Tələbələrin icarə ev ‘problemləri’

"Yeni Sabah.az"da isə "Hansı universitetin tələbələri daha çox kirayə ödəməli olacaq?-araşdırma" sərlövhəli (https://yenisabah.az/hansi-universitetin-telebeleri-daha-cox-kiraye-odemeli-olacaq) məqalə diqqəti çəkir.
 
Müəllif yeni tədris ilinin başlanması ərəfəsində olduğu üçün tələbələrin paytaxta axınının müşahidə olunduğunu deyərək Bakıda kirayə mənzillərin qiymətləri barədə araşdırmasını təqdim edir.
 
Yazı müəllifinin deməsinə görə, tələbələrin çoxu avqust ayından kirayə ev axtarışına çıxırlar, amma belə evlərin bahalılığı və şəraitsizliyi səbəbilə ev tapmaq işi dərslərin başladığı günə qədər uzana bilir.
 
Müəllif bunu da əlavə edir ki, ötən illərdə də müşahidə olunduğu kimi, avqustun sonu, sentyabrın əvəllərində ev sahibləri qiymətləri artırırlar və evlər baha olduğu üçün bir neçə tələbə birləşərək bir mənzil kirayələyirlər.
 
Müəllif əmlak alqı-satqısı ilə məşğul olanlara istinadən ən çox mənzil axtaranların Bakı Dövlət, İqtisad, Sənaye və Neft, Tibb universitetlərinin tələbələrinin olduğunu bildirir.
 
Müəllif deyir ki, Bakı Dövlət Universiteti və bir sıra digər ali məktəblərin yerləşdiyi metronun "Elmlər Akademiyası" stansiyası yaxnlığındakı evlərin qiymətlərilə maraqlanıb: "Demək olar ki, bütün birotaqlı mənzillər 350, ikiotaqlılar 450-500, üçotaqlı mənzillər isə 500 manat və daha yuxarı qiymətədir.
 
Məqalədə vurğulanır ki, Neft və Sənaye Universitetinin yerləşdiyi metronun "28 May" stansiyası ətrafdakı mənzillərdə birotaqlı olmaqla 350 manatdan başlayır, ikiotaqlılar 500-550 manata təqdim edilir, üçotaqlılar isə 600 manata və daha yüksək qiymətə icarəyə verilir.
 
Müəllifin deməsinə görə, İqtisad Universitetinin yerləşdiyi "Gənclik" və "İçərişəhər" metrostansiyaları yaxınlığındakı binalarda mənzil kirayələmək daha baha başa gəlir.
 
Məqalə müəllifi deyir ki, metronun "Gənclik" stansiyası yaxınlığında birotaqlı ev 400 manata, ikiotaqlı 400-450 manata icarəyə verilir.
 
Müəllifə görə, metronun "İçərişəhər" stansiyası yaxınlığındakı mənzillər tələbələr üçün xəyaldır, belə ki, burada ikiotaqlı evlərin icarə qiyməti 600 manatdan başlayır, üçotaqlı mənzil isə 800 manata icarəyə verilir və bundan aşağı qiymət yoxdur.
 
. Müəllif bunu da diqqətə çatdırır ki, tələbələrin daha çox üstünlük verdikləri həyət evlərində şərait xeyli pis olsa da mənzillərlə müqayisədə 50-100 manat daha ucuz verilir.
 
Müəllif vurğulayır ki, paytaxt mərkəzindən uzaqlaşdıqca ucuz evlər tapmaq şansı da artır, amma nəqliyyat tıxaclarını, dərsə gecikmə ehtimalalrını nəzərə alan tələbələr ali mktəbdən uzaq olan evlərin əlvrişli olmadığını düşünürlər.