İslamda azadlığın mənası

Ümumiyyətlə, İslam maarifində və İslam mətnlərində azadlıq adlı bir şey var, yoxsa yox? Ola bilsin bəziləri belə təsəvvür etsinlər ki, dinlər azadlıq və hürriyyət adlanan məsələ ilə müvafiq deyillər; iddia etsinlər ki, ictimai azadlıq, fərdi azadlıq və ümumiyyətlə insanın azad olması məsələsi ilk dəfə Avropada ortaya çıxıb, təxminən 200 il bundan öncə, məsələn böyük Fransa İnqilabında insan azadlığı, hər bir insanın azad doğulması məsələsi ortaya atılıb. Ola bilsin kimsə deyər ki, sizin, azadlıq mövzusunu İslamla əlaqələndirmək cəhdləriniz əbəsdir, İslamın və digər dinlərin azadlıqla heç bir rabitəsi yoxdur; bu gün dünyada geniş yayılmış bu ictimai-siyasi anlam Avropaya və Qərbə aiddir, Böyük Fransa İnqilabından, Qərbin inqilab və məktəblərindən yaranıb. 
 
Biz müəyyənləşdirməliyik ki, ümumiyyətlə İslamda azadlıq adlı məfhum var ya yox? Bu sualın cavabında deməliyəm ki, əksinə, insanların azad olması məsələsi Avropadan, Avropa müttəfəkkirlərinin, ziyalılarının, inqilabçı və rəhbərlərinin insan azadlığını bəşərin prinsipial haqlarından saymaq fikrinə düşmələrindən əsrlərcə öncə İslamda ortaya qoyulub.
 
 Əgər azadlığı uca və zərif mənasında, yəni insan ruhunun çirkinliklərindən, nəfs istəklərindən və maddi buxovlardan azad olması kimi nəzərə alsaq, bu, hələ də ilahi məktəblərin inhisarındadır. Qərb və Avropa məktəbləri bunun nə demək olduğunu da bilmirlər.
 
18-ci əsrdə Böyük Fransa İnqilabının ardınca, daha sonra isə Qərbdə meydana çıxan azadlıq Allah peyğəmbərlərinin və ilahi məktəblərin bəyan etdiyi azadlıqdan çox kiçik, məhdud və dəyərsiz azadlıq idi.
 
Əgər azadlığı əsil mənasında götürsək, bu, ilahi məktəblərə məxsusdur. Lakin hazırda azadlığı siyasi məktəblərdə göstərilən siyasi, ictimai və iqtisadi azadlıqlar, fikir, düşüncə və əqidə azadlıqları mənasında nəzərə alsaq, bütün bunlar haqqında müxtəlif izahların olmasına rəğmən, İslam dini bu məsələlərdə də Avropa inqilablarından və məktəblərindən əsrlərcə öndədir.
 
 
İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xamenei