Virus internetdə nəyi dəyişdi

Koronavirus pandemiyası dövründə evdə qalan amerikalılar həyatlarının böyük hissəsini onlayn yaşamağa başlayıblar. “The New York Times” qəzeti internet istifadəçilərinin davranışının necə dəyişdiyini araşdırıb.

 
Qəzet yazır ki, amerikalılar indi Netflix və YouTube kimi striminq xidmətlərində əyləncə axtarır, bir-birləri ilə Facebook kimi sosial media şəbəkələri vasitəsilə əlaqə saxlayırlar.
 
“Son illər bu xidmətlərin istifadəçiləri daha çox smartfonlara üz tutmuşdular... İndi isə evdədilər, kompüterlər əl altındadır və amerikalılar o kiçik mobil ekranlarına baxmağın elə də xoş bir şey olmadığını yada salırlar”, – məqalədə deyilir.
 
Facebook, Netflix və YouTube mobil tətbiqlərdə istifadəçi nömrələrinin sayında durğunluq yaşayır, ya da sayı azalır, vebsaytlarına baxış isə artır. Qəzet bunu SimilarWeb və Apptopia statistikasına əsasən yazır. Bu iki xidmət bir neçə müstəqil mənbəyə əsasən trafik sayını toplayır, intertnet üzərindən müqayisə edir.
 
İndi biz həm də təkcə mətn mesajı göndərməklə kifayətlənmirik, bir-birimizi görmək istəyirik. Google-un Duo videosöhbət tətbiqi, eləcə də bir dəstə dostun video söhbətə qoşularaq video oynamasına imkan verən Houseparty kimi tətbiqlərdən istifadə də artıb.
 
Biz həm də ətrafımızda baş verənlər, nəyin dəyişməsi, virus, karantin tədbirləri ilə maraqlanırıq. Yerli məhəllələri birləşdirən Nextdoor social media saytına da maraq güclənir.
 
Məqalədə Amerikada məktəb tapşırıqlarının indi Google Classroom vasitəsilə yerinə yetirildiyini yazır. Toplantılar Zoom, Google Hangouts və Microsoft Teams üzərindən gerçəkləşir. Doğrudur, bu xidmətlərdən kütləvi istifadə gizlilik məsələlərinə də diqqəti artırıb.
 
Bu arada amerikalılar səhiyyə böhranı, onun iqtisadi fəsadları haqqında oturuşmuş media orqanlarından informasiya almağa çalışır. Biznes vebsaytı olan CNBC-nin oxucu sayı kəlləçarxa vurub. “The New York Times”, “The Washington Post” qəzetlərinin vebsaylarının trafikində son bir ayda 50 faizdə çox artım qeydə alınıb. /azadliq.org/