Səudiyyə rejiminin Yəmənə 2000 günlük hücumunun ağır nəticəsi - HESABAT

“Eynül-İnsaniyyə” Hüquq Mərkəzi Səudiyyə Ərəbistanın Yəmənə 6 ilə yaxındır  davam edən təcavüzü nəticsəində törətdiyi cinayətlərin və Yəmən infrastrukturunun yox edilməsinə dair hesabat dərc edib.
 
Maide.Az xarici KİV-ə  istinadən xəbər verir ki, hesabatda qeyd olunur ki, Səudiyyə Ərəbistan rejiminin 26 mart 2015-ci ildən Yəmənə təcavüzündən keçən 2000 gün ərzində 43 min 181 nəfər sivil öldürülüb və ya yaralanıb.  
 
Səudiyyə rejiminin hücumları nəticəsində 3790 nəfərin uşaq, 2381 nəfərinin isə qadın olmaqla 16 min 978 nəfərin şəhid edildiyi qeyd olunub.  Eyni zamanda hesabatda hücumlar nəticəsində 2780 nəfəri qadın, 4089 nəfəri də uşaq olmaqla 26 min 203 yəmənlinin də yaralandığı açıqlanıb.
 
Səudiyyəlilərin Yəmən infrastrukturunu hədəf alan hücumlarına bağlı rəqəmlərin də qeyd olunduğu hesabatda Səudiyyə rejiminin hücumları nəticəsində 15 aerodromun, 16 limanın, 537 rabitə stansiyasının, 304 elektrik stansiyasının, 739 su anbarının və 442 dəmiryol stansiyasının yox edildiyi vurğulanıb. Təqribən 565 min 937 yaşayış evinin , 576 min 528 ictimai xidmət mərkəzinin, 176 universitet, 1375 məscid, 365 turizm mərkəzi və 389 xəstəxana və tibb mərkəzinin tamamilə dağıdıldığı və ya ziyan gördüyü qeyd olunub. 
 
Məlumata görə,  Səudiyyə təcavüzü nəticəsində 1095 məktəb və təhsil mərkəzi, 6732 əkin sahəsi, 132 idman mərkəzi, 244 tarixi və arxeoloji məkan və 47 məlumat mərkəzi tamamilə dağıdılıb. 
 
Hesabatda Səudiyyə hücumlarının Yəmən iqtisadiyyatına vurduğu ziyanla bağlı rəqəmlər də açıqlanıb. Belə ki, Səudiyyə hücumları nəticəsində 6.899 nəqliyyat vasitəsi, 463 balıqçı qayığı, 884 ərzaq anbarı, 391 yanacaqdoldurma məntəqəsi, 672 bazar və 783 yemək maşını hədəf alınaraq məhv edilib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb.