Qurani-Kərimdə məsəllərin sayı

Qurani-Kərimdə məsəllər-5

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

Qurani-Kərimin məsəllərində hər hansı bir fikir “təşbeh” və “istiarə” ilə sintez olunur. Hörmətli alim Məhəmmədhüseyn Əliyüs-Səğir təşbehi ifadə edən məsəllərin sayını əlli səkkiz hesab edir. Amma təəssüf ki, müəllif “təşbeh”i bildirən bəzi məsəlləri qələmə almamış, bəzilərini isə artırmışdır. Buna “Bəqərə” surəsinin 275-ci ayəsini misal göstərmək olar:

الَّذِینَ یأْكُلُونَ الرِّبَا لَا یقُومُونَ إِلَّا كَمَا یقُومُ الَّذِی یتَخَبَّطُهُ الشَّیطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَیعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَیعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

 

Sələm yeyənlər (qiyamətdə qəbirlərdən) şeytanla təmas təsirindən pərişan divanə olmuş kəs kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bunun səbəbi odur ki, dedilər: “Alış-veriş sələm kimidir.” Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Rəbbindən ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən (sələm yeməyə) qayıdanlar od (Cəhənnəm) əhli olacaqlar və onlar orada əbədi qalarlar.”[1]

O, bu ayədə təşbehi bildirən “məsəl” sözü işlənmədiyindən onu qeydə almamışdır. Halbuki məzmunca bu ayə Qurani-Kərimin sələmçilərin mövqeyini aşılayan ən gözəl və mənalı məsəllərindən sayılır. Əgər Qurani-Kərimin məsəllərinin sayını “məsəl” sözü işlənən ayələrlə məhdudlaşdırsaq, onların sayı on beşdən artıq olmayacaq.[2] Məsəlin mahiyyəti zahirilə deyil, əksinə, əgər ayənin möhtəvası təşbehi bildirirsə, “məsəl” hesab edilməlidir.

“Məsəl” kimi istifadə olunan ayələr

Müəyyən bir münasibətdə deyilərək, zaman ötdükcə cəmiyyətin mədəniyyətinə daxil olub, nəsildən-nəslə ötürülən bir çox hikmətli sözlər məsəl kimi istifadə olunur. Odur ki, tarix boyu alimlər, xətiblər, yazıçılar və tədqiqatçıların əsərlərində hikmətli kəlamlara, Quran ayələrinə də rast gəlirik və cəmiyyətdə də onun nümunələrini görürük. Məsələn, Əfzəli adı ilə tanınan Cəfər ibn Məhəmməd Şəms (vəfatı 622) “Əl-adab” kitabında bu sayaq ayələr üçün ayrıca fəsil ayırıb. Əbdürrəhman Süyuti də (848-911) “Əl-itqan” kitabında[3] məsəl kimi istifadə olunan altmış doqquz ayəni qeydə alıb. “Əl-mustətrəfu fi kulli fənnin mustəzrəf” kitabının müəllifi Şahabəddin Məhəmməd ibn Əhməd (790-850) də, demək olar, “Əl-adab”dakı ayələri qeyd edib.[4] “Əmsali-Quran” kitabının müəllifi Əliəsğər Hikmət (1310-1396 h.q) isə dəqiq araşdırmalardan sonra zaman ötdükcə camaat arasında məsəl kimi işlənən iki yüz qırx beş ayədən söz açır. Doktor Məhəmmədhüseyn Səğir də daha geniş axtarışlardan sonra dörd yüz doxsan beş ayəyə işarə edir.[5]

Hədislərdə Quran məsəlləri

Məsum imamlar (ə) Quran məsəlləri üzərində təfəkkür etməyə xüsusi əhəmiyyət vermiş, öz kəlam və dualarında ondan söz açmışlar. Məsələn, imam Əli (ə) buyurur: “Rəbbinizin kitabı sizin aranızdadır. Bu kitabda Onun halal və haramı, vacib və müstəhəbləri, nasix və mənsuxu, ruxsət və əzaimləri, ümum və xüsusu, ibrət və məsəlləri bəyan edilmişdir.”[6]

“Qurani-Kərim dörd hissəyə ayrılır: bir hissəsi bizim haqqımız barədə, bir hissəsi düşmənlərimiz barədə, bir hissəsi ilahi qanun və məsəllər barədə, bir hissəsi də vacib əməl və hökmlər barədədir.”[7]

Qurani-Kərimdən götürülən məsəllər

Bəhauddin Amuli həmin əsərdə Qurani-Kərimdən götürülərək məsələ çevrilən ayələrdən də söz açmışdır ki, burada onların bir neçəsini qeyd edirik:

Qurani-Kərimdə buyurulur:

...مَنْ یعْمَلْ سُوءًا یجْزَ بِهِ...

1. “...Pislik edən şəxs, onun cəzasını görəcək...”[8]

Ərəblər deyirlər:

ما تَزرعْ تَحصَد

“Nə əkərsən, onu da biçərsən.”

...وَفِیكُمْ سَمَّاعُونَ لَهُمْ...

2. “İçinizdə onlara qulaq asanlar (casuslar) da vardır...”[9]

Ərəb dilində deyilir:

للحيطانِ آذان

“Divarların da qulağı var.”

...وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِنْ فَضْلِهِ...

3. “Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Peyğəmbərinin onları Öz lütf və kərəmi ilə ehtiyacsız etmələrini irad tutdular...”[10]

Ərəb dilində deyilir:

إحذر شَرَّ مَن أحسنتَ إليه

“Yaxşılıq etdiyin şəxsin pisliyindən qorx.”

...وَلَا یلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا

4. “...Onlar ancaq pozğun və kafir doğub-törədəcəklər.”[11]

Ərəb dilində deyilir:

لا تَلِدُ الحيةُ إلّا الحيةَ

“İlan, ilan doğar.”

(“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, səh.14-17.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

 



[1]. “Bəqərə” surəsi, ayə 275.

[2]. “İsra” surəsi, ayə 89; “Kəhf” surəsi, ayə 54; “Nəhl” surəsi, ayə 60; “Rum” surəsi, ayə 27 və 58; “Zümər” surəsi, ayə 27; “Rəd” surəsi, ayə 17; “İbrahim” surəsi, ayə 25 və 45; “Ənkəbut” surəsi, ayə 43; “Həşr” surəsi, ayə 21; “Mühəmməd” surəsi, ayə 3; “Nur” surəsi, ayə 34; “Furqan” surəsi, ayə 33.

[3]. “Əl-itqan”, 2-ci cild, səh.1042, 66-cı fəsil.

[4]. “Əl-mustətrəfu fi kulli fənnin mustəzrəf”, 1-ci cild, səh.27.

[5]. “Əs-surətul-fənniyyə fil-məsəlil-Qurani”, səh.387-402.

[6]. “Nəhcül-bəlağə”, xütbə 1.

[7]. “Biharul-ənvar”, 24-cü cild, səh.305, hədis 1.

[8]. “Nisa” surəsi, ayə 123.

[9]. “Tövbə” surəsi, ayə 47.

[10]. “Tövbə” surəsi, ayə 74.

[11]. “Nuh” surəsi, ayə 27.