QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “KƏHF” SURƏSİ

110 ayədən ibarət olan “Kəhf” surəsi Qurani-Kərimin 18-ci surəsidir. İyirmi səkkizinci ayədən başqa, onun bütün ayələri Məkkədə nazil olmuşdur.

Bu surədə “Kəhf” əshabından, həzrət Musa və Xızrın əhvalatından, Zülqərneyndən, yaranış və məad məsələlərindən bəhs olunur. Surənin 9-27-ci ayələrində “Kəhf” əshabının əhvalatından söz açılır və bu əhvalat həzrət İsadan (ə) sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Əfsus (və ya Tərsus) şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş verir.

“Kəhf” əshabı müşrik və bütpərəst qövmün içində yaşayan və yeganə Allaha pərəstiş edən (yeddi nəfər) gənc bəndələrdən ibarət idi. O zaman tövhid və təkallahlılıq dini qadağan edildiyi üçün, onlar cəmiyyətin qınaq və etirazına, hakim dairələrin işkəncələrinə məruz qalırdırlar. Sanki hamı əl-ələ verib o kiçik dəstəni yeganə Allaha pərəstişdən yayındırmaq istəyirdi. Amma onlar bəsirət və agahlıqla Allaha iman gətirmişdilər. Allah da onların qəlbini hikmət və mərifətlə doldurmuş, imanı qəlblərində möhkəmləndirmişdi. Buna görə də, Allahdan başqa, heç kimdən qorxmur, çəkinmirdilər.

Nəhayət, onlar bir gün belə bir qərara gəldilər ki, cəmiyyətdən ayrılıb bir mağaraya sığınsınlar; bu ümidlə ki, Allah-Taala Öz mərhəmətini onlara şamil edəcək və qurtuluş yolunu nişan verəcək. Allah-Taala onların qəlbi istəklərini rəva edir və onlar mağarada ikən özləri ilə apardıqları itlə bərabər 309 il müddətində yuxuya gedirlər. Onlara tamaşa edən hər kəs onların oyaq olduğunu düşünürdü.

Sözügedən surənin 18-ci ayəsində onların yuxuda olduqları vəziyyət belə vəsf olunur:

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı (sanki keşik çəkirdi). Əgər sən onlara baxsaydın, (qorxudan) dönüb qaçar, dəət səni bürüyərdi.

Onlar 309 ildən sonra yuxudan ayıldılar və ondan sonrakı əhvalat haqda surənin 19-cu ayəsində belə məlumat verilir:

قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَى طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا

Onların biri dedi: “(Mağarada) nə qədər qalmısınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!

Amma Allah istəyirdi ki, əhali onların halından xəbərdar olsun. Çünki Kəhf əshabının qaçıb qurtardığı cəmiyyət bu müddət ərzində həlak olmuş, səltənət və ayinləri aradan qaldırılmış və yerini artıq yeganə Allaha pərəstiş edən başqa bir qövm tutmuşdu. Bununla belə, həmin camaat məad və ölümdən sonrakı həyat barəsində fərqli fikirlər irəli sürür və fikirayrılığı yaranırdı. Allah-Taala Kəhf mağarasında yatan gənc qəhrəmanları 309 ildən sonra oyatmaqla dövrün insanlarına Öz möcüzə və nişanəsini göstərdi ki, insanlar qiyamət günü haqda yanlış düşüncələrə qapılmasınlar.

