Rəcəb ayının duaları mərifət ümmanıdır

 

Rəcəb ayının duaları mərifət ümmanıdır. Dua yalnız insanın öz qəlbini Allaha yaxınlaşdırmasından ibarət deyil. Əlbəttə, duada bu da var; duada öyrənmək və mənimsəmək də var; duada həm təlim, həm də ruhun saflaşdırılması var. Dualar – məsumlardan (ə) nəql olunan təsirli dualar həm zehni aydınlaşdırır, həm bizə həyatda ehtiyac duyduğumuz müəyyən həqiqət və bilikləri öyrədir, həm də qəlblərimizin diqqətini Allaha doğru yönəldir. Tanrını zikr edib xatırlamağa böyük dəyər vermək lazımdır. (Ali Rəhbərin imamətliyi ilə qılınan cümə namazının xütbələrindən – 19/06/2009.)

Rəcəb ayında möminlər əl açıb Allaha bu şəkildə dua edirlər:

اللَّهُمَّ فَاهْدِنِي هُدَى الْمُهْتَدِينَ وَ ارْزُقْنِي اجْتِهَادَ الْمُجْتَهِدِينَ وَ لا تَجْعَلْنِي مِنَ الْغَافِلِينَ الْمُبْعَدِينَ

(Əllahummə fəhdini hudəl-muhtədin, vərzuqni ictihadəl-muctəhidin, və lə təc`əlni minəl-ğafilinəl-mub`ədin.)

İlahi, məni hidayət olunanların yoluna yönəlt, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et və məni dərgahından uzaq düşən qafillərdən qərar vermə!

(Duada qeyd olunan) hər üç məqam nə qədər də əhəmiyyətlidir!

Sonda isə bağışlanma istənilir ki, bu da bütün işlərin əsasını təşkil edir:

وَ اغْفِرْ لِي يَوْمَ الدِّينِ

(Vəğfir li yəvməd-din.)

Qiyamət günü günahlarımı bağışla! (“İqbalul-əmal”, c.2, səh.643, İmam Sadiqin Rəcəb ayında hər gün oxuduğu dua.)

Bu duada Allahdan hidayət olunmuşların hidayətini, səy göstərənlərin səyini istəyirik. Diqqət edək, əgər bu iki amil bizdə olsa, bütün problem və çətinliklər həllini tapar – həm hidayət olunmuşların hidayəti nəsibimiz olar, həm də bəşər tarixində irəli düşüb iş görmüş və çalışıb-vuruşmuş insanların əzmi, səyləri bizim rəftarımızda, danışığımızda, xasiyyətimizdə özünü göstərər.

Duada qeyd olunan 3-cü məqamda bizi təhdid edən bir təhlükədən danışılır:

وَ لا تَجْعَلْنِي مِنَ الْغَافِلِينَ الْمُبْعَدِينَ

İlahi, ...məni dərgahından uzaq düşən qafillərdən qərar vermə!

Qəflət və məlumatsızlıq ən böyük təhlükədir. Tutduğun yolu bilməmək, hədəfinin nə olduğunu bilməmək, güc və imkanlarına bələd olmamaq, əlindəki fürsətlərdən xəbərsiz olmaq, düşmənini tanımamaq, bu gün çiyninə düşən vəzifənin nədən ibarət olduğunu bilməmək; qəflət və məlumatsızlıq. Bizim ən böyük düşmənimiz qəflətdir, məlumatsızlıqdır. Bizi başqa düşmənlərimizin qarşısında çökdürən birinci düşmənimiz qəflətdir.

Bu qəflətin nəticəsi isə uzaqlaşmaqdır – Allahdan uzaqlaşmaq, hədəfdən uzaqlaşmaq, arzularımıza çatmaqdan uzaqlaşmaq. Duaların məzmununda tövhid var, Uca Allahın məqamını tanıma var, həyat dərsi var; gəlin duaları oxuyarkən bunlara diqqət edək və bu Rəcəb ayının ab-havasından bəhrələnək. (Ali Rəhbərin müəllimlərlə görüşü zamanı etdiyi çıxışından – 6/5/2015.)

Maide.az – Maarif bölümü