Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Baş Assambleyasının virtual iclası keçiriləcək

Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Növbədənkənar Baş Assambleyasının virtual iclası keçiriləcək. 
 
Maide.Az Iran KIV-lərinə istinadla xəbər verir ki, iclas Covid-19 epidemiyası dövründə Assosiasiya üzvlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə noyabrın 25-də keçiriləcək.
 
İclasda Rusiya Federasiyası, Qazaxıstan, Azərbaycan və İrandan 30-dan çox Assosiasiya üzvlərinin rektorları və prorektorları iştirak edəcəklər.
 
İranın Gilan Universiteti, 1996-cı ildən bəri Assosiasiyanın təsisçilərindən və üzvlərindən biri olaraq, həmçinin qurumun üzvləri olan İran universitetlərinin daimi katibliyi olaraq bu beynəlxalq foruma ev sahibliyi edəcək.
 
Qeyd edək ki, Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyası 57 üzvdən ibarətdir. Bura Azərbaycandan 7 universitet, İrandan 12 universitet, 2 elm və texnologiya parkı və 13 araşdırma institutu, Rusiya Federasiyasının Dağıstan və Kalmıkiya respublikalarından 11 universitet və 5 tədqiqat institutu, Qazaxıstandan 4 universitet və iki tədqiqat institutu və Türkmənistandan bir universitet daxildir.
 
İran tərəfdən Elm nazirinin beynəlxalq əlaqələr üzrə müavini pr. Hüseyn Salar Amoli, Gilan Universitetinin rektoru pr. Əhməd Rəzi və bölgədəki bəzi universitetlərin rektorları iclasda əsas məruzəçilər olacaqlar.