Quranda İslami təfəkkür tezisi - 8-ci məclis (AUDİO)

İSLAM DÜNYAGÖRÜŞÜNDƏ TÖVHİD

 

Cümə axşamı – 1974-09-26

Ramazan ayının 9-u.

بسم الله الرحمن الرحيم

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahdan başqa, heç bir məbud (ilah) yoxdur. Diri və əbədidir. Onu nə mürgü, nə də yuxu tutar (bir an belə qəflətə dalmaz). Göylərdə və yerdə nə varsa Onundur. Onun izni olmadan Onun hüzurunda kim şəfaət (və vasitəçilik) edə bilər? O, onların (bəndələrin) keçmiş və gələcəyini bilir. Onların (bəndələrin) elmi Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şeyi əhatə edə bilməz. Onun qüdrət və hökmranlığı göyləri və yeri əhatə etmişdir. Göyləri və yeri mühafizə etmək Onun üçün heç də çətin deyildir. Odur ən uca, ən böyük!

“Bəqərə” surəsi, ayə 255.

…Bir sözlə, Qurani-Kərimdə tövhid ayələrini seçib sizin üçün tərcümə edəcəyik və (bundan sonra) siz özünüz araşdırma aparın ki, (birinci,) Qurani-Kərimdə “tövhid” dedikdə, nə nəzərdə tutulur? (İkinci,) onun həyatda öhdəliklər və kriteriyaları nədir? Əlbəttə, əgər yadınızdadırsa, ötən bəhslərimizdə qeyd etdik, ki, əvvəla, hər bir dini prinsip və əqidəyə iman kor-koranə deyil, mütləq agahlıq və düşüncəyə əsaslanmalı, ikinci də, iman öhdəliklərlə birgə olmalıdır. Bizim iman gətirdiklərimiz həyatımızda – həm fərdi, həm də ictimai əməl və rəftarlarımızda, həm bəşəriyyətdə, həm də gələcək tarixdə məsuliyyət və öhdəlik yaratmalıdır. Tövhid bəhsinə bu müqəddimə ilə yanaşdıqda, təbii ki, bu bəhs də öhdəlik gətirəcəkdir. Tövhid bəhsini elə araşdırmalıyıq ki, əvvəla, tövhidə agah şəkildə çataq, ikinci də, görək, onun bizim öhdəmizə qoyduğu vəzifələr hansılardır? Görəsən, tövhid məsuliyyətsiz və öhdəliksiz bir anlayışdırmı? Görəsən, tövhid əməlsiz və mükəlləfiyyətsiz bir həqiqətdir, yoxsa insanın öhdəsinə mükəlləfiyyətlər, vəzifə və məsuliyyətlər qoyan bir agahlıq və bilikdir? Qurana müraciət etdikdə, bu sualın cavabını görəcəyik.

Beləliklə, biz bu gün tövhidlə bağlı nəzərdə tutduğumuz ayələri xüsusi prizmadan, sabah və növbəti günlərdə də başqa bir prizmadan araşdıracağıq. Mən tövhid bəhsinin bütün yönlərini Quran ayələrinə istinadən bir neçə gün ərzində araşdırıb yekunlaşdıracağımı iddia etmirəm. Şübhəsiz, hər kəs dərin mütaliə, daha dəqiq, daha aydın nəzərlə Qurana müraciət etsə, tövhid bəhsinin sonsuz okean olduğunu görəcək. Biz də vaxtımızı və məclisimizin tutumunu nəzərə alıb bu haqda danışacağıq. (Əlbəttə, bu mövzuda bütün bildiklərimizi belə xülasə şəkildə qeyd edib yekunlaşdıra bilməyəcəyik.)[1]

Bir sözlə, biz tövhid mövzusunu iki konteksdən araşdıracağıq, ola bilsin ki, bəhs əsnasında nəzərə zəruri çarpan digər məsələlərə də toxunaq; öncə İslam dünyagörüşündə tövhid məsələsini araşdıracağıq. Şübhəsiz, tövhid bəhsi İslam dünyagörüşünə məxsusdur. İslam dünyagörüşündə tövhid nə deməkdir və onun mənası nədir? Quran ayəsi və Quranın səlis dili İslam dünyagörüşündə bəhs edilən tövhidi necə şərh edir? Sonrakı bəhsimiz isə İslam ideologiyasında tövhid bəhsinə aiddir. Əlbəttə, “dünyagörüşü” və “ideologiya” ifadələri ilə tanış olmayanlara bu iki ifadə haqqında qısa şəkildə izah edəcəyəm. Çünki tövhid həm İslam dünyagörüşünün, həm də İslam həyatının qurulucuğuna xas olan ideologiyanın bir hissəsindən ibarətdir.

Bunlara rəğmən, tövhid İslamın bütün şəriət məsələlərində özünü göstərir; siz hər zaman tövhidəzidd hər bir dini hökm və qanunla üzləşdikdə, bilin ki, onun İslama heç bir aidiyyatı yoxdur. Çünki tövhid İslam qanunlarında bədəndə bir ruh, onun bütün damarlarında axan pak və təmiz bir qan, “İslam” adlı bir binanın bütün fəzasını əhatə edən saf hava kimidir. İslamda tövhid rəngi və əlamətinə sahib olmayan bir hökm belə tapa bilməzsiniz. Bir sözlə, biz bu gün İslam dünyagörüşündə tövhid haqqında bəhs edəcəyik.

İslam dünyagörüşü nə deməkdir? Siz bir insan olaraq dünya və insanla bağlı öz şüur və düşüncənizə müraciət etdikdə, bir sıra təsəvvürlərin formalaşdığını görəcəksiniz. Ola bilər ki, siz bu haqda heç düşünməmisiniz, lakin düşünənlər insan və dünya, onların rabitəsi, metafizik aləm haqqında düşündükdə, onda bir sıra təsəvvürlər yaranacaqdır. Buna “dünyagörüşü” deyilir. Hər bir məktəbin dünya ilə bağlı özünəməxsus təfəkkür tərzi və nəzəriyyəsi vardır. Buna dünyagörüşü deyilir. (Dilimizdə işlənən yeni terminlərdəndir.) Dünyagörüşü avam dildə işlənən “geniş nəzər” mənasında deyil; “filankəsin dünyagörüşü var” – dedikdə, onun geniş nəzər sahibi olması nəzərdə tutulur. Dünyagörüşü bu mənanı ifadə etmir.

Bir sözlə, dünyagörüşünü qısa şəkildə belə tərif etmək olar: “İnsanın insan, dünya, hansısa bir məktəb, məslək, ayin, ictimai bir proseslə bağlı anlayış və təfəkkür tərzinə dünyagörüşü deyilir.” İslamın da bir dünyagörüşü, dünya ilə bağlı bir baxış açısı var. Burada İslamın tövhidlə bağlı bəhsimizə aid dünyagörünüşünə qısa şəkildə toxunacağıq.

İslama görə, dünya adlı bir məcmuə – yuxarıdan aşağı, kiçik varlıqlardan tutmuş böyük varlıqlara qədər, ən kiçik canlı və cansız varlıqlardan tutmuş ən şərəfli və qüdrətli canlı və ağıllı varlığa – insana qədər hər bir şey, bu kainatın hər yeri, hər kəsi və hər varlığı daha əzəmətli bir qüdrətə bağlıdır. Bizim gördüyümüz bu zahiri aləmin, hiss etdiyimiz bütün fenomenlərin fövqəltəbiəti hər bir həqiqətdən üstün, şərəfli və sevimlidir, bu aləmin hər bir hissəsi Onun qüdrət əli ilə yaranıb formalaşmışdır. Həmin üstün qüdrətin bir adı var, o da Allahdır. Demək, dünya öz-özünə müstəqil bir həqiqət deyil, özü özünü yaratmamış, öz-özünə formalaşmamışdır, əksinə elm irəlilədikcə sayı daha da çoxalan bu müxtəlif fenomenləri, varlıqları, zərrəcikləri, hələ bizim dərkimizin fövqündə olan metafizik aləmi, planetləri, qalaktikaları, bu günə qədər kəşf etdiklərimizin milyardlarla bərabərinin hələ də kəşf olunmadığı qalaktikaların fövqünü – bütün bunları qüdrətli bir əl yaratmış, ona varlıq vermişdir. Bu emalatxananın bir qurucusu var; bu dəm-dəstgah təsadüfi deyil, öz-özünə formalaşmayıb, onun bir yaradanı var. İslam dünyanı belə görür. Bunlar tövhidlə bağlı İslam dünyagörüşünün materiallarıdır və biz burada bu haqda qısa şəkildə söz açacağıq.[2]

Yaradaılmışlardan üstün olan, bütün varlıqları yaradıb idarə edən, onları yavaş-yavaş möhkəmlədən o qüdrətli əlin adı Allahdır. O, zatən bütün gözəlliklərin və gözəl yarananların sahibidir, elmli, qüdrətlidir, diridir, iradəlidir, bu sifətlərdən qaynaqlanan hər bir şeyin sahibidir, o, həyatı başqalarından almamış, elmi başqalarından götürməmişdir və s.

O, aləmlərin ixtiyar sahibidir. Aləmlər kimlərdir? Aləmin zərrəciklərinin Onun müqabilində rolu nədir? Onun yaratdığı zərrəciklər ana bətnindən ayrılmış körpə tək ayrıdır, yoxsa, məsələ başqadır? Bunlar hər an yaşamaq və qalmaq üçün Ona, Onun qüdrət və iradəsinə möhtacdır. Hamı Onun köləsidir. Bütün varlıqlar Onun bəndələri, qulları, yaratdıqları və məxluqlarıdır. Onların hamısında təsərrüf edə bilər. Hamısını xas sistemlə yaratmış, dəqiq sünnə və qanunlar əsasında meydana gətirmişdir. Hələ bu qanunları elm bu gün kəşf edir. Əlbəttə, bəhsimiz bu zəmində deyil, yəni Allahın varlığını isbat etmək bəhsimizdən kənardır, bu haqda çox kitablar yazılmışdır, gedin oxuyun. Lakin burada bir neçə təcrübi elmlərin, laboratoriya sahəsində fəaliyyət göstərən mütəxəssisin sözünü qeyd etmək də yerinə düşər. Bir neçə xarici yazıçının qələmə aldığı və üç iranlı alimin tərcümə etdiyi “Allahın varlığının isbatı” adlı dəyərli kitaba müraciət etsəniz, yaxşı olar. Bu gün təcrübi elmlərin mütəxəssisləri qeyd edirlər ki, elmi tərəqqi, varlıqlar və məxluqlar barəsində tədqiqat, dəqiq qanunların kəşfi sayəsində dünyanın yaradıcısı olduğunu anlayırıq. Dünyaya hakim sistem və nəzmi gördükdə, onun bir yaradanı olduğunu başa düşürük. Demək, bütün dünya varlıqları Onun qulları, məxluqlarıdır, hamı Onun ixtiyarında, qüdrət əlinin altındadır, insan da digər varlıqlar kimidir.

İslam dünyagörüşündə tövhidin mənası budur; tövhid, yəni dünyanın bir yaradanı, bir qurucusu vardır, başqa sözlə, dünya pak və lətif ruha sahibdir. Yaradan Allahın qüdrəti ilə vücuda gələn varlıqdır, dünyanın bütün hissələri Onun bəndələri və onların ixtiyar sahibidir. İslam dünyagörüşündə tövhid dedikdə, bu məna nəzərdə tutulur. Bir müsəlman İslam gözü ilə bu dünyaya baxdıqda, onu müstəqil bir varlıq deyil, üstün bir qüdrətdən asılı bir varlıq olduğunu görür. Bunun təsir və faydası nədir? Qəribə təsiri vardır. Tövhidlə bağlı növbəti bəhslərimizdən bu baxış, bu xas dünyagörüşü, aləmlərlə bağlı bu təfəkkür tərzinin həyat quruculuğunda hansı təsirlərə malik olması aydın olacaq.

Quran ayələrinə müraciət etdikdə, aləmlərin Rəbbinin də eynilə elə bu mətləbə toxunduğunun şahidi oluruq. Bu məqsədlə Quranın iki ayəsini tilavət və tərcümə etməyi nəzərdə tutmuşuq. Birincisi, “Bəqərə“ surəsinin “Ayətül-kürsü“ adı ilə məşhur olan 255-ci ayəsidir. “Ayətül-kürsü“nün ilk hissəsi bu mövzuya həsr olunur. İndi isə tilavət və tərcümə edirik:

بسم الله الرحمن الرحيم.اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ

“Mehriban və Rəhmli Allahın adı ilə. Allahdan başqa, heç bir məbud (ilah) yoxdur.

Heç bir izahla bəyan olunmyan bir ifadə – Allah! Allah kimdir? Bir varlıqdır ki, Ondan başqa, heç bir məbud yoxdur. Ayədə qeyd olunan “ilah” sözünü “məbud” tərcümə edin. İlah – bir varlıqdır ki, insan onu pak və müqəddəs bildiyi üçün onu uca tutur, ehtiram edir, onun müqabilində baş əyib təvazökarlıq göstərir, öz ixtiyarını ona həvalə edir, həyat ipini ona tapşırır, həyatını qeyd-şərtsiz onun himayəsində görür. Quran terminologiyasında bu varlıq “ilah” adlanır. Həyat ipini nəfsi istəklərinə tapşıranların ilahı (məbudu) nəfsi istəkləridir. Təcavüzkar və üsyankar bir insanı öz həyatına müdaxilə etməyə icazə verənlərin ilahı şeytandır. Puç ənənə və əqidələrə qeyd-şərtsiz boyun əyənlərin ilahı elə həmin puç ənənə və əqidələrdir. İnsanın varlığı və həyatına qeyd-şərtsiz müdaxilə edən və hakim olan hər bir şey onun ilahı və məbududur. Bu məqamda belə deyilir: لاَ إِلَـهَ إِلاَّ هُوَ Ondan başqa, heç bir məbud yoxdur.

“Yoxdur“ nə deməkdir? Yəni dünyada yoxdur? Axı dünyada minlərlə məbud var idi. Elə Allahın evi Kəbədən üç yüz altmış məbud və oyuncaq asılmışdı. Bir o qədər də dünyada canlı oyuncaqlar hökmranlıq edirdilər. Necə “məbud“ yoxdur? لاَ إِلَـهَ إِلاَّ هُوَ Ondan başqa, heç bir məbud yoxdur.– ifadəsində məqsəd Allahdan başqa, həqiqi və qanuni məbud və ilahın olmamasıdır; belə ki, Allahdan başqa, hər kimi (qeyd etdiyimiz mənada) allahlıq və məbudluğa qəbul etsəniz, üsyan etmiş, haqqa qarşı çıxmısınız, çünki Allahdan başqa, heç kim allahlıq və məbudluğa layiq deyildir.

Bu yeganə və tək Allah və ilahın xüsusiyyəti nədir? Sözügedən ayədə Onun bir neçə xüsusiyyətindən söz açılır:

الْحَيُّ

“Diridir.“ Bütün varlıqlar ölü və murdardır, O isə diridir. Cansız varlıqlar aydındır, canlılar da ölüdür; bir canlı ki, bir gün yox idi, bir gün də olmayacaq; bir canlı ki, canı daim təhdid içindədir; bir canlı varlıq ki, həyatı bəzən bir tükün hərəkəti, beynin fəaliyyəti nəticəsində yoxluqla təhdid olunur. Axı bu necə həyatdır? Həyat əbədi, əzəli və həqiqi diri varlığa məxsusdur və bütün canlılara hədiyyə və töhfəsidir. O Allahdır.

الْحَيُّ

“Diridir.“

الْقَيُّومُ

“Əzəli və əbədidir.“ Həyatı daimi, həmişəlikdir. Həyatda olanar Onun həyatı ilə diridir, əgər O olmasa və iradə etməsə, dünyada bir varlıq və bir məxluqdan əsər-əlamət belə olmaz. Əzəli və əbədi varlıq Odur.

لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ

Onu nə mürgü, nə də yuxu tutar.“

Onu nəinki ağır yuxu, heç yüngül yuxu da tutmaz. Bunun mənası nədir? Yəni, Onun varlığı və həyatında bir an belə qəflət və diqqətsizlik yoxdur. Digər varlıqlar, yalançı tanrılar öz ixtiyarında olanlardan qəflət edir, hakim olduqları dünyadan tamamilə xəbərsizdirlər, agahlıq iddiası etsələr də bəzən, agahlıqlarında yanılır, qəflət və nadanlıq onlara hakim kəsilir.

أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُواْ نِعْمَةَ اللّهِ كُفْرًا وَأَحَلُّواْ قَوْمَهُمْ دَارَ الْبَوَارِ. جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ

Məgər Allahın nemətini küfrə dəyişənləri (Allahın nemətlərinə nankor olanları) və öz qövmünü (və ardıcıllarını) ölüm (həlakət və bədbəxtlik) yurduna sövq edənləri görmədinmi? Onlar Cəhənnəmə daxil olacaqlar. (Özləri Cəhənnəmə daxil olacaqları kimi, bədbəxt ardıcıllarını da özləri ilə Cəhənnəmə çəkib aparacaqlar.) Ora necə də pis məkandır![3]

İmam Kazim (ə) bu ayəni Harun Ər-Rəşidə oxudu və dedi: Sən onlardansan.[4]

Əgər Harun qafil olmasaydı, nə üçün özü ilə birgə qövmünü də Cəhənnəmə çəkib aparmalıdır? Demək, digər məbudlar bütünlüklə qəflətdədirlər.

Qəflətə dalmayan yeganə varlıq bu dünyanın həqiqi hakimidir: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ Onu nə mürgü, nə də yuxu tutar.“

Ayədə qeyd olunan “sinəh“ sözüyalnız “mürgüləmək”, “nəvm“ sözü isə yalnız “yuxu” mənasında deyildir. Allahdan yüngül və ağır yuxunu inkar edən bu sözlər daha dərin və daha artıq mənaları ifadə edirlər. Yoxsa, bu ifadələrin bu ayədə işlənməsinin heç bir zəruriliyi olmazdı. Nə üçün? (Bunun səbəbini növbəti bəhslərdə geniş şəkildə qeyd edəcəyik.) Çünki tövhidlə bağlı hər bir işarə və nöqtə Allahdan qeyrisinin “allahlıq“ məqamının inkarına və Ondan başqasının nöqsanlarına işarədir; Allahla bağlı nə isbat olunursa, onu allahlıq iddiası edənlərdən inkar edir, tövhid bəhsində deyilənlər allahpərəst və təkallahlıların həyatında öz əksini tapmalı, onun bütün xüsusiyyətləri, incəlikləri və nümunələri təkallahlı insanın həyatında cilvələnməlidir. Biz bu haqda gələcək bəhs və tilavətlərdə söz açacağıq. Bir sözlə, الْحَيُّ الْقَيُّومُ “Diri və əbədidir.“ – ifadəsi yalançı tanrı və məbudların qəflətləri, yuxuları və nadanlıqlarına işarədir.

لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ

Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa Onundur.Onun mülkü və quludur.

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

Allahın izni olmadan Onun hüzurunda kim şəfaət (və vasitəçilik) edə bilər?

Allahın müqabilində şəfaətçi olaraq özünü göstərə bilən bir qüdrət tanımırıq. Əgər kimsə başqalarına şəfaət edəcəksə, o da Allahın izni ilə olacaqdır. Peyğəmbərlər, övliyalar, imamlar, əməlisalehlər, möminlər və şəhidlər Allahın hüzurunda şəfaət edəcəklər, lakin bu, Onun izni olmadan baş tutmayacaqdır. Demək, onların qüdrəti Allahın qüdrəti müqabilində heçnədir. Belə deyil ki, Allahın yaratdığı sistem müqabilində onların da ayrıca sistemi olacaq, xeyr, onlar da Allahın bəndələridir, lakin Allahın xas lütf və məhəbbətinə şamil olan bəndələridir.

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

Allahın izni olmadan Onun hüzurunda kim şəfaət (və vasitəçilik) edə bilər?

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ

O, onların (bəndələrin) keçmiş və gələcəyini bilir.

O, insanların və digər varlıqların həyatını bütünlüklə əhatə etmişdir.

وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء

Onlar(ın elmi) Allahın elmindən Onun Özünün istədiyindən başqa, heç bir şeyi əhatə edə bilməz.

Görün, bütün aləm necə də iki cərgəyə ayrılır: Bir cərgəsi Allahın cərgəsi, digəri isə varlıqların cərgəsidir. İkinci cərgədə olan bütün varlıqlar birmənalı olaraq Allahın bəndələridir. Demək istəyirəm ki, Allaha bəndəçilik baxımından iki varlıq arasında heç bir imtiyaz yoxdur, onlar Allahın bəndələri olduğu, Onun qüdrət və hakimiyyəti altında olduğundan bərabərdirlər, hətta dünyanın və insan tarixinin ən böyük, ən əziz və ən dəyərli varlığı – Peyğəmbəri-Əkrəmin (s) müqəddəs varlığı Allahın bəndəsi və Onun ixtiyarında olması nöqteyi-nəzərindən digər varlıqlarla bərabərdir; həm Peyğəmbəri-Əkrəm (s) Allahın hakimiyyəti altındadır, həm də digər varlıqlar. Bir peyğəmbərin, bir ilahi şəxsin və bir böyük şəxsiyyətin Allah dərgahında sevimli, izzətli və ucaməqamlı olması onun Allah müqabilində qüdrət sahibi olması anlamında deyil, əksinə, o da Allaha təslim olan bir quldur, onun böyüklüyü də elə budur. Namazın təşəhhüdündə belə deyirik:

وَاَشْهَدُ انَّ مُحَمَّداً عَبدُهُ وَرَسُولُه

Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və peyğəmbəridir.

Burada onun Allaha bəndə olması önə çəkilir, birinci Allahın bəndəsi olması qeyd edilir.

وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ

Onun qüdrəti göyləri və yeri əhatə etmişdir.

وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا

Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.

وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Ən uca, ən böyük varlıq da Odur!

Hər ayə və kəlmədəki incə nöqtələrdən başqa, bu ayənin məcmusundan nə başa düşürsünüz? Ola bilsin ki, bəzi incəlikləri siz, bəzilərini də mən anlayım, amma onlarla, yüzlərlə incəliklər var ki, Allahın xas bəndələrindən başqa, heç kim başa düşmür. İmam Səccad (ə) اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ (Allahdan başqa heç bir məbud yoxdur.) – ifadəsindən başa düşdüyü incəlikləri mən və siz başa düşə bilmirik. Bu incəliklər, ictimai və etiqadi məsələlərdən başqa, sözügedən ayənin məcmusundan nə başa düşürsünüz?

Ayənin məcmusundan Allahla bağlı ələ gətirdiyiniz islami düşüncə nədir? Budur ki, bütün varlıq məntəqəsində “Allah” adlı bir qüdrət, həyat və elm ocağı vardır. Bütün varlıqlar bəndəçilik, kiçiklik və yoxsulluq hissi ilə o böyük və əzəmətli qüdrətə möhtacdır. O qüdrət ocağına bəndəçilikdə varlıqlar arasında da heç bir fərq yoxdur. Bir zərrəcikdən tutmuş böyük planetlərə qədər, istər mömin insan olsun, istərsə də kafir, istər dəyərsiz heyvan olsun, istərsə də dəyərsiz insan – hamılıqla o əzəmətli varlıq müqabilində təslimdir, Onun bəndələridir; istədiyiniz ifadəni işlədə bilərsiniz.

Əlbəttə, bu mövzunu anlamaq İslam ideologiyası ilə tanışlıqda və cəmiyyətin islami göstərişlərə əməl etməsində təsirə malikdir. Bu barədə zehninizin aydınlaşması üçün bir misal çəkmək istəyirəm; bütün insanların bu qüdrət ocağının müqabilində bərabər olduğunu bildiyimiz zaman Rum imperatoru Valerianın[5] məğrurcasına heykəlini düzəldib bir kölənin də onun ayaqlarından yapışıb yalvarması mənasız olacaq. Nə üçün? Məgər böyük imperator Allah bəndələrinin cərgəsindən başqa bir cərgədəmi qərar tutub? Məgər bu impoeratorun ayaqlarına düşüb ona baş əyən və yalvaran insan Allah bəndələrinin cərgəsindən başqa, daha aşağı və alçaq cərgədəmi yerləşir? Məgər onların hər ikisi bir cərgəyə aid deyilmi? Onda, bu vəziyyət nəyə lazımdır?

Baxın, dünya hegemonları, minlər və milyonlarla əsir və köləsi olan tarixin quldurları, sərvətliləri və əyan-əşrafı bu ilahi dünyagörüşü və əqidəyə sahib olmadığından belə düşünürlər: “Mən fərqliyəm; o başqa, mən başqa; o, mənim ayağıma gəlməlidir; mənəm ki, ayağımı onun başının üstünə qoymalıyam; mən əmr verməyə, o isə əmrə müti olmağa layiqdir; mən ağa kimi yaşamalı, o isə bədbəxtlər kimi sürünməlidir; mən yenilməz qüdrətə sahib Allahın quluyam, o isə gücü az olan məbudun quludur.” Bu, Bəni-İsrailin təfəkkür tərzi idi. Onlar belə deyirdilər: “Bizim allahımız aləmlərin məbudu olan Yəhuvədir. Yəhuvənin Bəni-İsrailə lütfü daha böyükdür.” Hindistan bütpərəst və müşrikləri belə deyirdilər: “Cəmiyyət dörd qrupa bölünür, hər qrupun öz tanrısı var və hər biri xas bir yerdən qaynaqlanmışdır.” Lakin xalis İslam və tövhid ideologiyasına əsasən, bütün mümkün (yaradılmış) varlıqlar bir yerdən, bir başlanğıcdan, bir qüdrətdən meydana gəlmişdir. Hamı Onun dərgahında bəndə və kölədir. Hamı Onun qarşısında əsirdir. Hamı Onun əmrinə təslim olmalıdır. Heç kimin Ondan başqasının hüzurunda əyilməyə haqqı yoxdur, necə ki, kimsə ayağını başqasının başına qoymağa, kimsə də başını başqasının ayağı altına atmağa haqqı yoxdur. Nə üçün? Çünki hər iki halda haqq və həqiqətə qarşıdır. Atlı ilə onun atının zəhərli ayaqları altında çapalayan piyadalar (kölələr) arasında heç bir fərq yoxdur.

لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun hüzurunda kim şəfaət (və vasitəçilik) edə bilər?

Bəli, bəziləri şəfaət edəcəklər, amma Onun icazəsi ilə! O, heç zaman zalımlara şəfaət izni verməz, imamlara isə izn verəcək. O, heç vaxt fitnə-fəsad əhlini şəfaətə layiq bilməyəcək. Peyğəmbərlər, övliyalar, əməlisalehlər, şəhidlər, uca məqama sahib olan təvazökarlar, dünya həyatını acı və zəhərli bilən, amma güclü ruha sahib olan, vəzifə yolunda hərəkət edən və vəzifəyə daha da yaxın olmaq üçün addımbaaddım irəliləyən bəndələr Allahın hüzurunda (Qiyamətdə) şəfaət edə biləcəklər. Onlar da Allaha daha çox bəndəçilik etdikləri, özlərini Allahın qüdrəti altında gördükləri üçün şəfaət edə biləcəklər. Peyğəmbəri-Əkrəmin (s) dönəmində o Həzrət kimi Allaha bəndəçilik edən yox idi. Heç kim Əmirəlmöminin Əlinin (ə) və İmam Səccadın (ə) zamanında onlar kimi Allaha ibadət etmirdi. Peyğəmbəri-Əkrəmin (s), Əmirəlmöminin Əlinin (ə) və İmam Səccadın (ə) insanların ən üstünü olmasını bir Şuştər əhlini bir Dezful əhli ilə (iki tayfanın üstünlük baxımından bir-birilə) müqayisəsi kimi fərz etməyin. Allaha bəndəçilik edənin məqamı daha böyük, daha üstün və daha şərəflidir. Bu ayənin (Ayətül-kürsünün) məcmusundan belə anlaşılır ki, bütün aləmlər, bütün varlıqlar aləmlərin Rəbbinin – o mütləq qüdrətin müqablində bəndə, müti və təslimdir; hər kim Ona daha yaxın olmaq istəsə, Ona daha yaxşı bəndəçilik etməlidir. Bu bir ayə!

Seçdiyim növbəti ayə isə “Məryəm” surəsinin 88-ci ayəsidir:

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا

“Dedilər: “Rəhman Allah Özünə övlad götürmüşdür!””

Kafirlər müxtəlif şəkildə belə ifadələr işlətmişlər; xristianlar bir cür, yəhudilər bir cür, Ərəbistan və Qüreyş müşrikləri də bir cür! Bəziləri “Allahın qızı var!”, bəziləri “Allahın oğlu var!”, bəziləri “Allahın həm qızı, həm də oğlu var!”, bəziləri “Allahın yalnız bir övladı var!”, bəziləri də “Allahın övladlarının sayı hədsizdir, ailəsi böyükdür!” – deyirdilər. Bir sözlə, onlar وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا “Rəhman Allah Özünə övlad götürmüşdür!” – dedilər.”

Onlar nə üçün belə deyirdilər? Buna diqqət yetirin ki, bir qrup xristian, yəhudi və müşrikin Allahın övlad sahibi olmasını iddia etməsi dünya varlıqları arasında kiminsə Allahla bəndəçilik nisbəti yox, övlad nisbətinin olması anlamını daşıyırdı, onu kölə yox, şahzadə hesab edirdilər.

