Səfir: “Hazırda məqsədimiz Türkiyə, Azərbaycan və İran prezidentlərinin zirvə görüşünü hazırlamaqdır”

“Azərbaycan, Türkiyə və İran üç qardaş ölkədir. Bu üç ölkənin bir çox müştərək tərəfləri və onları bir-birinə bağlayan tellər var”.
 
Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin APA-nın Tehran müxbirinə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan, Türkiyə və İran hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə çox geniş əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik. İkitərəfli əməkdaşlıqları üçtərəfli formatda inkişaf etdirmək niyyətindəyik. Bu sahədə müəyyən görüşlər də keçirilib. Ötən il İranın Ramsər şəhərində üç ölkənin xarici işlər nazirlərinin toplantısı oldu”.
 
Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial mövcuddur: “İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin zirvə görüşünü hazırlamaqdır. İranda yaxın günlərdə prezident seçkiləri keçiriləcək. Seçkilərdən sonra zirvə toplantısı ilə bağlı məsələlər daha ciddi şəkildə müzakirə ediləcək. Hazırda görüşün tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”. /