Səudiyyənin Yəməndə aviazərbələri nəticəsində ölən mülki şəxslərin sayı 25-ə çatıb

Sədiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri Yəmənin əl-Couf və Mərib əyalətlərinə şiddətli aviazərbələr endiriblər. Əl-Couf əyalətinə endirilən hava zərbələrində ölənlərin sayı 25-ə çatıb.
 
Maide.Az "tasnimnews"ə istinadla xəbər verir ki, bu barədə Yəməndə əl-Couf əyalətinin  səhiyyə mənbələri məlumat veriblər.
 
Bildirilib ki, ayın 14-də rayonun Musaafatil əl-Maraziq bölgəsinə endirilən hava zərbələrində çoxu qadın və uşaq olmaqla 25 mülki şəxs həyatını itirib.
 
Məlumata görə hava zərbələri axşam çağı qadınların olduğu toy mərasimi zamanı endirilib.
 
Qeyd edək ki, cari ayın 12-də də Həcca əyalətinin əl-Vəhşa rayonuna endirilən oxşar hava zərbələri nəticəsində hamısı qadın və uşaq olmaqla 9 nəfər həyatını itirmişdi.
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.