Satıcı: ‘Elə adamlar var ki, 2-3 ədəd soğan alır, limon kimi’

Lənkəran bazarında soğanın 1 kiloqramı 1 manat 50 qəpiyə, kartof isə 1 manata satılır.

 
Satıcı deyir ki, onun məhsulu ağ soğandır:
 
«Elə adamlar var ki, 2-3 ədəd soğan alır, limon kimi»
 
«Ağ soğanı əsasən Ağdamdan gətirirlər. Yerli qırmızı soğan isə keyfiyyətini itirib və azdır. Topdansatışla məşğul olanlar soğanın qiymətini hər dəfə qaldırırlar. Ötən ilin oktyabr ayında 30 kiloqramlıq soğan kisəsini 5-7 manata satırdılar, indi 41 manat olub. Deyirlər ki, soğan anbarlarda azalıb. Kartofun qiyməti də ötən ilkindən bahadır. Elə adamlar var ki, 2-3 ədəd soğan alır, limon kimi. Deyəsən, sonda belə də olacaq. Soğanı gilə-gilə satacaqlar. Bayramda pullarını xərclədilər. İndi hər kəsdə pul yoxdur».
 
«Baxın, bazarda alıcı azdır»
 
Satıcılar alıcıların azlığından şikayət edirlər. Onlar deyir ki, yaxın illərdə heç vaxt qiymətlər belə baha olmayıb. Piştaxta arxasında duran satıcılardan biri bunları söyləyir: «Pomidorun 1 kiloqramı 3 manat 50 qəpiyə, xiyarın qiyməti isə 3 manatdır. Qoz ləpəsi 13 manatdır. Bunu kasıb necə alsın? Baxın, bazarda alıcı azdır. Deyirdilər ki, qiymətlər Novruz bayramına görə qalxıb. Qalxan qiymətlər də aşağı düşmədi».
 
Kənd təsərrüfatı mütəxəssislərindən Natiq Əbilov bu bahalaşmanı təbii sayır: «İlin bu vaxtlarında kənd təsərrüfatı məhsulları azalır. Qiymətlərin artması mövsümə qədər müşahidə olunacaq. Həm də son ildə istixanalarda pomidor və xiyar məhsullarının yetişdirilməsində azalma gedir. Nəticədə pomidor və xiyar xarici ölkələrdən də idxal olunur. Bu da baha başa gəlir. Soğanın bahalaşmasında isə başqa amillər də var. Ötən ilin müvafiq dövründə soğan bu qədər bahalaşmamışdı. Anbarlarda saxlanan məhsul baha başa gəlir».
 
«Hanı bu anbarlar?»
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli soğanın bahalanmasında hökuməti, özəlliklə də Kənd Təsərrüfatı Nazirliyini və onun yanında yaradılmış «Aqrar tədarük və təchizat» Açıq Səhmdar Cəmiyyətini (ASC) tənqid edir. Mütəxəssisin sözlərinə görə, milyonlarla vəsait ayrılan ASC-nin işi kəndlinin məhsulunu tədarük edib anbarda saxlamaq, qiymət bahalaşanda bazara çıxarmaq, yerli əhalinin tələbatından artıq olan hissəni ixrac etməkdir.
 
«Hökumətin qarşısında duran vəzifə bundan ibarətdir. Təəssüflər olsun ki, dövlət bununla məşğul olmur», – ekspert bildirir.
 
V.Məhərrəmli Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün yetərincə soyuducu anbarların olmamasına da diqqət çəkir: ​«Keçən il tonlarla kartof, soğan sahələrdə qalıb çürüdü. Dövlət büdcəsi və ya güzəştli kreditlər hesabına böyük anbarlar tikilib. Hanı bu anbarlar? Niyə martda, apreldə tükənən məhsul ora tədarük olub yığılmır? Niyə ölkənin tələbatı qədər mal istehsal olunmur? Bu, həm də Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsidir. Bu işləri nazirlik tənzimlənməlidir. Tənzimləmir deyə, arada bəzi məhsulların qiyməti kəskin bahalanır».
 
