Rəqəmsal həyat 50 ildən sonra necə görünür

İlk kompüter şəbəkəsinin yaradılmasından 50 il keçir.
 
Bir çox ekspertlərin fikrincə, gələn 50 il ərzində rəqəmsal həyat insanların vəziyyətini daha da yaxşılaşdıracaq. Ancaq onlar belə bir xəbərdarlıq da edirlər ki, bu, insanlar daha yaxşı əməkdaşlıq edərsə, təhlükəsizliyi, təməl hüquqları və iqtisadi ədaləti bərpa edərlərsə baş verə bilər. “Pew” araşdırma mərkəzi yeni sorğunun nəticələrini açıqlayıb.
 
1969-cu il oktyabrın 29-da Los Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) professoru Leonard Kleinrock-un rəhbərliyi altında bir qrup aspirant Stenford Araşdırma İnstitutundan bir tədqiqat qrupuna kompüter vasitəsilə bağlanır. Bu, ARPANET şəbəkəsi vasitəsilə ilk belə bağlantı idi, bu günsə milyardlar internetlə kommunikasiya qurur.
 
Pew Elon Universitetindən İnternet Mərkəzi ilə birlikdə Kleinrock daxil olmaqla yüzlərlə texnologiya eksperti arasında sorğu keçirib. Ümumilikdə sorğuda 530 ekspert iştirak edib. Onlar növbəti 50 il ərzində internetin təkamülünün fərdlərin həyatına necə təsir göstərəcəyinə dair sualları cavablandırıblar.
 
Respondentlərin 72 faizi deyib ki, dəyişiklik yaxşılığa doğru olacaq. 25 faizin fikrincə, durum pisləşəcək, 3% isə ciddi dəyişiklik gözləmir.
 
Nikbinlər düşünürlər ki, gələn 50 il ərzində rəqəmsal uğurlar insan ömrünü uzadacaq, istirahətə daha çox vaxt qalacaq, sərvət və güc daha bərabər bölünəcək. Ancaq bu ekspertlərin demək olar hamısı xəbərdarlıq edirlər ki, korporasiyalar və hökumətlər daha artıq nəzarət qazana, datadan sui-istifadə edə; rəqəmsal bağlanan sistemlərin təhlükəsizliyində qüsurlar ortaya çıxa; daha böyük iqtisadi ədalətsizlik yarana bilər. Bunları önləməkdən ötrü vaxtında gərəkən addımlar atılmalıdır. /azadliq.org