QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ƏNAM” SURƏSİ

“Ənam” surəsi Məkkədə nazil olmuş və 165 ayədən ibarətdir. Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, bu surənin ayələrinin hamısı bir yerdə nazil olmuşdur. Məkkədə nazil olan digər surələrdə olduğu kimi, bu surənin də əsas məqsədi üçlük təşkil edən “tövhid”, “nübüvvət” və “məad” məsələlərinə dəvət etməkdir. Lakin hər şeydən artıq yeganəpərəstliyə dəvət, şirk və bütpərəstliklə mübarizəyə təkid olunur.

 “Ənam” surəsinin 19-cu ayəsində mühüm bir məsələdən – İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin cahanşümul olmasından söz açılır. Tarixdə göstərilir ki, Məkkə müşrikləri İslam Peyğəmbərindən (s) öz risaləti üçün şahid tələb edirdilər. Onlar Həzrətin peyğəmbərliyini qəbul etmir və deyirdilər: “Hətta yəhudi və məsihilər də səni peyğəmbər bilmir.” Bu zaman həmin ayə nazil olur və İslamın qəriblik dövründə onun parlaq gələcəyi və bəşəri missiyasından xəbər verir. Ayədə buyurulur: “(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən müşriklərə) de: “Şahidlik baxımından nə daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsilə (həm) sizi və (həm də ki) onun çatdığı hər bir kəsi qorxudam...”

Bu ayəyə əsasən, İslam Peyğəmbərinin (ə) risaləti ümumbəşəri, əbədi, bütün xalqlar və dövrlər üçün nəzərdə tutulmuş risalətdir.

Surənin 136-cı ayəsindən başlayaraq dördayaqlıların hökmləri bəyan olduğundan surə “ənam”, yəni “dördayaqlılar” adlandırılmışdır.

 

“ƏNAM” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) “Ənam” surəsinin fəziləti barəsində belə nəql olunur: “Ənam surəsi bir yerdə nazil olmuş və 70 min mələk “subhanəllah” və “əlhəmdu lillah” sədaları ilə onu müşayiət etmişdir. Hər kəs onu oxusa (və onun sayəsində ruhu tövhid çeşməsindən sirab olsa), həmin 70 min mələk gecə-gündüz “Ənam” surəsinin ayələri qədər ona salam göndərər (və yaxud onun günahlarının bağışlanmasını diləyər.)” (“Biharul-ənvar”, 91-ci cild, səh.348.)

Əyyaşi mötəbər silsilə sənədlərlə Əbu Bəsirdən imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Ənam surəsi bir yerdə nazil olmuş, 70 min mələk onu təzimlə yola salmışdır. Çünki onun 70 yerində Allahın adı qeyd olunmuşdur. Əgər insanlar bu surənin oxunmasında nə qədər fəzilət olduğunu bilsəydilər, heç vaxt onu tərk etməzdilər.” Sonra buyurdu: “Hər kəsin Allahdan bir hacəti varsa və onun rəva olunmasını istəyirsə, “Fatihə” və “Ənam” surələrini tilavət etməklə (iki salamla) dördrükətli namaz qılsın.” (“Əl-kafi”, 2-ci cild, səh.622.)

 

Rza Şükürlü