Yəhudilər Üzeyr peyğəmbərə “Allahın oğlu” deyirdilər. Onların nəzərincə, bütün varlıqlar Allahın qulu olsa da Üzeyr ondan xaricdir və o, Allahın qulu yox, övladıdır, şahzadədir, Allahın gözünün işığıdır. Xristianlar da belə sözlər deyirdilər. Kafirlər də Lat, Mənat və Üzzanı[6] Allahın qızları hesab edirdilər. Yunan və Rum müşrikləri də Allahın çoxlu övlad sahibi olduğuna inanırdılar. Həqiqətdə, bizim apardığımız iki bölgünün – biri Allah, digəri isə Allahın müqabilində baş əyən bütün varlıqlar və bəndələr – üç olduğunu bildirir və deyirdilər: Allah, Onun bəndələri və Onun övladları. “Məryəm” surəsinin ayələri bu etiqadı rədd edir. Ayənin sonuna qədər diqqətlə dinləyin.

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا

“Dedilər: “Rəhman Allah Özünə övlad götürmüşdür!””

لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا

“Siz, doğrudan da, olduqca ağır (və nalayiq) söz danışdınız!

Görün, Allah hansı ifadəni işlədir? Ağır və qorxulu söz danışdınız, olduqca təhlükəli bir əqidə təqdim etdiniz.

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

“Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub dağılsın!

أَن دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا

“(Müşriklərin) Rəhman Allaha övlad isnad etdiklərinə görə!

Aydındır ki, məsələ olduqca mühümdür. Allah elə bir varlıq deyil ki, bir söyüş və nalayiq sözlə incisin. Aləmlərin Rəbbi hisslərə qapılan varlıq deyil. İnsanlara təqdim etdiyi əqidə ilahi hədəflərin təmininə, rədd etdiyi çirkin əqidə də cəmiyyətdə fəsad və pozğunluğun təmininə xidmət edir. “Allahın övladı olması” və “Allahla bəşər arasında vasitəçilik rolunun olması”na etiqad cəmiyyətdə çirkin inanclara yol açır. Əlbəttə, tövhid bəhslərində bunun mənfi təsiri tədricən özünü göstərəcək. Bu isə həqiqətdə, bəndələrin Allahın yox, biri digərinin bəndəsi olması üçün gətirdiyi bir bəhanədir.

وَمَا يَنبَغِي لِلرَّحْمَنِ أَن يَتَّخِذَ وَلَدًا

“Halbuki, Rəhman Allaha Özünə övlad götürmək yaraşmaz.”

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا

“Çünki göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, (Qiyamət günü) Rəhman Allahın hüzuruna bir bəndə kimi gəlməsin.

Hamı Allahın müqabilində bəndə və kölədir.

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

“And olsun ki, (Allah) onları hesablamış və təkrar-təkrar saymışdır. “

(Bu da “Məryəm“ surəsindəki növbəti ayə.)

Bir sözlə, bugünkü bəhsimizdə İslam dünyagörüşündə əsas prinsiplərdən biri kimi tövhidin mənası araşdırıldı. Ertəsi gün isə inşallah, İslam ideologiyasında əsas prinsiplərdən biri kimi tövhidin mənasına toxunacağıq. O zaman bu iki mənanın bir-birilə fərqli olduğunu görəcəksiniz. Bu müqəddimədir, İslam düşüncəsi budur, dünyanı və varlıq aləmini belə görür. Görəsən, bu düşüncə bizə nə bəxş edir? Həyat üçün təqdim etdiyi hərəkət istiqaməti, planı nədir? İslam ideologiyasında tövhidin rolu nədir?

Xülasə

Cümə axşamı – Ramazan ayının 9-cu günü

İSLAM DÜNYAGÖRÜŞÜNDƏ TÖVHİD

İslam dünyagörüşündə (İslamın fəlsəfi və fundamental düşüncəsində) bütün varlıqlar “Allah” adlı üstün bir qüdrətin vasitəsilə yaranmış, Onun qulu və Ona möhtacdırlar. O, elm, qüdrət, iradə, həyat və s. kimi əsaslı və gözəl xislətlərlə bəzənmişdir.

Dəyərsiz zərrəciklərdən tutmuş planetlər, qalaktikalar və naməlum varlıqlara qədər hər biri Onun ixtiyarındadır. Dünya varlıqları – insan və digərləri Onun bəndələridir və Ona bəndəçilikdə hamı şərik və bərabərdir. Övlad, zövcə, ortaq və bu kimi adlar Allaha bəndəçilik dairəsindən kənar deyildir.

Bəndələr hər şeyini – fikrini, zəkasını, qərarını, maddi imkanlarını və s. Ondan alır, yaradılış mənbəyi Odur və həyatın davamı Onunladır.

Bu düşüncə İslamın quruculuq ideologiyasında bütün tədbirlərin, əməli göstəriş və proqramların əsas və fundamental prinsipindən ibarətdir.

Quran ayələrində tövhid nəğməsi könül oxşayır və diqqəti cəlb edir:

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ Allahdan başqa, heç bir məbud (ilah) yoxdur.

