İran Mədəniyyət günlərinə start veriləcək - mayın 13-də

Bakıda İran Mədəniyyət günlərinə start veriləcək.
 
Bu barədə İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi deyib. Mədəniyyət günləri 13-15 may tarixlərində keçirilməklə, üç gün olacaq. "Mədəniyyət günləri çərçivəsində yaranmış fürsətdən istifadə edərək, İranın mədəni və turizm imkanları, eləcə də görməli məkanları nümayiş etdiriləcək" deyən Ə.Farsi əlavə edib ki, iranlı sənətçilər Azərbaycana səfər edərək bu günlərdə xalçaçılıq, dulusçuluq, ağac üstə oyma sənətinin nümunələrini təqdim edəcək. 
 
Mədəniyyət Mərkəzinin rəhbəri eləcə də, Bakıda keçiirləcək IV İslam Həmrəyliyi Oyunlarına da toxunaraq, onu İranın qədim, köklü mədəniyyət və sivilizasiyasının tanıtdırılması üçün yaxşı bir fürsət adlandırıb. "Oyunlarda iştirak məqsədilə İrandan böyük nümayəndə heyəti gələcək. Ona görə də Azərbaycanın mədəniyyət orqanları ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən, Mədəniyyət günlərinin də bu ərəfədə keçirilməsinə qərar verdik", - deyib Ə.Farsi. (hafta.az) /