QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “HUD” SURƏSİ

 
Qurani-Kərimin 11-ci surəsi olan “Hud” surəsi 123 ayədən ibarətdir və təfsir alimləri arasında məşhur nəzərə əsasən, bötüvlükdə Məkkədə nazil olmuşdur.
“Tarixul-Quran” əsərində göstərilir ki, Peyğəmbəri-Əkrəmə (s) nazil olmuş qırx doqquzuncu surədir. Həmçinin bəzi təfsir alimlərinin aşkar qeydlərinə görə, bu surə Peyğəmbəri-Əkrəmin (s) Məkkə həyatının son illərində, o həzrətin əmisi Əbu Talib və həyat yoldaşı Xədicənin vəfatından sonra nazil olmuşdur.
 
Təbii ki, həmin illərdə Peyğəmbəri-Əkrəm (s) və o həzrətə iman gətirənlər düşmənlərin təzyiqlərinə məruz qaldıqları üçün çox çətin vəziyyətdə yaşayırdılar. İnadkar müşriklər Peyğəmbəri-Əkrəmin (s) dəvətinin müqabilində müxtəlif ittihamlar irəli sürür, o həzrətin sözlərini sehr-cadu adlandırır, Qurani-Kərimi o həzrətin özündən uydurduğunu deyir, “Nə üçün sənə bir xəzinə nazil olmadı və ya səninlə bir mələk gəlmədi?” – deyə irad tutur və beləcə, o həzrətə daha çox ruhən işgəncə verirdilər. Bu haqda uyğun surənin 7-ci, 12-ci və 13-cü ayələrində söz açılır. Odur ki, surənin 112-ci ayəsində Peyğəmbəri-Əkrəm (s) və o həzrətlə birgə Allaha üz tutanlar səbir və müqavimətə çağrılır və buyurulur:
 
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ
 
“(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol. Həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər də (möhkəm olsunlar.)...”
 
Rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsi məni qocaltdı”.
Təfsir alimləri qeyd edirlər ki, Peyğəmbəri-Əkrəm (s) “Hud” surəsinin məhz bu ayəsini nəzərdə tutmuşdur. (“Nurus-səqəleyn”, 2-ci cild, səh.334.)
 
Ayənin davamında şiddətli bir şəkildə müsəlmanlar zülmkarlara meyil etmək və sığınmaqdan çəkindirilir və buyurulur:
 
وَلاَ تَرْكَنُواْ إِلَى الَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء ثُمَّ لاَ تُنصَرُونَ
 
“Zülm edən kəslərə ürək bağlamayın, meyil etməyin və onlara arxalanmayın ki, (əzab alovu) sizi də bürüyər. Bir halda ki, sizin Allahdan başqa heç bir dostunuz və yardımçınız yoxdur və (heç bir tərəfdən) yardım almazsınız.”
 
Rəvayətlərdə bildirilir ki, zalıma sevgi və itaət ona sığınmaq və arxalanmaq nümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və ya dostun olsa da, ona ümid bağlama.” “Kafi” kitabında nəql olunur ki, əgər zülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər onun yaşamasına razı olsan, zalıma sığınmısan və bil ki, Allah bu işi qadağan etmişdir. (“Kafi”, 5-ci cild, səh.108.)
 
Qeyd edilənlərə əsasən, zalıma sığınmaq və arxalanmaq odla nəticələnirsə, görün zalımın öz vəziyyəti necə olacaqdır!
 
“Hud” surəsində İslam maarifinin əsasları, “şirk və bütpərəsliklə mübarizə”, dünyadan sonrakı həyat və digər etiqadi məsələlərdən, peyğəmbərlərin dəvətinin doğruluğu, peyğəmbərlərin tarixi, xüsusilə, həzrət Nuhun (ə) həyatı və şiddətli mübarizəsi ilə yanaşı, Hud, Saleh, İbrahim, Lut, Musa peyğəmbərlərin sərgüzəşti və onların şirk, küfr və bütpərəsliklə mübarizəsindən də söz açılır.
 
Sözügedən surənin 50-60-cı ayələrində Hud peyğəmbər və onun göndərildiyi “Ad” qövmünün sərgüzəştindən söz açıldığı üçün, surə “Hud” adlandırılmışdır.
 
Tarixdə “Ad” qövmünün ərəb əsilli və ərəb yarımadasında sakin olduğu göstərilir. Qurani-Kərimin bu surəsi və digər surələrindən anlaşılır ki, “Ad” qövmü abad və inkişaf etmiş şəhərlərdə firavan və nemət içində yaşayırmışlar. Lakin onların dünyaya bağlılığı və bütə pərəstişliyi vəziyyəti tamamilə dəyişdi. Onlar öz əlləri ilə düzəltdikləri bütlər və tikdikləri saraylarla öyünür, təkəbbür edir və zülmkar hakimlərə də itaət edirdilər. Allah-Taala onları bu inhiraf və azğınlıqdan nicat vermək və haqqa hiadyət etmək üçün Hud peyğəmbəri göndərdi. Hud peyğəmbər onları allahpərəstlik və tövhidə, öz aralarında ədalət və insafa, mülayim və mehriban rəftara dəvət etdi. O həzrət bu istiqamətdə yorulmadan çalışsa da, qövmünün inkarı və inadkarlığı ilə üzləşdi və yalnız az bir dəstə iman gətirdi. Nəhayət, onlar peyğəmbərin dəvətini qəbul etmədikləri üçün Allahın qəhr-qəzəbinə tuş gəldilər, iti və yandırıcı külək vasitəsi ilə həlak oldular. Hud peyğəmbər və onun dəvətinə iman gətirənlər isə ilahi rəhmətin sayəsində nicat tapıb şiddətli əzabdan qurtardılar.
 
 
HUD SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə buyurulur: “Bu surəni oxuyan hər bir kəs Hud və digər peyğəmbərlərə iman gətirən və onları inkar edənlərin sayı qədər savab qazanar, qiyamət günü şəhidlər dərəcəsinə yüksələr və hesabı yüngül olar.” (“Təfsiri-Burhan”, 2-ci cild, səh. 206.)
 
Aydındır ki, Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri o vaxt quruculuq xüsusiyyətinə sahib olacaqdır ki, insanı təfəkkür və əmələ vadar etsin. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.3-6; “Nur təfsiri”, Ustad Qəraəti, 5-ci cild, “Hud” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.74.)
 
 
Rza Şükürlü