Valideynlərin repetitor dərdi - çıxış yolu nədədir...

Bir abituriyentin iki illik hazırlığı 4500 manata başa gəlir; təhsil eksperti: “Kursların və repetitorluğun açıq təbliğinə son qoyulmalıdır”
 
Bütün valideynlər övladının ali təhsil almasını, savadlı bir gənc olmasını istəyir. Ancaq hamımız bilirik ki, bu, yalnız orta məktəb təhsili ilə mümkün olmur. Çünki müəllimlərin əksəriyyəti repetitorluqla məşğul olduqları üçün məktəbdə dərs proqramının şagirdlər tərəfindən tam mənimsənilməsində maraqlı olmurlar. Az hallarda sırf məktəbdə aldığı biliklə ali məktəbə qəbul ola bilən abituriyentlər olur.
 
Buna görə də valideynlər məcburiyyət qarşısında qalıb övladlarını 9, bəzən isə 10-cu sinifdən repetitor yanına və ya abituriyent hazırlığı ilə məşğul olan kurslara qoymalı olurlar. Bu isə o deməkdir ki, valideyn 2-3 il ərzində sanki kredit ödəyirmiş kimi hər ay müəllimlərə, müxtəlif kurslara pul ödəmək məcburiyyətində qalır. Bunun sonunda nə olacağı isə naməlumdur. Əgər uşaq bu hazırlıqlar nəticəsində ali məktəbə qəbul olmursa, bu, valideynin müəllimlərə xərclədiyi 3 illik pulun batması deməkdir.
 
Ancaq sonunun nə olacağını bilməsələr belə, övladının ali təhsil almasını istəyən valideynlər ucuz müəllim və kurs axtarışına çıxırlar. Təsadüfi deyil ki, bu gün televiziyalarda bu cür abituriyent hazırlığı kurslarının reklamları gedir. Repetitorlar bir fənn üzrə abituriyentləri 50-70 manat arasında hazırlaşdırırlar. Hər qrup üzrə 5 fənn olduğunu nəzərə alsaq və orta hesabla hər fənni 50 manatdan hesablasaq, 5 fənn üzrə hazırlaşmağın bir ayı 250 manata, bütöv tədris ili yəni 9 ayı isə 2250 manat edir. Əgər uşaq 10-cu sinifdən etibarən 5 fənn üzrə repetitor yanına 2 il müddətində getsə, bu, valideynə 9 4500 manata başa gələcək. Əgər bir evdən iki uşaq repetiror yanına gedirsə, bu qiymət iki qat olur ki, buna hər ailənin maddi imkanı yetmir.
 
Hazırlıq kurslarında da qiymətlər müxtəlifdir. “Kaspi” kursunda 9-cu sinif üçün 5 fəndən həftədə 15 saat olmaqla, bir abituriyent hazırlığının aylıq qiyməti 200 manata, 10-cu sinif üçün həftədə 17 saat olmaqla, 230 manat, 11-ci sinif üçünsə həftədə 19 saat olmaqla, 270 manata başa gəlir. “Hədəf” kursunda isə “Kaspi”yə nisbətən qiymət bir qədər aşağıdır. Burada 9-cu siniflər üçün hazırlıq 180 manat, 10-cu sinif üçün hazırlıq 210 manat, 11-ci sinif üçünsə 230 manatdır. Zirvə kursunda 9 abituriyent 210-230 manat arasında hazırlaşdırılır. Məsələn, “Kaspi” kursunda bir abituriyentin hazırlığa getməsinin 1 ayının 270 manat olduğunu nəzərə alsaq, bu, 9 ayda valideynə 2430 manata başa gələcək.
 
Qeyd edək ki, belə bir iddialar da var ki, məktəbdə repetitorluqla məşğul olan müəllimlər həmin sinif otağına görə məktəb direktoruna aylıq haqq ödəyir ki, bu pulu da hazırlaşdırdığı abituriyentlərdən çıxırlar. Əslində isə sinif otağının “icarəyə” verilməsi və buna görə məktəb direktorunun müəllimdən haqq tələb etməsi qanunaziddir. Repetirorluqla məşğul olan müəllimlərin bir qismi hətta sinifdə hazırlığa onun yanına gəlməyən şagirdləri incidir, açıq şəkildə qiymət yazmamaqla təhdid edirlər. Bəzən isə elə hallar olur ki, uşaq oxumadığı, dərsi mənimsəyə bilmədiyi halda müəllim bu barədə valideynə məlumat vermir və aldığı aylıq pula görə uşağın oxuduğu yalanını uydurur və qiymətlərini yaxşı yazır. Nəticədə abituriyent keçid balını belə toplaya bilməyəndə o zaman artıq hər şey gec olur. Repetitor 2-3 il ərzində aldığı pulu geri qaytarmır. Burada isə ziyan yalnız valideynə dəymiş olur.
 
