XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

 

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü:

Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra (s.ə.) qadınların ən fəzilətlisi və üstünüdür. Əhməd ibn Hənbəl, Əbu Səid Xudridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənlə Hüseyn behişt gənclərinin sərvəri, Fatimə isə behişt qadınlarının sərvəridir.” Bu hədis Buxarinin “Səhih” və Hakimin “Müstədrək” kitabında da nəql olunmuşdur.

Başqa bir rəvayətdə isə belə deyilir: “Fatimə iki dünya qadınlarının sərvəridir.” (“Müsnədi-Əhməd”, c.3, səh.473, hədis 11224; “Əl-müsənnəf”, c.8, səh.527; “Səhih-Buxari”, c.5, səh.92; “Müstədrək”, c.3, səh.151.)

Yenə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: “Behişt qadınlarının ən üstünü Xüveylidin qızı Xədicə, Mühəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Müzahimin qızı (və Fironun zövcəsi) Asiyədir.” (“Tarixi-Bağdad”, Xətib Bağdadi, c.3, səh.392.)

2. Xanım Fatimeyi-Zəhra (s.ə.) – insan simasında bir huri:

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt meyvələrindən daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Mən behişt qoxusunu arzulayanda, onu Fatimədən alıram.” (“Zəxairul-uqba”, səh.36.)

3. Xanım Fatimeyi-Zəhranın (s.ə.) məhşər səhrasında uca məqamı:

İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü xanım Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Mühəmmədin (s) qızı Fatimə!” Xanım Fatimə (s.ə.) və onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!” Xanım Fatimə (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.” Bu məzmunda (azacıq fərqlə) imam Baqirdən (ə) də başqa bir hədis nəql olunmuşdur (Əvalimul-ülum”, 11-ci cild, səh.2, hədis: 1779-1780; “Şəvahidut-tənzil”, c.1, səh.153.)

4. Xanım Fatimeyi-Zəhra (s.ə.) – behiştə daxil olan ilk kəs:

Məşhur əhli-sünnə alimi Zəhəbinin “Mizanul-etidal” kitabında İslalm Peyğəmbərindən (s) belə nəql olunur: “Behiştə daxil olan ilk kəs Fatimədir.” (“Mizanul-etidal”, c.2, səh.131.)

Həmçinin Muhib ət-Təbərinin “Ər-riyazun-nuzrə” əsərində nəql olunur ki, xanım Fatimeyi-Zəhra (s.ə.) behiştdə İslam Peyğəmbəri (s) ilə bər dərəcədə olacaq. (“Ər-riyazun-nuzrə”, c.2, səh.208.)

Hakim Nişpurinin “Müstədrək” kitabında da belə nəql olunur: “Əli, Fatimə, Həsən və Hüseyn (ələyhimus-salm) behiştə daxil olacaq ilk kəslərdir.” (Müstədrək”, c.3, səh.151.)

5. Xanım Fatimeyi-Zəhranın (s.ə.) Allah-Taalanın dərgahında məqamı:

İslam Peyğəmbəri (s) buyurmuşdur: “...Fatimə mеhrabda Allah dərgahında ibadətə başladığı vaхt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Allah-Taala mələklərinə buyurar: “Еy mələklər, Mənim hüzurumda ibadət üçün dayanmış kənizlərimin sərvərinə bir tamaşa еdin. Görün, dərgahımda bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir...”

6. Xanım Fatimeyi-Zəhra (s.ə.) – Peyğəmbərin (s) sevimlisi:

Ayişədən belə nəql olunur: “Mən danışıqda Fatimə qədər Allahın Rəsuluna oxşar bir kəs görmədim. O, atasının hüzuruna gedərkən, Allahın Rəsulu onun ayağına qalxar, əlini öpər və onu öz yerində əyləşdirərdi.” (Müstədrəküs-səhiheyn”, c.3, səh.154.)

Bir çox məşhur əhli-sünnə alimlərinin kitablarında qeyd olunur ki, İslam Peyğəmbəri (s) imam Əli (ə), xanım Fatimeyi-Zəhra (s.ə.), Həsən (ə) və Hüseynə (ə) baxıb buyurardı: “Mən sizinlə düşmənçilik edənlərlə düşmən, dostluq edənlərlə dostam.” (“Müsnədi-Əhməd”, 2-ci cild, səh.242; “Müstədrək”, c.3, səh.149; “Sünəni-Termizi”, hədis 3870; “Əl-müsənnəf”, c.7, səh.512.)

7. Xanım Fatimeyi-Zəhra (s.ə.) – Peyğəmbərin (s) bədənin yarısı:

Buxarinin “Səhih” əsərində İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Fatimə mənim bədənimin yarısıdır; onu qəzəbləndirən məni qəzəbləndirmişdir.” (“Səhihi-Buxari”, c.5, səh.92 və 105.)

Bir gün səhabələr Allahın Rəsulunun (s) hüzurunda idilər. Həzrət onlardan soruşdu: “Qadın üçün ən yaxşı iş nədir?”

Heç kəs düzgün cavab verə bilmədi. İmam Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s.ə.) soruşdu. Fatimə (s.ə.) buyurdu: “Qadın üçün ən yaxşı iş odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin.”

Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: “Fatimə mənim bədənimin yarısıdır.” (Kəşful-ğəmmə, c.2, səh.92.)

8. Xanım Fatimeyi-Zəhranın (s.ə.) razılıq və qəzəbi Allahın razılıq və qəzəbidir:

İslam Peyğəmbəri (s) qızı Fatiməyə buyurmuşdur: “Həqiqətən, Allah sənin razılığınla razı olur və qəzəbinlə də qəzəblənir.” (Müstədrəküs-səhiheyn”, c.3, səh.154.)

9. Fatimə adının dərin mənaları:

Allahın Rəsulu (s) buyurmuşdur: “Fatimənin (s.ə.) “Fatimə” adlandırılmasının səbəbi odur ki, Allah-Taala onu və dostlarını cəhənnəm odundan uzaq saxlayacaqdır.” (“Lisanul-mizan”, c.3, səh.346.)

İmam Sadiqin (s) də belə buyuruduğu nəql olunur: “Fatimənin “Fatimə” adlandırlmasının səbəbi odur ki, insanlar onun həqiqətini dərk etməkdən acizdirlər.” (“Biharul-ənvar”, c.43, səh.65, hədis 580.)

10. Xanım Fatimeyi-Zəhranın evi:

Allah-Taala “Nur” surəsinin 36-cı ayəsində buyurur: Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər...”

Peyğəmbərin (s) iki səhabəsi Ənəs ibn Malik və Büreydədən nəql olunur ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, o həzrətdən soruşuldu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir?” Peyğəmbər (s) buyurdu: Peyğəmbərlərin evləridir.” Yenə soruşuldu: “Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı?” Peyğəmbər (s) buyurdu: Bəli, bu, o evlərin ən üstünüdür!” (“Əd-durrul-mənsur”, c.5, səh.50; “Şəvahidut-tənzil”, c.1, səh. 410, hədis 566.)

Rza Şükürlü