İsrail rejimi Qəzzada məğlub durumda: Rejimin qısamüddətli atəşkəs təkliflərinin sirri

İsrail rejiminin Qəzzada həyata keçirdiyi qətliamlar daha 24 saat müddətinə dayandırılacaq. BMT-nin təklif etdiyi 24 saatlıq atəşkəs razılaşmasını HƏMAS təşkilatı da qarşıdan gələn Ramazan bayramına hazırlıq və dağıntıların bir hissəsini aradan qaldırmaq məqsədilə qəbul edib.

 

İsrail rejimi Qəzzada qısamüddətli atəşkəslə nəyə nail olmaq istəyir?

 

Bu arada İsrail rejiminin tez-tez qısamüddətli atəşkəs təklifləri ilə çıxış etməsinin hədəfi müəyyənləşib. İsrailli analitiklər bildiriblər ki, HƏMAS gerçək atəşkəs təklifini rədd etmir. Amma, İsrail rejimi isə gerçək bir atəşkəsə yaxınlaşılan zaman bunun onların hədəflərinə uyğun gəlməməsi səbəbilə atəşkəs təklifini rədd edir. İsrail rejimi Qəzzadakı müqavimət qruplarının silahsızlaşdırılması və tunellərin yox edilməsini əsas şərt kimi ortaya qoyarkən, HƏMAS və digər müqavimət qruplaşmaları isə Qəzzanın blokadasının tam şəkildə aradan qaldırılmasını, keçici deyil, daimi bir atəşkəsin əldə edilməsini və bütün saxlanılmış fələstinlilərin azadlığa buraxılmasını istəyir. İsrail rejimi bir tərəfdən Fələstində Milli Birlik hökumətinin qurulmasının qarşısını almağa çalışdığı bir vaxtda, digər tərəfdən blokada və hücumlarla qəzzalıların HƏMAS-a qarşı üsyan etmələrini istəyir. Elə bu məqsədlə də dağıntılar törədərək, bir müddətdən sonra qısamüddətli atəşkəs elan edir ki, qəzzalılar etirazlara başlasın. Lakin, əməliyyatlar başlanandan aparılan sorğular göstərir ki, bütün Fələstin ərazisində HƏMAS təşkilatının nüfuzu 85 faizə qədər artıb və xalqın 78 faizi HƏMAS-ın bu müharibədə qalib olacağına inanır. Bununla da İsrail rejiminin gözlədiyi – HƏMAS-ın xalqın təpkisi ilə onların irəli sürdüyü atəşkəs təklifini qəbul etməsi istəyi baş tutmayıb.

 

İsrail rejiminin itkiləri

 

Bunun əksinə, İsrail rejiminin nüfuzu yalnız Təl-Əviv və ətraf şəhərlərdə deyil, bütün Qərbdə xeyli aşağı düşüb. İndiyə qədər onlarla Avropa paytaxtlarında on minlərlə insan rejimin cinayətlərinə etiraz nümayişləri keçirib. Hətta Britaniyanın xarici işlər naziri Hammond da İsrail rejiminin Qərbdə nüfuzunu itirməsinə dair xəbərdarlıq edib. Körfəz müharibəsindən sonra ilk dəfə Təl-Əvivin aeroportuna beynəlxalq uçuşların dayandırılması isə, rejimə hər gün üçün 40 milyon dollar civarında zərər vurur. Buraya İsrail rejiminin hərbi itkilərininin öz etiraflarına görə 46 hərbçi, HƏMAS-ın açıqlamarına görə isə 65 hərbçi olduğunu da əlavə etsək, artıq rejimin bir bataqlığa düşmə durumunda olduğunu söyləmək olar. Bundan başqa İsrail rejiminin bütün şəhərləri davamlı raket atəşinə tutulur, rejimin Qəzzaya girən 10-dan çox zirehli texnikası, iki qırıcı təyyarəsi vurulub.

 

Qətliamın acı rəqəmləri

 

İsral rejiminin Qəzzaya qarşı əməliyyatlara başlanandan bəri Qəzzaya vurulan zərər də açıqlanıb. 20 gün ərzində Qəzzada 1060 insan qətliam edilib. Onların 218-i uşaqlar, 87-si qadınlar, 48-i isə ahıl insanlardır. 6 mindən çox yaralının 1854 nəfəri uşaqlar, 1187 nəfəri qadınlardır. Hər saatda Qəzzada 7 ev vurulub, 2 nəfər qətliam edilib, 12 nəfər yaralanıb. 1960 ev tamamilə yerlə yeksan olub. 22 600 ev yararsız hala salınıb. İsrail rejimi ümumilikdə 6 min hücum həyata keçirib, Qəzzaya qarşı 150 min ton bomba istifadə edib. Qurudan dəqiqədə bir top mərmisi atılıb. İsrail rejiminin hücumları nəticəsində bütün fərdləri ilə 28 ailə qətliam edilib. Hücumlar zamanı Əl-Əqsa və Vəfa xəstəxanaları da daxil olmaqla 25 səhiyyə idarəsi, klinika, 25 məscid vurulub. 7 məscid yerlə yeksan edilib. Ümumilikdə Qəzzaya 50 milyon dollar civarında zərər dəyib.

 

İsrail analitikləri məğlubiyyəti belə çatdırır

 

Bu gün İsrail rejimində dərc edilən bütün aparıcı qəzetlər İsrail rejiminin artıq məğlub durumda olduğunu qeyd edir. Belə ki, qəzetlərin təhlillərinə görə, İsrail rejimi nəyinki, Qəzzada heç bir məqsədinə çata bilməyib, hətta indi başlatdığı müharibəni dayandıra da bilmir.