Maraqlıdır, repetitorluğun qarşısı alınmalıdırmı? Belə olan halda məktəblərdə müəllimlər həvəslə dərsə yanaşa bilərmi?
 
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev repetitorluğun xüsusi bilik vermədiyini dedi: “Dünya səviyyəli təhsil mütəxəssisi Mark Brey mühazirələrinin birində repetitorluğu ”kölgə təhsili" adlandırıb. Fikrimcə, bu uğurlu anlayışdır. Repetitorluğun adı çəkiləndə çoxları bunun dünyanın hər yerində olduğunu qeyd edirlər. Ancaq ölkələrin əksəriyyətində tüğyan edən bu xidmət bir-birindən kəskin fərqlənir. Təhsil sektorunda bu xidmətə qoyulan vəsait ilbəil artır. Məsələn, Almaniyada bu “kölgə təhsilin” illik dövriyyəsi 1,5 milyard avro, Yunanıstanda 1.7 milyard avro, Fransada 2.21 milyard avro, Koreya və Türkiyədə isə daha böyük vəsaitlər təşkil edir. Bu cür elmi-statistik təhlillərdə ölkəmizin adı yer almır. Görünür ki, “kölgə”nin ölçüsü lap böyükdür. Rəqəmlər onu göstərir ki, bu istiqamətdə müəyyən hesabatlılıq var. Bu kimi faktlar həm də bütün dünyada orta təhsilin pulsuz olmasını təkzib edir. Repetitorluq xüsusi bilik vermir. Bu, sırf imtahanlara hazırlıqla bağlı keçilən pullu dərslərdir. Bizim kimi ölkələrdə repetitorluğun əsas mənfi cəhəti ondan ibarətdir ki, bu işlə məşğul olanlar bilərəkdən əsas dərslərdə proqramın mənimsənilməsində maraqlı olmurlar. Əlavə dərslərə gələn uşaqların qiymətini yüksək yazırlar. Belə hallar bir neçə ölkədə aşkar edildikdən sonra bu xidmətə qadağa qoyulub. Kütləvi informasiya vasitələri kursların və repetitorluğun reklamı ilə məşğuldur. Bu gün şagirdlərin bütün uğurlarını bu şəbəkələrlə bağlayırlar".
 
E.Əliyev hazırda məktəb təhsilinin kölgədə qaldığını bildirdi: “Repetitorluğun keyfiyyəti də sual altındadır. Repetitorluğun keyfiyyəti təkcə müəllimlərin ixtisaslaşmasından asılı deyil, həm də şagirdlərin motivasiyasından asılıdır. Valideynlər əlavə dərslərdə iştirak etmirlər. Onları yalnız uşaqlarının imtahan verib-verməmələri maraqlandırır. Buna baxmayaraq, onlar istənilən vaxt məktəbdə əsas dərslərdə uşaqlarına keçilən dərsləri müşahidə edə bilərlər. Təhsil sistemi inkişaf etmiş ölkələrdə orta məktəblərdə dərslər saat 15-16-ya qədər davam edir. Valideynlərin əsasən işdə olduqları vaxtda uşaqların repetitorla məşğul olmaları tamam başqa xarakter daşıyır. Mütəxəssislər bunun sosiallaşma tərəfini daha yüksək qiymətləndirirlər. Fikrimcə, kursların və repetitorluğun açıq təbliğatına son qoyulmalıdır. Bu, valideynləri və uşaqları məktəbdən soyudur. Ancaq bunları kimə deyəsən? Bu gün təhsil qurumları bu xidmət sahəsini kölgə vəziyyətdən çıxarmaq üçün tədbirlər görməlidir. Müəllimlərin biliklərinin qiymətləndirilməsi, müəllimlərin imtahanla işə qəbulu kimi mühüm və əhəmiyyətli tədbirlər repetitorluq xidmətinin azaldılması və məktəbin güclənməsinə xidmət etməlidir”. (musavat) /