İran səfirliyi: ‘Dağlıq Qarabağ’ komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib

İranın Azərbaycandakı səfirliyi "Dağlıq Qarabağ"dan olan komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.
 
Bildirilib ki, səfirliyin İranın rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib.
 
Qeyd olunub ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.
 
“Səfirlik bir daha vurğulayır ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz”, - məlumatda bildirilib.
 
Qeyd edək ki, İranda ənənəvi erməni idman olimpiadası keçirilir. Yarışmaya qondarma “Dağlıq Qarabağ”ın komandasının da qatılması barədə xəbərlər yayılıb.