QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “CASİYƏ“ SURƏSİ

“Casiyə“ surəsi 37 ayədən ibarətdir və Məkkədə nazil olmuş “Həvamim“ surələrinin (Ha-mimlə başlayan surələr) altıncısıdr. Bu surə Məkkədə müsəlmanlarla müşriklər arasında şiddətli qarşıdurma baş verdiyi bir zaman nazil olmuşdur. Məhz bu səbəbdən də, surədə daha çox tövhid, şirklə mübarizə, zalımların qiyamət məhkəməsi ilə təhdidi, əməllərin qeyd olunması, həmçinin keçmiş üsyankar qövmlərin acı talelərinin xatırlanması ilə bağlı məsələlər diqqəti çəkir. Ümumiyyətlə, bu surənin möhtəvasını bir neçə hissədə xülasə etmək olar:

1. Qurani-Kərimin əzəməti və əhəmiyyəti;

2. Müşriklər müqabilində tövhid dəlillərinin bəyanı;

3. Surədə sözügedən məsələlərə şahid olaraq İsrail oğulları kimi bəzi keçmiş qövmlərin axır-aqibətinə qısa işarə;

4. Əyri düşüncələrində israrla dayanan azğın insanların şiddətlə təhdid edilməsi;

5. Müsəlmanların əfv və güzəştə dəvət olunmaları və haqq yolda möhkəm durmaları;

6. Qiyamətin tükürpədici hadisələri, məxsusən, insanın bütün işlərini incəlikləri ilə qeydə alan əməl dəftərinə aydın işarələr.

Bu surə Allah-Taalanın əziz və həkim kimi böyük adları və vəsfləri ilə başlayır, həmin adlar və vəsflərlə də yekunlaşır.

“Casiyə“ sözü surənin 28-ci ayəsindən götürülmüş, diz çökmüş və iki dizi üstә оturmuş dеmәkdir. Qiyаmәt günü insаnlаrın diz üstә çökmәsi оnlаrın gücsüzlüyü, zәifliyi və hаqq qаrşısındа tәslim оlmаlarındаn dаnışır. Həmin ayədə buyurulur:

وَتَرَى كُلَّ أُمَّةٍ جَاثِيَةً كُلُّ أُمَّةٍ تُدْعَى إِلَى كِتَابِهَا الْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

“(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir:) “Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir!“

Mərhum Təbərsi “Məcməul-bəyan“ kitabında surə üçün 18-ci ayəyə uyğun olaraq məşhur olmayan “Şəriət“ adını da qeyd etmişdir. Həmin ayədə də belə buyurulur:

ثُمَّ جَعَلْنَاكَ عَلَى شَرِيعَةٍ مِّنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاء الَّذِينَ لَا يَعْلَمُونَ

“Sonra (ya Rəsulum,) səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!“
(“Təfsiri-nümunə“, 21-ci cild, səh.21.)

“CASİYƏ” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ حامیمَ الجاثِیَةَ سَتَرَ اللّهُ عَورَتَهُ وَسَکَّنَ رَوعَتَهُ عِندَ الحِسابِ

“Casiyə surəsini oxuyan (düşünərək həyatında tətbiq edən) şəxsin Allah-Taala hesab (qiyamət) günü eyiblərini örtər və qorxusuna sakitlik bəxş edər.“ (“Məcməul-bəyan“, “Casiyə“ surəsinin təfsirinin başlanğıcı.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الجاثِیَةِ کانَ ثَوابُها أن لا یَرَى النّارَ أبَداً وَلا یَسمَعُ زَفیرَ جَهَنَّمَ وَلا شَهیقَها وَهُوَ مَعَ مُحَمَّد(صلى الله علیه وآله)

“Casiyə surəsini oxuyan şəxsin savabı odur ki, o, heç vaxt cəhənnəm odu görməz, cəhənnəmin naləsini eşitməz və həzrət Muhəmmədlə (s) birgə olar.“ (“Burhan“, 4-cü cild, səh.167, “Casiyə“ surəsinin təfsirinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.225.)
Rza Şükürlü (Maide.az)