur ki, dərhal zəlzələ, tufan və bu kimi digər əzablara məruz qalıb məhv oldular.

Ümumiyyətlə, dünyanın sonuna qədər bu belədir; dini qanunlara riayət etməyən, dinə əsasən hərəkət etməyən hər bir millət məhv olacaq; nəinki onun bütün üzvləri öləcək, xeyr, ümmətin məhvi onların milli təşkilatlarının məhvi deməkdir. Hanı Kəldə xalqı? Siz bu gün Kəldə xalqını ayırd edə bilərsinizmi? Aşşur xalqının harada olduğunu deyə bilərsinizmi? Babil xalqının harada olduğunu müəyyənləşdirə bilərsinizmi? Onlar bəşər tarixinin böyük və ilkin sivilizasiyaları idilər. Onlar hardadırlar? Onlar haqqında bir məlumat varmı?

فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

“Baxın görün, (peyğəmbərləri) təkzib edənlərin axırı necə oldu!

Bu, “Nəhl” surəsindən idi. İndi isə “Əraf” surəsinə müraciət edək.

“Nəhl” surəsində ümumi olaraq belə buyurulur: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاًBiz hər ümmətə peyğəmbər göndərdik.“Əraf” surəsində isə peyğəmbərlərin bir-bir adı çəkilir; öncə Nuhdan (ə) başlanılır və buyurulur:

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ

Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik.

فَقَالَ يَا قَوْمِ اعْبُدُواْ اللَّهَ

O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Onun ilk sözü “Allaha ibadət edin.” – oldu.

مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ

Sizin Ondan başqa heç bir məbudunuz yoxdur.” Həqiqi məbud Odur.

إِنِّيَ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

Mən böyük günün sizə üz verəcək əzabından qorxuram![4]

Qövmü isə onu qəbul etmədikdə, tufan vasitəsilə əzaba düçar oldular. Bu isə bizim bəhsimizdən kənardır. Nəhayət, növbə Ad qövmünə çatdıqda, belə buyurulur:

وَإِلَى عَادٍ أَخَاهُمْ هُوداً

Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik).[5]

Ad qövmü də qədim tayfalardandır ki, düzgün kəşf edilməmiş, kim və nə zaman olduqları aydın deyildir; Nuh tufanından sonra yaşamış və çox qədim tarixə malik olmuşlar.

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ

Dağlardan məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?[6]

Bu ayə Ad qövmü haqqında bəhs edir. Zahirən, onlar dağlar arasında ev tikirmişlər. Bəzi alimlərin qeyd etdikləri kimi, düşünürəm ki, daş dövrünün sonlarında yaşamışlar. Bir sözlə, məqsədimiz budur ki, bu qövm çox qədim tarixə malik olmuşdur və peyğəmbərlərinin adı da Huddur. O da digər peyğəmbərlər kimi, eyni sözü deyirdi.

قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ

“O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin ondan başqa, heç bir məbudunuz yoxdur.””

Həm də görün ki, tövhid və ümumiyyətlə, dinin insanların təbii vəziyyətindən, onların cahilliyindən yaranıb dinin tədricən tövhidə çatdığını deyənlərin fərziyyələri nə qədər yanlış və batildir. Əzbərdən danışan bu sosioloqlardan bəzilərinin dediklərinə görə, ilk tayfalar müşrik olmuşlar. Məsələn, İmam Həsən Müctəba (ə) məscidini təsvir etmək istəyən bir şəxsin bu binaya bir dəfə belə yaxınlaşmadığı və onu yaxından görmədiyi halda təsvir etməsi gülüncdür. Bəli, mən burada İmam Həsən Müctəba (ə) məscidini belə görürəm; eyvan mərmər daşlarla döşənmiş, çilçıraqlar bir-birinə uyğun asılmış və divarlar gözəl şəkildə rənglənmişdir. Amma görmədən, İmam Həsən Müctəba (ə) məscidinə böyük sayda insanın toplaşdığını eşitdiyi üçün xəyallara qapılaraq məscidi belə təsəvvür edir, halbuki, içəri girəndə tam başqa bir mənzərə ilə rastlaşır; nə divar görür, nə də tavan.

