Uşaqların ən böyük problemi

"Bizimyol.info"da "Azərbaycanda uşaqların ən böyük problemi onların "uşaq pulu"ndan məhrum edilməsidir" sərlövhəli məqalədə Azərbaycanda uşaq hüquqlarından bəhs edilir.
 
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
 
"Azərbaycanda uşaqların problemi doğumdan başlayır. Ölkəmizdə uşağın doğulması üçün xəstəxanalarda 600-2000 manat və bəzi hallarda daha yüksək məbləğ tələb olunur". Bunu Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.
 
Onun sözlərinə görə, bağçalara qəbul hələ də elektron olmadığı üçün uşağın bağçaya qoyulması üçün dövlət bağçalarında 400-600 manat vəsait tələb olunur: "Dövlət bağçalarında qeyri-rəsmi olaraq aylıq ödəniş 20-60, özəl bağçalarda isə 1000-1500 manat tələb olunur".
 
Müəllifə görə, uşaq pulu verilmədiyi üçün maddi vəziyyəti yaxşı olmayan ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur: "Bu zaman uşaq qidaları alınmalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların normal inkişafı, sağlam qidalanaraq böyüməsi üçün uşaq pulunun bərpasına ehtiyac var: Hesablamalar göstərir ki, uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur.
 
Azərbaycanda uşaqlara qayğıdan danışmaq üçün öncə uşaq pulu bərpa edilməlidir. O zamana kimi uşaqlara qayğıdan danışmağa haqqımız yoxdur".