Mütəxəssis son 10 ildə əhalinin sayı artsa da, soğan istehsalında dəyişiklik baş vermədiyini vurğulayır. O, tələbatın bəzən idxal hesabına ödəndiyini də qeyd edir, məsələn, 2014-cü ildə ölkəyə 20 min, 2016-cı ildə 15 min tona yaxın soğan gətirildiyini bildirir. Ancaq indi ölkəyə soğan idxalının dayandığını deyir və bunu da gömrük rüsumlarının yüksək olması ilə izah edir.
 
Əhalinin 38 faizinin çalışdığı sektor...
 
İqtisadçı Qadir İbrahimli soğanın bahalanmasını iki amillə izah edir: birincisi, Türkiyə bazarında yaranan qıtlıqdan istifadə edən yerli fermerlər məhsullarını qonşu ölkənin bazarına çıxardılar və nəticədə Azərbaycanda soğana tələbat da artdı, qiymət də kəskin bahalandı. Onun qənaətincə, baş verənlər ölkədə aqrar sektorun böhran yaşadığını, özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmədiyini göstərir: «Ölkə əhalisinin 38 faizinin çalışdığı aqrar sektor daxili tələbatı ödəyə bilmirsə, bu, artıq böhrandır. İstehsal o səviyyədə olmalıydı ki, Azərbaycan nəinki öz tələbatını ödəsin, hətta məhsulunu xarici bazara da çıxarsın, ölkəyə əlavə valyuta gətirsin, məşğulluq artsın. Bu, yoxdur. Əksinə yeni bazar tapılan kimi ölkənin özündə qiymətlər kəskin bahalaşır».
 
Q.İbrahimli də V.Məhərrəmli kimi, hakimiyyətin bu sahədə tənzimləmə aparmalı olduğunu düşünür. Yaranmış durumu isə hökumətin aqrar sahəylə bağlı konkret strategiyasının olmaması ilə izah edir. İqtisadçı bütün dünyada kənd təsərrüfatı sektorunun bir o qədər də rentabelli sektor olmadığını, bu səbəbdən də dövlətin ona dəstək verdiyini söyləyir: «Kənd təsərrüfatının inkişafı ölkənin həm ərzaq təhlükəsizliyinin təminatı, həm emal sənayesinin dinamik inkişafı, həm də məhsulun dünya bazarlarına çıxması deməkdir. Bu baxımdan da, həmin sektora dəstək verilir. Amma Azərbaycanda bu sahəylə bağlı strategiya aydın deyil, adda-budda addımlar atılsa da, sistemli yanaşma yoxdur».
 
Azərbaycanda bayram tətili davam etdiyindən hökumətdən reaksiya almaq mümkün olmadı.
 
«Monopoliya sözdə yox, əməldə ləğv edilməlidir»
 
Masallı rayon sakini, iqtisadçı Xasay Fərzullanın fikrincə isə, bahalaşmaya səbəb monopoliyanın olmasıdır: «Son 3 ayda istehlak mallarının qiymətlərində artım kəskin hiss olunur. Bu, təkcə idxal məhsullarına aid deyil. Ölkədə istehsal olunan mallarda da qiymət artımı var. Qiymət artımının qarşısını almaq üçün rayonlarda bayramqabağı yarmarkalar açdılar. Amma bu da bazara təsir etmədi. Bu gün məlum olur ki, bayramla bağlı qalxan qiymətlər artmaqda davam edir. Ən başlıca səbəb monopoliyanın olmasıdır. Qiymətə gömrük rüsumları, rəqabətsiz mühit təsir edir. İran Astarası bir addımlığmızdadır. Orada bizdəkindən sürətlə bahalaşma gedir. Buna baxmayaraq, qiymət fərqi böyükdür. Oradan gətirilən kənd təsərrüfatı məhsulları gömrükdən keçdikdən sonra 3-4 dəfə bahalaşır. Bu, monopoliyanın göstəricisidir. Qiymət qalxır, əməkhaqqı ona nisbətdə cüzi artırılır. Ailə büdcəsinə mənfi təsir göstərir. Monopoliya sözdə yox, əməldə ləğv edilməlidir. Bazar liberallaşdırılmalıdır».
 
Bu fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Komitə, bir qayda olaraq, gömrükdə monopoliya olması ilə bağlı fikirləri qəbul etmir. Rəsmilərin bildirməsinə görə, ölkədə monopoliya və inhisarçılıqla mübarizədə hakim iradə var. /azadliq.org /