Sosioloji məsələlərdə kimsə mütaliə etmədən əzbər danşanın, tarixin mühüm bir hissəsini, habelə, dini məsələləri araşdırmadan şərh edənin sözləri, təbii ki, gülüş doğuracaq və gülünc görünəcəkdir. Axı, bu dinin tarixi bəlkə də on min illər əvvələ qayıtdığı, bu məşhur tarixin mötəbər rəvayətlərdə Həzrət Adəmin (ə) yer üzünə endiyi vaxtdan 7-8 il, bəlkə də 5-7 il keçdiyi halda, onlar heç bir tədqiqat aparmadan ilk insan cəmiyyətinin müşrik, sonra isə allahpərəst olduğunu düşünürlər. Halbuki, araşdırdıqdan sonra, elə qədimdən və əzəldən insanın allahpərəst olduğunu görürük.

Bir sözlə, sözügedən ayənin davamında buyurulur:

أَفَلاَ تَتَّقُونَ

“(Ey mənim qövmüm!) Məgər (Allahdan) qorxmursunuz?” Peyğəmbər öz qövmünə tövhidi başa salmaq və qəbul etdirmək istəyir. Mən burada Hud peyğəmbərin öz qövmü ilə müzakirəsini qeyd etdim. Ayələri üzündən oxuyub tərcümə ilə kifayətlənirəm:

قَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍ وإِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ

“(Hud) tayfasının kafir başçıları ona belə cavab verdilər: “Biz səni səfehlik içində (ağılsız) görür və yalançılardan hesab edirik!””

Bu, həqiqət iddiaçıları haqqında hər zaman söylənilən yalan fərziyyə və ittihamlardan biridir. Mənim peyğəmbərliklə bağlı müzakirələrimdən biri də budur və bəlkə də sonuncu fəsildir. “Peyğəmbərlərə yaxılan iftiralar necə və nədən ibarət idi?” – sualı ayrıca və mövzumuzdan kənar bir məsələdir. Onlar deyirdilər ki, sən səfehsən və onu nadanlıqda günahlandırırdılar.

قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ وَلَكِنِّي رَسُولٌ مِّن رَّبِّ الْعَالَمِينَ

“(Hud) dedi: “Ey qövmüm! Mən heç də səfeh (və ağıılsız) deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!””

Onların ittihamları və nalayiq iftiraları müqabilində, sözünü yenə təkrarladı:

أُبَلِّغُكُمْ رِسَالاتِ رَبِّي وَأَنَاْ لَكُمْ نَاصِحٌ أَمِينٌ

“Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizin xeyrinizi istəyən əmanətdaram.”

Mən sizin doğru yolda olmağınızı, tərəqqi etməyinizi istədiyim üçün, sizi Allaha və allahpərəstliyə dəvət edirəm.

أَوَعَجِبْتُمْ أَن جَاءكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَى رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ

“Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir nəfər (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

Yəni, sizin içərinizdən olan, sizin kimi yaşayan adi bir insanın peyğəmbərlik məqamına yüksəlməsinə təəccüb edirsinizmi? Bundan sonra onların diqqətini tarixi bir hadisəyə yönəldir və buyurur:

وَاذكُرُواْ إِذْ جَعَلَكُمْ خُلَفَاء مِن بَعْدِ قَوْمِ نُوحٍ

“Yadınıza salın ki, Allah sizi Nuh qövmündən (o günahkar qövmdən) sonra onun yerinə gətirdi.”

وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً

“Sizi xilqətcə (onlardan) daha qüvvətli (və üstün) etdi.”

فَاذْكُرُواْ آلاء اللّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Allahın nemətlərini yada salın ki, bəlkə, uğur qazanıb nicat tapasınız!”

