Süd sümükləri bərkidirmi

Uşaqlıqdan bizə aşılayırlar ki, süd sümükləri möhkəmləndirir. Südün tərkibində kalsium olduğu üçün bu məsləhət inandırıcıdır. Kalsium sümüklərdə mineralların sıxlığını artırır.

Ancaq BBC yazır ki, süd içməklə möhkəm sümüklər arasında əlaqənin elmi sübutu çox çətindir. Bunun üçün çox sayda insanı əhatələyən iki qrup götürmək, qruplardan birindəki adamların hər birinə on illərlə hər gün süd içirmək, digər qrupu isə südsüz qoymaq lazımdır. Belə bir təcrübə mümkün görünmür.

Əvəzində isə minlərlə insandan nə qədər süd içdiklərini soruşmaq, sonra onları azı 10 il izləmək, müntəzəm süd içən adamların sümük zədələrinə məruz qalıb-qalmadığına baxmaq olar.

Harvard Universitetinin nəticələrini 1997-ci ildə dərc etdiyi tədqiqatı aparan alimlər məhz bu yolu seçiblər. Alimlər süd içən və içməyən adamlarda qol və çanaq zədələrinin sayı arasında ciddi bir fərq aşkar etməyiblər.

Eyni tədqiqat komandası sonradan oxşar araşdırmanı 330 min tibb işçisi arasında aparıb. Bu dəfə də südlə sümük zədələrinin sayı arasında əlaqə tapılmayıb.

Bir-iki il...

Yeni Zelandiyada aparılan araşdırmalar göstərib ki, istər süd, istərsə də kalsium əlavələri qəbul edən insanların sümükləri yalnız bir-iki il ərzində möhkəmlənir. Bir-iki ildən sonra möhkəmlənmə dayanır. Başqa sözlə, kalsium əlavələri yaşlı insanlarda sümüklərin zəifləməsinin qarşısını almır, sadəcə olaraq, bu prosesi müəyyən qədər ləngidir.

Eyni məlumatlar əsasında araşdırma aparan müxtəlif ölkələrin mütəxəssisləri günlük kalsium ehtiyacı haqda fərqli nəticələrə gəliblər. Məsələn, ABŞ-da Britaniya və Hindistandan iki dəfə daha artıq kalsium qəbulu tövsiyə olunur. ABŞ-ın qidalanma və səhiyyə qurumları əhaliyə 227 millilitrlik stəkanla gündə 3 dəfə süd içməyi məsləhət görür.

2014-cü ildə İsveç alimlərinin apardığı iki araşdırmanın nəticələrində isə deyilir ki, gündə üç stəkandan artıq süd içmək nəinki insana heç bir fayda vermir, hətta onun sağlamlığına ziyan vura bilər.

Uppsala Universiteti və Karolinska İnstitutu tərəfindən aparılan tədqiqat zamanı 1987 və 1997-ci illərdə insanlardan içdikləri südün miqdarı soruşulub. 2010-cu ildə onların arasında ölüm sayına baxılıb. Məlum olub ki, gündə bir stəkan süd içmək daha çox sümük sınması və erkən ölümlərlə assosiasiya olunur.

Ancaq İsveç alimlərinin tədqiqatında elmi araşdırmalarda çox rast gəlinən əlaqə və səbəb problemi ola bilərdi. Məsələn, ola bilsin, osteoporozdan əziyyət çəkən qadınlar sümüklərini gücləndirmək üçün bilərəkdən daha çox süd içirmişlər. Əslində, araşdırmanın nəticələrində bilavasitə süd içməyin sınıqlara yol açdığı deyilmir.

Qatıq və pendirin rolu

Bundan başqa, sorğu iştirakçılarından keçən il nə qədər süd içdikləri soruşulub. Razılaşın ki, ötən il nə qədər süd içdiyimiz haqda suala cavab vermək o qədər də asan deyil. Verilən cavabların dəqiqliyi isə sual altındadır.

Maraqlıdır ki, İsveç alimləri, eyni zamanda, qatıq və pendirdən istifadənin daha az sümük sınmaları ilə assosiasiya olunduğunu aşkarlayıblar.

Ancaq alimlər həm də bu araşdırmanın nəticələrindən qidalanma məsləhəti kimi yararlanmamağı tövsiyə ediblər. Bunun üçün təkrar araşdırmanın zəruri olduğunu deyiblər.

Belə nəticəyə gəlmək olar ki, istəyirsinizsə, süd içməyə davam edə bilərsiniz. Ancaq onun sümük sağlamlığına verdiyi fayda uzunmüddətli deyil.

Eyni zamanda, mütəxəssislər sümük sağlamlığından ötrü idman və xüsusən də qış aylarında kifayət qədər D vitamini qəbul etməyi məsləhət görürlər. /azadliq.org