Vəkil ondan şikayət edildiyini bildirir

Azərbaycan Baş Prokurorluğunun Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət etdiyi bildirilir. Bu barədə məlumatı Nemət Kərimli-nin özü də təsdiq edib.
 
Vəkilin dediyinə görə, şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyası-ndan ona telefonla zəng edib bildiriblər.
 
Nemət Kərimlinin sözlərinə görə, şikayətin detalları haqqında ətraflı məlumat verməsələr də, bunun yalnız onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlı olduğunu deyiblər.
 
Vəkil qeyd edib ki, o, bu ilin oktyabrında müxalif siyasətçi Tofiq Yaqublunun Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyası zamanı saxlanaraq inzibati həbs edilməsi ( 30 sutka) zamanı işgəncəyə məruz qalması ilə bağlı şikayətini açıqlayıb. O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.
 
Onun bu dediklərinə, hələlik, Vəkillər Kollegiyası və Baş Prokurorluqdan hər hansı münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar Tofiq Yaqublunun işgəncəyə məruz qalması ilə bağlı şikayətini heç də əsaslı saymayıblar.
 
Bu il oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd edib. Həmin vaxt həm saxlananlar, həm də saxlandıqdan sonra inzibati qaydada həbs edilənlər olub.Onlar əsasən razılaşdırılmamış aksiyaların təşkilində və polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.
 
 Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli də saxlandıqdan sonra polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
 
Amma sonradan Baş Prokurorluq açıqlama yayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin özü-özünə xəsarət yetirdiyini iddia etmişdi.
 
Həmin aksiyada Milli Şura tərəfdarları “ siyasi məhbuslara azadlıq” və başqa şüarlar səsləndirmişdilər.Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. /azadliq.org