Yəməndə iki milyon uşaq məktəbə getmir

Mm⁰üharibə şəraitində olan Yəməndə iki milyon uşaq məktəbə getmir, onların dörddə biri 2015-ci ilin martında münaqişə kəskinləşdikdən sonra məktəbi tərk etmişdi.

Maide.Az DailyMail-ə istinadən bildirir ki, bu barədə sentyabrın 25-də, çərşənbə günü BMT Uşaq Fondunun (UNİCEF) yaydığı hesabatda deyilir.

YUNİSEF-in hesabatına görə, müəllimlərə iki ildən artıqdır ki, əmək haqqı verilmədiyi üçün başqa 3,7 milyon uşağın təhsili təhlükə altındadır.

UNİCEF-in Yəməndəki nümayəndəsi Sara Beysolov Nyanti bildirib ki, "zorakılıq, yerdəyişmə və məktəblərə edilən hücumlar, bir çox uşağın məktəbə getməsinin qarşısını alır".

Yəməndəki hər beşinci məktəb artıq ölkənin onsuz da kövrək təhsil sistemini məhv edən qarşıdurmanın birbaşa nəticəsi olaraq, təhsil prosesində istifadə oluna bilmir.

Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır.

Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir.