Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO

13:45
 
Rusiya İstintaq Komitəsi Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada yaralananların sayı barədə dəqiq rəqəm açıqlayıb.
 
APA-nın məlumatına görə, İstintaq Komitəsindən atışmada 28 nəfərin yaralandığı bildirilib.
 
Bundan əvvəl silahlı insident nəticəsində 8 nəfərin həlak olduğu, 19 nəfərin yaralandığı açıqlanmışdı.
 
 
12:05
 
Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.
 
Məlumatı “RİA Novosti” yayıb.
 
Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.
 
12:00
 
Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.
 
Hücum nəticəsində 14 nəfər yaralanıb.
 
Bildirilir ki,  Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.
 
Hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.
 
T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.
***
11:50
 
Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti universitetin tələbələrindən biri törədib.
 
Həmçinin qeyd olunur ki, atışma zamanı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
 
***
Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.
 
İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.
 
Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. 
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.