Xocalı soyqırımı - ƏDALƏTSİZLİYİN QURBANLARI

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) təşkil etdiyi "Xocalı soyqırımı-ƏDALƏTSİZLİYİN QURBANLARI" adlı tədbir baş tutub.  
 
Maide.Az "Vetenugrunda.az"a istinadla xəbər verir ki, QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli tədbiri açaraq Azərbaycan tarixnin ən qaranlıq, acınacaqlı dönəmi olan Xocalı soyqırımı haqqında danışdı.
 
O, dünyanın bu soyqırıma biganəliyini qınadı: "Bu qətliamı bir daha xatırlatmaqla dünyanın hansı ədalət ölçüsü ilə idarə olunduğunu nəzərə çatdırmaq istəyirəm. Qondarma soyqırımları, heç bir əsas, sübut olmadan tanıyan dünya birliyi, müasir dövürdə texnikanın bu qədər inkişaf etdiyi bir zamanda XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı bu gün dünyada soyqırım faktı kimi tanınmır. Əslində bu qətliamı törədənlər öz layiqli cəzalarını almayıblar.
 
Əslində hamını düşündürür ki, Xocalı soyqırımı olmaya bilərdi".
 
O, sözü Xocalı soyqırımı haqqında ilk sənədli filmin rejissoru, kinodramaturq, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verdi. E.Quliyev çıxışı zamanı Xocalıda və ətraf bölgələrdə ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidi kimi gördüklərindən hələ də özünə gələ bilmədiyini bildirdi: "Xocalıda baş verənlər əslində Azərbaycanın namusuna atılan güllə idi.
 
Biz soyqırım baş verəndən dərhal sonra film çəkmək üçün işə başladıq. Xocalı soyqırımının qurbanlarını, əsirlikdən qaytarılanları Naftalandakı bir sanatoriyaya yığmışdılar. Biz o qurbanlarla görüşdük.
 
Sonra soyqırımın baş verdiyi ərazidə olduq. Bir əsgər mənə arxın yanındakı bir ağacı göstərdi. Ağacın budağından qadın hörüyü sallanırdı. Deməli, ermənilər əsir aldıqları Xocalılı qadınları yaxınlıqdakı erməni kəndlərinə paylayıblar. Biz getdiyimiz kəndə iki qız veriblər. Bizim ordu o kəndə girəndə ermənilər qızları ağacdan asıblar. Meyitləri ağırlaşıb düşüb, amma saçları ağacda qalmışdı. Vəhşiliyin də bir həddi var. Amma Xocalıda bütün hədləri aşmışdılar.
 
Xocalı soyqırımının bu xalqın qəlbində açdığı yara ancaq torpaqlarımızın işğaldan azad olunacağı zaman sağalacaq".
 
Daha sonra hüquq müdafiəçisi Əlövsət Əliyev və başqaları çıxış edib.