 

İsrail rejimində yüksək tirajla dərc edilən “İsrael Hume” qəzetinin yazarı Yoav Limor İsrailin hücumlar zamanı xeyli məsrəf etdiyini, lakin, heç nə qazanmadığını qeyd edir. İsrail ordusunun çox sayda itki verməsinin Təl-Əvivivin qərar mərkəzlərini məyus etdiyini qeyd edən yazar, İsrailin beş dəfə atəşkəs təklifinin HƏMAS tərəfindən rədd edildiyini vurğulayır. Bu isə onu göstərir ki, HƏMAS onu tam dəstəkləyən xalqa etibar edir və böyük itkilərə rəğmən rəzil atəşkəs təkliflərini qəbul etmir.

 

“Haartez” qəzetinin köşə yazarı Gideon Levy isə İsrailin Qəzzaya qarşı apardığı əməliyyatlarda qalib olmayacağının öncədən bəlli olduğunu bildirir. İsrailin bütün dünyanı aldatdığını qeyd edən yazar, Qərbdə insanların artıq İsrailin özünü müdafiə etməsinə inanmadığını bildirir. Belə ki, İsrailin qətlə yetirdiklərinin əksəriyyəti dinc insanlardır.

 

İsrail rejiminin hər biri məğlubiyyətə aparan dörd çıxış yolu

 

Analitiklər qeyd edirlər ki, Qəzza bataqlığına düşən İsrail rejiminin qarşısında dörd yol var. Bunlardan birincisi HƏMAS-la hər hansı yolla daimi atəşkəs razılığına gəlinməsi, ikincisi müharibənin tək tərəfli şəkildə dayandırılması, üçüncüsü hücumlara ara vermədən HƏMAS-ı şərtlərindən vaz keçməyə məcbur etmək, dördüncüsü isə, Qəzzanı tamamilə işğal etmək və HƏMAS hökumətini çökdürmək üçün əməliyyatları genişləndirmək. Lakin, məsələ ondadır ki, bu dörd yolun heç biri indi İsrail üçün artıq uyğun deyil.

 

Birinci yolun, yəni HƏMAS-la daimi atəşkəsin qəbul edilməsi İsrail rejiminin nüfuzunun iki paralıq olması deməkdir. Belə ki, bu razılaşma olacağı təqdirdə, İsrail rejimi HƏMAS-ı özü ilə bərarbərhüquqlu tərəf kimi qəbul etməli olacaq və bu isə İsrail rejiminin ictimaiyyətinin böyük nifrətinə səbəb olacaq. Bu, HƏMAS-ı indiyə qədər terrorçu təşkilat kimi qələmə verən rejimin HƏMAS-ı əslində tərəf müqabili kimi tanıması demək olacaq. İsrail rejiminin nüfuzlu analitiklərindən olan Ehud Yaari bildirib ki, bu yol, HƏMAS-ın gücünə güc qatacaq və onu mütləq qalib edəcək.

 

İsrail rejiminin tək tərəfli şəkildə hücumları dayandırmasını təklif edənlərdən biri rejimin qaniçən ədliyyə naziri Tsipi Livnidir. Lakin, rejim analitikləri bunun da onların məğlubiyyəti anlamına gəldiyi və HƏMAS-a əlavə güc verdiyini bildirir. Belə ki, Qəzza qətliamına bu qədər pul xərcləyən rejim bu şəkildə əməliyyatları dayandırsa, HƏMAS yenə də qalib gələcək və nüfuzu İsrail rejimi ilə nisbətən daha mülayim münasibətlərdə olan Fəth təşkilatını qat-qat üstələyəcək. Bu eyni zamanda artıq yalnız Qəzza əhalisini deyil, bütün Fələstin xalqını qələbəyə inandıracaq və yaxın gələcəkdə rejimə qarşı böyük müqavimət hərəkatları başlayacaq.

 

 

Üçüncü seçim, əməliyyatları davam etdirmək və Qəzzanın içərilərinə doğru irəliləyərək HƏMAS-I atəşkəs şərtlərini qəbul etməyə məcbur etməkdir. Nüfuzlu israil analitiki Alon ben-David yerli televiziyada çıxışı zamanı bildirib ki, 20 gün ərzində Qəzzada heç bir ciddi nailiyyət əldə edə bilməyən İsrail rejimi müharibəni bundan artıq davam etdirə bilməyəcək. İndiyə qədər 50 mindən çox ehtiyatda olan hərbçini orduya çağıran rejim, bu gücü ilə belə Qəzzada bir neçə kilometr belə irəliləyə bilməyib. Əksinə, Qəzzaya qurudan girəni 46 hərbçisini itirib. Analitik həmçinin qeyd edir ki, İsrail rejiminin şəhərlərinə raket atışlarının davam etməsi də israillilərin anidən etirazlara başlamasına səbəb ola bilər.

 

 

Dördüncü seçim olan və əsasən sionist XİN rəhbəri Liberman tərəfindən irəli sürülən Qəzzanı tam işğal etmək təklifi isə hətta İsrail rejiminin əksər nazirləri tərəfindən belə dəstəklənmir. Belə ki, bu, İsrail rejimini hücum edən təcavüzkar tərəfə çevirəcək və artıq beynəlxalq ictimaiyyət də İsrail rejiminə qarşı sərt qətnamələr qəbul etmək məcburiyyətində qalacaq. Belə ki, İsrail rejimi artıq indidən BMT İnsan Haqları Komitəsinin Qəzzada dinc insanların qətliam edilməsini araşdırmasından narahatlıq keçirir. Eyni zamanda İsrailin qalib gəlməsi də yenə sual altındadır.

 

 

Novruzəli Əziz

Deyerler.org