Səudiyyə rejiminin Yəmənə qarşı hücumlarında 42135 dinc insan ölüb və yaralanıb

Yəmənin “Ayn” İnsan Haqları Mərkəzinin yaydığı hesabata görə, Səudiyyə rejiminin Yəmənə qarşı 1700 gün ərzində davam etdirdiyi təcavüzkar hücumlarda 42135 dinc insan həlak olub və yaralanıb.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, “Ayn” İnsan Haqları Mərkəzinin hesabatına görə, Səudiyyə rejiminin 25 mart 2015-ci ildən indiyə qədər Yəmənə qarşı 500 mindən artıq hava hücumu, 100 min yerüstü və dəniz hücumu həyata keçirib. Hesabatda Səudiyyə rejiminin 1700 günlük təcavüzkar hücumlarında 16447 insanın həlak olduğu, bunlardan 3672 uşaq, 2337 qadın olduğu bildirilib.
 
Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı koalisiya qüvvələrinin 1700 gün ərzində davam etirdiyi hücumlarda yaralanan 25688 nəfərdən 3838 uşaq, 2689 qadın olduğu qeyd olunub.
 
Hesabata görə, Yəmənə qarşı yarım milyondan artıq həyata keçirilən hücumlarda 461460 ictimai obyektin məhv edildiyi və bunlardan 451684-nün yaşayış binası olduğu bildirilib. Bundan başqa, 1052 məktəb, 383 xəstəxana ilə səhiyyə mərkəzi, 172 universitet və ali təhsil binası, 6112 kənd təsərrüfatı sahəsi, 1294 məscid, 46 informasiya obyekti, 240 arxeoloji abidə, 349 turizm obyekti təcavüzkar hücumlarda məhv edilib.
 
Təcavüzkar hücumlarda, həmçinin 15 aeroport, 16 liman, 3575 yol və körpü, 294 elektrik stansiyası və generator, 1856 anbar və su şəbəkəsi, 514 rabitə stansiyası məhv edilib.
 
Hesabatda eləcə də, 348 müxtəlif fabrik, 10601 ticarət müəssisəsi, 660 bazar, 390 toyuq ferması, 857 ərzaq mağazası, 384 yanacaqdoldurma məntəqəsi, 6127 nəqliyyat vasitəsi, 283 yanacaq anbarı, 717 ərzaq karvanı, 454 balıqçı gəmisi olmaqla 20819 sənayə və iqtisadi obyektin məhv edildiyi bildirilib.