Baxın, düşmənlər də dərhal Allaha məxsus ibadətin hansı anlamda olduğunu başa düşürlər.

قَالُواْ أَجِئْتَنَا لِنَعْبُدَ اللّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“Dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları (canlı və cansız) bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini bir gətir görək!”

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌ وَغَضَبٌ

“(Hud) onlara belə dedi: “Artıq Rəbbinizin nifrət (əzab) və qəzəbi sizi əhatə edib.”” Siz bədbəxtsiniz.

أَتُجَادِلُونَنِي فِي أَسْمَاء سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَآؤكُم

“Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz?” Öz əllərinizlə düzəltdiyiniz və güclü olduqlarını düşündüyünüz varlıqlara görəmi mənimlə mübahisə edirsiniz?

مَّا نَزَّلَ اللّهُ بِهَا مِن سُلْطَانٍ

“Halbuki, Allah onlara heç bir güc verməmişdir (və onlar barəsində heç bir dəlil endirməmişdir).” Ayədə qeyd olunan “soltan” sözü həm “qüdrət”, həm də “dəlil” mənasını ifadə edir. Biz burada hər iki mənanı qeyd etmişik və hər ikisi də doğru ola bilər: Biri budur ki, Allah-Taala sənin pərəstiş etdiyin bu bütlərin doğruluğuna heç bir dəlil-sübut nazil etməmişdir, digəri isə budur ki, Allah-Taala aciz olan bu bütlərə heç bir qüdrət vermədiyi halda, onları Allah-Taala ilə bərabər tutursunuz.

فَانتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ

“Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”O, bunu dedikdən sonra Allahın əzabı nazil oldu.

Xülasə

DƏVƏTİN İLKİN NƏĞMƏLƏRİ

Bazar günü – Ramazan ayının 19-cu günü

Peyğəmbərlərin dəvətində ilk şüar tövhid nəğməsidir və bu, onların məktəbinin ən önəmli nöqtəsi, ruhu və təməlidir. Əgər digər məktəblərin inqilabi proqramlarında iş strukturu tədrici canlanmaya əsaslanırsa və ilkin şüarları yalnız hədəflərin gerçəkləşməsidirsə, peyğəmbərlərin proqramlarında isə son söz elə əvvəldə deyilir və hər kəs iman və bağlılığın başlanğıcında işin hədəfi, cəhət və sonunu anlayır, tamamilə bəsirət və ayıqlıqla ona üz tutur.

Peyğəmbərlərin dəvətini istər qəbul edənlər, istərsə də ondan boyun qaçırıb müxalifətə qalxanlar “tövhid” ifadəsini eşitməklə bu yeni məktəbdə bəşəri meyarlar, sosial təbəqələşmə, istismar və hər növ zülmkarlıqla mübarizəni açıq-aydın anlayırdılar; eynilə, sosial quruculuq və ideal quruluşun təşkili zamanı insan azadlığı və aliliyi, ictimai ədalət, ümumi rifah, zülm və haqsızlıqla mübarizə təbii olaraq diqqət mərkəzində saxlanıldığı kimi.

Elə peyğəmbərlərin hədəfi və məktəb yolu onlarla müxalifətə qalxan düşmənlərini də eyni şəkildə müəyyənləşdirir. Peyğəmbərlərin ardıcıllarının mövqeyi, mükəlləfiyyət və məsuliyyətləri onların özlərindən sonra da aydın olduğundan, elə buna görə də onların din və məktəbinin inhirafa yuvarlanmasının qarşısını alırlar.

Qurani-Kərimin müxtəlif ayələrinə əsasən, peyğəmbərlərin dilinin ilk şüarı Allaha bəndəçilik və tağutdan çəkinmək, yəni tövhiddir:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاًBiz hər ümmətə peyğəmbər göndərdik ki,

أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَAllaha ibadət edəsiniz və tağutdan çəkinəsiniz!

فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُOnlardan bir qismini Allah hidayət etmiş, bir qismi isə azğınlığa düçar olmuşdur.

فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَYer üzündə gəzib dolanın, görün ki, (azğınlığa yuvarlanıb peyğəmbərləri) təkzib edənlərin axırı necə oldu!

(“Nəhl” surəsi, ayə 36.)

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِBiz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik.

فَقَالَ يَا قَوْمِ اعْبُدُواْ اللَّهَO dedi: “Ey qövmüm! Allaha ibadət edin.

مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُSizin Ondan başqa, heç bir məbudunuz yoxdur.

إِنِّيَ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍHəqiqətən, mən böyük günün sizə üz verəcək əzabından qorxuram!

(“Əraf” surəsi, ayə 59.)

Bir neçə ayədən sonra, yenə başqa bir peyğəmbərin dili ilə belə buyurulur:

وَإِلَى عَادٍ أَخَاهُمْ هُوداًAd tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik).

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَDağlardan məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?

قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُO dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin ondan başqa, heç bir məbudunuz yoxdur.

أَفَلاَ تَتَّقُونَMəgər (Allahdan) qorxmursunuz?

 قَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍو إِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ(Hud) tayfasının kafir başçıları ona belə cavab verdilər: “Biz səni səfehlik içində (ağılsız) görür və yalançılardan biri hesab edirik!

قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ(Hud) dedi: “Ey qövmüm! Mən heç də səfeh (və ağıılsız) deyiləm.

 وَلَكِنِّي رَسُولٌ مِّن رَّبِّ الْعَالَمِينَ LakinmənaləmlərinRəbbitərəfindəngöndərilmiş birpeyğəmbərəm!”

أُبَلِّغُكُمْ رِسَالاتِ رَبِّي وَأَنَاْ لَكُمْ نَاصِحٌ أَمِينٌMənsizə Rəbbimin əmrlərinitəbliğ edirəm. Mənsizinxeyriniziistəyən əmanətdaram.

أَوَعَجِبْتُمْ أَن جَاءكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَى رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْYoxsa, sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir nəfər (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?

وَاذكُرُواْ إِذْ جَعَلَكُمْ خُلَفَاء مِن بَعْدِ قَوْمِ نُوحٍYadınıza salın ki, Allah sizi Nuh qövmündən sonra onun yerinə gətirdi.

وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةًSizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi.

فَاذْكُرُواْ آلاء اللّهِ لَعَلَّكُمْ تُفْلِحُونَAllahın nemətlərini yada salın ki, bəlkə, qələbə qazanıb nicat tapasınız!

قَالُواْ أَجِئْتَنَا لِنَعْبُدَ اللّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَDedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini bir gətir görək!

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌ وَغَضَبٌ“(Hud) onlara belə dedi: “Artıq Rəbbinizin nifrət (əzab) və qəzəbi sizi əhatə edib.””

أَتُجَادِلُونَنِي فِي أَسْمَاء سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَآؤكُم“Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? ”

مَّا نَزَّلَ اللّهُ بِهَا مِن سُلْطَانٍ“Halbuki, Allah onlar heç bir güc (və dəlil) göndərməmişdir.”

فَانتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ“Elə isə gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

(“Əraf” surəsi, ayə 65-71.)

 


[1]. Məclisin sonundakı xülasəyə müraciət edin.

[2]. Bu atalar sözü o zaman işlənir ki, insan əsl məqsəd və niyyətini gizlədərək haray-həşir salır və istəyinə çatdıqdan sonra sakitləşir.

[3]. “Biharul-ənvar”, “İman və küfr” başlığı, Məkarimul-əxlaq bölməsi, “Məratibun-nəfs” bölməsi, hədis 1.

[4]. “Əraf” surəsi, ayə 59.

[5]. “Əraf” surəsi, ayə 65-71.

[6]. “Şüəra” surəsi, ayə 149.