Rəcəb ayı - Cənnətə açılan bir qapı

Rəcəb ayında baş verən hadisələr

Bütün zamanlar aləmlərin Rəbbi olan Allah tərəfindən yaransa, ilin bütün ayları Onun qüdrət nişanəsi olsa da, Rəcəb, Şaban və Ramazan ayları xüsusi imtiyaz və fəzilətlərə sahibdir. Hətta cahillik dövrünün insanları belə Rəcəb ayını ehtiramla qeyd edirmişlər.

Rəcəb ayının fəziləti ilə bağlı nəql olunan hədislərin də sayı az deyildir və biz burada həmin hədislərdən bir neçəsini qeyd etməklə kifayətlənirik. İslam Peyğəmbərindən (s) Rəcəb ayının fəziləti ilə bağlı belə nəql olunur: “Rəcəb ayı çox böyük aydır... Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığını qazanar, Onun qəzəbindən amanda olar və cəhənnəm qapıları onun üzünə bağlanar.”

İmam Kazimdən (ə) də belə nəql olunur: “Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq düşər. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar.”

O həzrət başqa bir hədisdə belə buyurur: “Rəcəb – cənnətdə süddən ağ və baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq həmin bulaqdan dadacaq.” (“İqbalul-əmal”, səh.635.)

İmam Sadiqdən (ə) İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və Allahdan bağışlanmağınızı diləyin) ki, Allah bağışlayan və mehribandır. Bu aya “Əsəbb” (çox tökülən) deyilir, çünki bu ayda Allahın geniş rəhməti mənim ümmətimə nazil olar. Elə isə çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə!”

İbn Babəveyh mötəbər silsilə sənədlərlə Salimdən belə nəql edir: “Rəcəb ayının sonuna bir neçə gün qalmış imam Sadiqin (ə) hüzüruna getdim. Həzrət məni görcək buyurdu: “Heç bu ayda oruc tutubsan?” Dedim: “Xeyr, ey Peyğəmbər övladı!” Buyurdu: “Sənin nə qədər savabı əldən verdiyini yalnız Allah bilir... Allah-Taala bu ayda oruc tutan şəxsi əzizləməyi Özünə vacib bilib.” Sonra soruşdum: “Ey Peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam, oruc tutanların savabını qazanarammı?” Buyurdu: “Ey Salim! Kim bu ayın sonuncu gününü oruc tutsa, Allah onu “ölümün çətinlikləri”, ölümdən sonrakı qorxulu hadisələr və “qəbir əzabı”ndan qoruyar. Kim son iki gününü oruc tutsa, “Sirat” körpüsündən asanlıqla keçər. Kim son üç gününü oruc tutsa, böyük “Qiyamət” gününün qorxu və şiddətindən amanda olar və cəhənnəm əzabından qurtuluş vərəqini qazanar.”

İmam Sadiq (ə) bir hədisdə Rəcəb ayının kəramət və fəziləti ilə əlaqədar buyurur: “Qiyamət günü ilahi carçı fəryad edib deyər: «أين الرجبيّون؟» (Əynər-rəcəbiyyun?) “Rəcəb əhli (Rəcəb ayını əziz tutan və ondan layiqincə bəhrələnənlər) haradadır?” O qədər cəmiyyətin içindən bir zümrə ayağa qalxdıqda, çöhrələrinin nuru məhşər səhrasını işıqlandırar. Onların başına “dürr və yaqut” tacı qoyular, hər birinin sağ tərəfində min mələk, sol tərəfində də min mələk duraraq, Allah tərəfindən kəramətə sahib olduqları üçün təbrikə layiq görülərlər. Allah-Taala tərəfindən bir nida gələr: “Mənim bəndələrim və kənizlərim! İzzət və cəlalıma and olsun ki, sizə uca məqam, çoxlu ətalar verəcək, sizi altından çaylar axan bir yerdə məskunlaşdıracağam və siz orada əbədi olaraq qalacaqsınız. Çünki siz mənim möhtərəm qərar verdiyim bir ayda könüllü olaraq oruc tutdunuz.” Sonra mələklərə xitabən buyurar: “Ey Mənim mələklərim! Bəndə və kənizlərimi behiştə daxil et...!” Burada imam Sadiq (ə) buyurdu: “Bu savab Rəcəb ayının əvvəli, ya ortası, ya da axırında oruc tutan şəxsə əta olunacaqdır! (“İqbal”, səh.630.)

Demək, bu rəvayətlərə əsasən, Rəcəb ayında oruc tutmağın fəzilət və savabı olduqca çoxdur. Rəvayətdə deyilir ki, hər kim Rəcəb ayında oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, Rəcəb ayının orucunun savabına nail olar:

Subhanəl ilahil cəlil. Subhanə mən-la yənbəğit-təsbihu illa ləhu. Subhanəl əəzzil əkrəm. Subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.”

Tərcümə: “Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.”

Qeyd etmək lazımdır ki, əgər Rəcəb ayında heç bir hadisə baş verməsəydi, yenə həmin ay özəlliyini itirməyəcəkdi. Lakin onun fəzilət və özəlliyi ilə yanaşı, həmin ayda bir sıra hadisələr də baş vermişdir:

a) Rəcəb ayının 1-ci günü imam Muhəmməd Baqirin (ə) mövludu;

b) Rəcəb ayının 3-cü günü imam Əliyyən-Nəqinin (ə) şəhadəti;

c) Rəcəb ayının 10-cu günü imam Muhəmməd Təqinin (ə) və imam Hüseynin (ə) oğlu həzrət Əliəsğərin (ə) mövludu;

ç) Rəcəb ayının 13-cü günü imam Əmirəlmöminin Əlinin (ə) mövludu;

d) Rəcəb ayının 15-ci günü xanım Zeynəbin (s.ə.) vəfatı və müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün;

e) Rəcəb ayının 18-ci günü İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfatı;

ə) Rəcəb ayının 25-ci günü imam Kazimin (ə) şəhadəti;

f) Rəcəb ayının 26-cı günü imam Əlinin (ə) atası həzrət Əbu Talibin vəfatı;

g) Rəcəb ayının 27-ci günü İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı;

ğ) Rəcəb ayının 28-ci günü imam Hüseynin (ə) (60-cı hicri-qəməri ilində) Mədinədən Məkkəyə doğru hərəkət etdiyi gün;

Bir sözlə, Rəcəb ayı ilahi övliyaların bayramı, Allahla raz-niyazın baharı və “istiğfar” ayıdır. İslam Peyğəmbəri (s) və haqq canişinləri Rəcəb, Şaban və Ramazan aylarını ibadət, münacat, raz-niyaz və orucla keçirərdilər. Allahın saleh bəndələri də mübarək Ramazan ayına hazırlıq məqsədilə Rəcəb və Şaban aylarından layiqincə bəhrələnirlər!

Rza Şükürlü (Maide.az)