Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir

Allah-Taala “Bəqərə” surəsinin 102-ci ayəsində buyurur:

وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُون

(Yəhudilər) Süleymanın zamanında şeytanların oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı). Lakin şeytanlar camaata sehr öyrətməklə, həmçinin Babil diyarına nazil olmuş iki mələyə – Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o iki mələk əvvəlcəbiz imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik), kafir olmayındeməmiş kimsəyə bir şey öyrətmədilər! Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. Halbuki Allahın izni olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!

Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman (ə) azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın (ə) möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı (ə) peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.

Ayə Tövratdan üz döndərməyin günah və azğın olduğunu, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman (ə) dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı (ə) sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman (ə) ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.

Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də, insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.

Quranda bu məsələ ilə bağlı maraqlı və düşündürücü bir nöqtə xatırladılır. Buyurulur ki, sehr elminə malik olan sahir (sehrbaz) Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.

BİLDİRİŞLƏR

1. Haqq hökumətdə və ilahi hakimin rəhbərliyi altında da bütün xalq islah olmur. Bəziləri əyri yola meyil edir.

2. Şeytanlar həzrət Süleymanın (ə) hakimiyyəti zamanı da bekar oturmurdular. Onlar daim mənfi təlqinlər edirdilər.

3. Hökumət peyğəmbərliyə (nübüvvətə) zidd deyil. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.

4. Sehrkarlar öz işlərini müqəddəs göstərmək, ona don geyindirmək üçün həzrət Süleymanı (ə) da sehrkar kimi tanıtdırırdılar.

5. Allah başqalarının böhtanları qarşısında peyğəmbərlik məqamını müdafiə edir.

6. Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir. Rəvayətlərdə bildirilir ki, sehrkar kafirdir.

7. Zərərli biliklər və azğın əqidələrlə mübarizə üçün salehlər onlardan xəbərdar olmalıdırlar.

8. Öyrənib öyrədərkən elmlərin mənfi cəhətlərini nəzərə çatdırmaq lazımdır.

9. İnsan iki təlim arasında qərar verilmişdir: şeytani vəsvəsələr və ilahi ilhamlar.

10. Mələklər də insanlara müəllim ola bilərlər.

11. Bəzən elm və bilik sınaq vasitəsi olur.

12. Ərlə arvad arasına təfriqə salmaq şeytanların işidir və küfr həddindədir.

13. Elm və bilik həmişə faydalı olmur. Bəzən insan öz biliyindən zərər çəkir.

14. Sehr və cadu gerçəklikdir və insanın həyatına təsiri var.

15. Sehrkar müəyyən işlər görür. Amma onun işinin bütün təsirləri Allahın nəzəri altındadır.

16. Allaha pənah aparmaq, təvəkkül, dua və sədəqə yolu ilə bu qurğulardan xilas olmaq mümkündür.

17. Sehrkarlar dünyada var-dövlətə, şan-şöhrətə çatsalar da, qiyamətdə əlləri boşdur.

18. Təfriqə, sehr-cadu arxasınca gedən insan öz insanlığını əldən verir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 102-ci ayənin təfsiri.)

Hazırladı: Maide.az