ÜST: Ötən il dünyada bir milyarda yaxın uşaq zorakılığa məruz qalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı "dəyirmi masa" keçirib.
 
Maide.Az bildirir ki, "Report"un xəbərinə görə, tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak ediblər.
 
ÜST-un məlumatına görə, ötən il dünyada 2-17 yaş arası bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalıb: "Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir".
 
Azərbaycanda fəaliyyət göstərən Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaqların zorakılığa məruz qalması ilə bağlı 3581 müraciət daxil olub.
 
Qeyd edək ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin 16.2 maddəsinin hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.