Nəhayət, gənclərdən biri yemək almaq üçün şəhərə yollanır. Lakin şəhərin tamamilə dəyişdiyini təəccüblə izləyir! Axı o, şəhəri əsla bu vəziyyətdə müşahidə etməmişdi. İnsanlar da dünənki insanlardan tam fərqlənirdi. Heyrət və təəccübü hər an artırdı. O, bir dükana yaxınlaşıb, yemək almaq üçün əlindəki pulu dükan sahibinə uzadır. Bundan xəbərsiz ki, həmin pullar indiki zamana yox, üç əsr öncəyə aiddir. Onunla dükan sahibi arasında baş verən müzakirə və mübahisə səbəb olur ki, sirrin üstü açılsın. Zalım hakimin, müşrik və bütpərəst cəmiyyətin dövründə yaşayan Kəhf əshabının sirri! Onlar Allaha imanını qorumaq üçün, bir gün həmin cəmiyyətdən ayrılıb mağaraya sığınmışdılar. Allah da onları uzun müddət yuxuya apardıqdan sonra ayıldır.

Bu xəbər sürətlə şəhərin hər tərəfinə yayılır. Camaat bir yerə toplaşıb, həmin gənc qəhrəmanın dediklərini öz gözü ilə görmək üçün mağaraya doğru hərəkət edir və beləcə, ilahi möcüzənin şahidi olur. Hamı dərk edir ki, Kəhf əshabının başına gələnlər məad və ölümün bir nümunəsidir və Allah-Taala hər şeyə qadirdir. Uyğun surənin 21-ci ayəsində buyurulur:

وَكَذَلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا

(İnsanları) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər...”

Bəzi rəvayətlərdə deyilir ki, Kəhf əshabı yuxudan ayıldıqları zaman, artıq, həmin məmləkətə yaganə Allaha ibadət edən, saleh bir padşah hökmranlıq edirdi. Amma bəzi zümrələr məad və qiyamətə inanmırdılar. Bu da həmin padşahın nigarançılığına səbəb olmuşdu və bu məsələnin həlli üçün həmişə Allahdan kömək istəyirdi. Kəhf əshabının macərası məad və qiyamətə aşkar dəlil-sübut oldu. Dini mətnlərdə göstərilir ki, şəhər əhalisi mağaranın ətrafına toplaşıb hadisəni müşahidə etdiyi və padşah da mağaranın girişində dayandığı zaman, Kəhf əshabı mağaraya daxil olub, bu böyük hadisəyə görə Allaha şükür etdilər və əbədiyyətə qovuşdular!

Qeyd etmək lazımdır ki, Kəhf əshabının mağarası coğrafi baxımdan şimal-şərqdə yerləşirdi və günəş onu sonadək işıqlandırmırdı. Bu mağaranın harada olması barədə fikirayrılığı var. Bəziləri həmin mağaranın Dəməşq ətrafında olduğunu bildirsələr də, İordaniyanın paytaxtı Oman şəhəri ətrafında olduğunu iddia edənlər də vardır. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 12-ci cild, səh.336-338 və 9-27-ci ayələrin təfsiri; “Nur təfsiri”, Ustad Möhsin Qəraəti, 7-ci cild, 95-107, “Kəhf” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.115.)

“KƏHF” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Bu surənin fəziləti və onu oxumağın təsirləri haqqında xeyli hədis nəql olunmuşdur. O cümlədən:

1. Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurmuşdur: “Sizə bir surə haqda məlumat verimmi ki, nazil olduğu zaman yetmiş min mələk yola salmış, əzəməti göy və yeri əhatə etmişdir?!” Səhabələr dedilər: “Bəli, ey Allahın Peyğəmbəri!” Peyğəmbər (s) buyurdu: “Kəhf surəsidir. Hər kim onu cümə günü oxusa, Allah-Taala onun növbəti cüməyə qədər günahlarını bağışlayar (başqa rəvayətdə buyurulur ki, günahlardan qoruyar)..., Dəccalın fitnəsindən amanda qalar.”

2. İmam Sadiq (ə) buyurmuşdur: “Hər cümə axşamı “Kəhf” surəsini oxuyan şəxs dünyadan şəhid köçər, yaxud şəhidlərlə məhşur olar və qiyamət günü şəhidlər sırasında yer alar.” (“Məcməul-bəyan”, uyğun surənin təfsirində.)

Rza Şükürlü (Maide.az)