الْحَيُّ الْقَيُّومُ Diri, əzəli, əbədi, qoruyan və gözətçidir.

لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ Onu nə mürgü, nə də yuxu tutar (bir an belə qəflətə dalmır).

لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ Göylərdə və yerdə nə varsa Onundur.

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ Onun izni olmadan Onun hüzurunda kim şəfaət (və vasitəçilik) edə bilər?

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ O, onların (bəndələrinin) keçmiş və gələcəyini bilir.

وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء Onlar(ın elmi) Allahın elmindən Onun Özünün istədiyindən başqa, heç bir şeyi əhatə edə bilməz.

وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ Onun qüdrət və hökmranlığı göyləri və yeri əhatə etmişdir.

وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا Göyləri və yeri mühafizə etmək Onun üçün heç də çətin deyildir.

وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ Odur ən uca, ən böyük!

“Bəqərə” surəsi, ayə 255.

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا Dedilər: “Rəhman Allah Özünə övlad götürmüşdür!”

لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا Siz, doğrudan da, olduqca ağır (və nalayiq) söz danışdınız!

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub dağılsın!

أَن دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا (Müşriklərin) Rəhman Allaha övlad isnad etdiklərinə görə!

وَمَا يَنبَغِي لِلرَّحْمَنِ أَن يَتَّخِذَ وَلَدًا Halbuki, Rəhman Allaha Özünə övlad götürmək yaraşmaz.

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا Çünki göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, (Qiyamət günü) Rəhmanın hüzuruna bir bəndə kimi gəlməsin.

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا And olsun ki, (Allah) onları hesablamış və təkrar-təkrar saymışdır.

(“Məryəm” surəsi, ayə 88-94.)



[1]. Öncə diqqətinizə çatdırmalıyam ki, bizim bəhs metodumuzla Quran ayələrinə əsasən tövhid mövzusu nəzərə bir qədər ağır çarpacaq, minbər deyil, bir növ dərslik kimi görünəcək. Lakin mən həmişə öz-özümə belə düşünmüşəm ki, ümumi söhbətlərimizin də dərslik halına çevrilməsinin nə eybi var? Nə olar ki, ümumi bir yığıncaqda məclis iştirakçıları eynilə sinif dərsi kimi mürəkkəb elmi mətləblər dinləyib onun üzərində düşünsünlər? Xətibin hər il Ramazan ayında insanlar oruc olduğu üçün mütləq əyləncə və lətifə xarakterli mətləblərə toxunmasına nə ehtiyac var? Haçana qədər ümumi məclislərimiz insanın daha da dərindən düşünməsi üçün uyğun məkana çevrilməyəcək? üçün zəminə olmayacaq? Qeyd etdiyimiz mətləblərin bu məclisdə iştirak edən bacı və qardaşlarımıza nə qədər mürəkkəb olduğunu deyə bilmərəm, ola bilsin ki, mətləblər həm mürəkkəb, həm də sadə olsun, amma nəzərinizə mürəkkəb gəlsə də, sözsüz, onları bilməyiniz, anlamağınız və onların üzərində düşünməyiniz zəruridir. Odur ki, yaxşı başa düşmək üçün bütün fikrinizi bu mətləblərə yönəldin, sözləri yadınızda saxlayın, ağır mətləbləri dostlarınızla müzakirə edin. Əgər uyğun bəhs sizə tanış deyilsə, onu ağır bir bəhs kimi bir kənara atmayın, zehninizdən uzaqlaşdırmayın, əksinə, onunla tanış olmağa cəhd edin.

Əlbəttə, bir çox bəhslərimiz, söhbət və dərslərimizdə qeyd etdiyimiz kimi, hamının bir nəfər kimi bizim dediklərimizi mütləq şəkildə qəbul etməsini ummuram, əksinə dostlar, qardaşlar və bacılar bacardıqları qədər ixtiyarınızda qoyulan ideoloji qidanı dərk, şüur, düşüncə və ictihad laboratoriyasında incələsin, özünü Quranın bu ayəsi ilə uzlaşdırsın və onu özünə örnək bilsin:

فَبَشِّرْ عِبَادِ. الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ

Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyib onun ən gözəlinə tabe olarlar... (“Zümər” surəsi, ayə 17-18.))

[2]. Yadınızda saxlayın ki, inşallah, əgər sabahkı yazı hazırlanarsa, orada da qısa şəkildə bəzi mətləblər qeyd etmişik.

[3]. “İbrahim” surəsi, ayə 28-29

[4]. “Nurus-səqəleyn”, “İbrahim” surəsi, 28-ci ayənin təfsirində.

[5]. Xristianlara işgəncə verən böyük Rum imperatorunun adı. O, sonda Sasanilərlə döyüşdə əsir düşdü və xristianlar onun əsir düşməsini onun ilahi əzaba düçar olması ilə əlaqələndirdilər.

[6]. Bu üç bütün adı “Rum” surəsinin 19-20-ci ayələrində çəkilmişdir.