Rusiyadan sonra ən çox məhkum Türkiyədədir

 

İnsan hüquqlarını müdafiə etməkdən məsul 47 üzvlü Avropa Şurası illik cəza statistikası hesabatını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, hesabatda bildirilir ki, 2018-2019-cu illər arasında Avropa daxilində hər 100 min nəfərə düşən məhkumların sayı faktiki olaraq dəyişməyib.
 
Həbsxanalarında məhkum sayının ən çox artdığı ölkələr 13 faizlə Türkiyə, 11 faizlə Kipr və 9 faiz artımla Bolqarıstandır.
 
Rusiyadan sonra həbsxanalarında ən çox məhkum saxlayan Türkiyə həddindən artıq sıx kameralar və 65 yaşdan yuxarı məhkumlar mövzusunda liderdir. Türkiyədə hər 100 məhkum üçün nəzərdə tutulmuş kameralarda 123 nəfər saxlanılır.
 
31 yanvar 2019-cu il tarixində həbsxanalarında ən çox məhkum olan ölkələrin başında 563,166 məhkumla Rusiya gəlir.
 
Bu ölkəni 269 min 806 məhkumla Türkiyə təqib edir.
 
Sonra İngiltərə, Polşa, Almaniya, İtaliya, İspaniya və Ukrayna gəlir.
 
Avropa Şurasının İnsan Hüquqları üzrə nümayəndəsi Dunya Miyatoviç, həbsxanalarda yaşayış səviyyəsinin artmasına diqqət çəkib və hökumətləri koronavirusun yayılmasına qarşı tədbir görməyə çağırıb.
 
"Covid-19" səbəbiylə bəzi həbsxanalarda ölən məhkumların və mühafizəçilərin olduğunu söyləyən Miyatoviç, xəstələrə, qadınlara, uşaqlara və qocalara üstünlük verilməsinin vacibliyini qeyd edib.