Saatlı sakinləri susuzluğa görə etiraz aksiyası keçiriblər - YENİLƏNİB/VİDEO

Saatlı rayonunun, Çolpukənd, Nabat kənd və Orta Muğan kəndlərinin sakinləri susuzluğa görə etiraz aksiyası keçiriblər.
 
Onlar həm içməli suyun yoxluğuna, həm də əkin sahələri, mal-qaralarının susuzluğundan bu addımı atdıqlarını deyirlər.
 
Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Sakinlər su problemlərinin həll olunmasını tələb edirlər.
 
***
 
Saatlı rayonunun Nabat, Çolpu, Qarayev, Axundov və daha bir neçə kəndində suvarma və içməli su qıtlığı yaranıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sakinlər rayon rəhbərliyini su probleminin həllinə diqqət yetirməyə çağırıblar.
 
Yaranmış vəziyyətlə əlaqədar sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Sakinlərə problemin yaxın vaxtlarda həll olunması istiqamətində zəruri addımların atılacağına söz verilib.
 
Yaranmış vəziyyətlə əlaqədar Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədlinin APA-ya bildirib ki, suvarma suyunun qıtlığı Kür çayında suyun səviyyəsinin kəskin düşməsi ilə əlaqədar kanallara suyun vurulmaması nəticəsində yaradıb: “Buna baxmayaraq, hazırda əraziyə maşın və texnikalar yönəldilib. Su nasosları suyun səviyyəsinə uyğun nizamlanır. Yaxın saatlarda problemin həll olunmasına çalışacağıq”.