250 YAŞLI İNSAN -2

İslam quruluşunun əsasının qoyulması
 
Ümmət yetişdirmək işi yalnız siyasi sahəyə aid deyildi. Onun bir hissəsi siyasi sahədə idi, digər əsas hissəsi isə insanları bir-bir tərbiyə etmək: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) onlara (Allahın) ayələrini oxuyar, onları mənən təmizləyər, onlara kitabı və hikməti öyrədər"(Cümə/2).
Peyğəmbər (s) bir-bir bütün qəlbləri tərbiyə edirdi, bir-bir beyinlərə və ağıllara elm və bilik təlqin edirdi. "Onlara kitabı və hikməti öyrədər". Hikmət bir pillə üstündür. Onlara yalnız qanun-qaydaları, hökmləri öyrətmirdi, həm də hikmət öyrədirdi, həqiqətlərə gözlərini açırdı. Peyğəmbər (s) on il belə və bu üsulla hərəkət etdi; bir tərəfdən siyasət,
İslam cəmiyyətinin idarəsi, müdafiəsi, İslamın əhatəsini genişləndirmək, Mədinədən xaricdəki qrupların tədricən və bir-bir İslamın və İslam təlimlərinin nurlu sahəsinə daxil olması üçün yol açmaq, digər tərəfdən də bir-bir insanların tərbiyəsi. Bu iki məsələni bir-birindən ayırmaq olmaz.
 
Bəziləri İslamı yalnız fərdi məsələ bilib siyasəti ondan aldılar. Halbuki hicrətin əvvəlində əziz İslam Peyğəmbərinin (s) özünü Məkkə dövrünün problemlərindən xilas etdikdən sonra gördüyü birinci iş siyasət idi. İslam cəmiyyəti, İslam hökuməti, İslam quruluşu qurmaq, İslam qoşunu yaratmaq, dünyanın böyük siyasətçilərinə məktub yazmaq, dövrün nəhəng siyasi işlərinə qoşulmaq siyasətdir. İslamı siyasətdən ayırmaq mümkündürmü?! Siyasəti İslam hidayətindən uzaq izah etmək, formalaşdırmaq mümkündürmü?! "Quranı (müxtəlif)
hissələrə bölən kəslər..." (Hicr/91) Bəziləri Quranı parça-parça edirlər. "Bəzisinə inanır, bəzilərinə isə inanmırlar" (Nisa surəsinin 150-151-ci ayəsinə işarə vurulur: "Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (imanla küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər - bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!") ; Quranın ibadətinə iman gətirir, siyasətinə isə iman gətirmirlər. "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər"(Hədid/25.). Ədalət nədir? Ədalət cəmiyyətdə ictimai ədaləti bərqərar etməkdir. Bunu kim bərqərar edə bilər? Ədalətli cəmiyyət qurmaq siyasi işdir, hakimiyyətin işidir. Bu, peyğəmbərlərin məqsədidir. Yalnız bizim Peyğəmbər (s) yox, hətta İsa (ə), Musa (ə), İbrahim (ə) və bütün ilahi peyğəmbərlər siyasət və İslam quruluşu qurmaq üçün gəlmişlər. (2006)
 
Əziz Peyğəmbərin (s) Mədinədə onillik İslam hakimiyyəti zamanı həyatı bəşəriyyət tarixində ən parlaq hökumət dövrlərindən biri və hətta deyə bilərik ki, onların ən parlağıdır. Bəşər tarixinin qısa, səmərəli və qeyri-adi təsirə malik olan bu dövrünü öyrənmək lazımdır. Mədinə dövrü Peyğəmbərin (s) iyirmi üç illik elçilik missiyası dövrünün ikinci dönəmidir. Məkkədə keçən on üç il birinci dönəmi təçkil edirdi. Təxminən on il də Peyğəmbərin (s) Mədinə dövrü - İslam quruluşunun əsasını qoymaq, bütün zamanlar, əsrlər və bütün məkanlar üçün İslam hakimiyyəti örnəyini qurmaq dövrüdür. Sözsüz ki, bu, ideal örnəkdir və heç bir dövrdə onun kimisi olmayıb. Lakin bu ideal örnəyə baxmaqla meyarları öyrənmək olaq. Bu meyarlar insanların, müsəlmanların quruluş və cəmiyyətlər haqda mühakimə yürütmələri üçün əlamətlərdir.
 
Mədinəyə hicrət etməkdə Peyğəmbərin (s) məqsədi o zaman bütün dünyaya hakim olan zalım, despot və fəsad dolu siyasi, iqtisadi və ictimai sistemlə mübarizə aparmaq idi. Məqsəd təkcə Məkkə kafirlərinə qarşı mübarizə deyildi, qlobal məsələ idi. Əziz Peyğəmbər (s) cücərməsinə ümidlə münasib zamanda düşüncə və etiqad toxumu səpməyə çalışırdı. Məqsəd azadlıq, oyanış və insan xoşbəxtliyi mesajının hamıya çatması idi. Bu, yalnız nümunə və örnək quruluş yaratmaqla mümkün olardı. Peyğəmbər (s) bu örnəyi göstərmək məqsədilə Mədinəyə getdi. Digərlərinin onu nə qədər davam etdirə, özlərini ona nə qədər yaxınlaşdıra bilmələri onların səyindən asılıdır. Peyğəmbər (s)
nümunəni qurub bütün bəşəriyyətə və tarixə təqdim edir. Peyğəmbərin (s) qurduğu quruluşun müxtəlif xüsusiyyətləri var. Onların arasında yeddi xüsusiyyət hamısından mühümdür.
 
Birinci xüsusiyyət iman və mənəviyyatdır. Peyğəmbər (s) quruluşunu inkişaf etdirən həqiqi amil xalqın qəlbindən və düşüncəsindən qaynaqlanan, onların vücudunu düzgün istiqamətdə hərəkətə gətirən iman idi. Deməli, birinci xüsusiyyət insanlara iman və mənəviyyat ruhu üfürmək, onu gücləndirmək, düzgün etiqad və düşüncə verməkdir. Peyğəmbər (s) bu işə Məkkədə başladı və Mədinədə qüdrətlə davam etdirdi.
 
İkinci xüsusiyyət ədalətdir. Əsas iş ədalət və heç bir şeyi nəzərəalmadan hər bir haqqı sahibinə çatdırmaqdır.
 
Üçüncü xüsusiyyət elm və bilikdir. Peyğəmbər (s) quruluşunda hər şeyin təməli bilmək, tanımaq, ayıqlıq və oyanışdır. Heç kəsi korkoranə şəkildə bir işə dəvət etmirlər. Xalqı ayıq, məlumatlı şəkildə və seçim imkanları ilə aktiv qüvvəyə çevirirlər.
 
Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. Peyğəmbər (s) quruluşunda xurafatçılıqdan, şəxsi maraqlardan, mənfəətgirlikdən yaranan çəkişmələr pislənmişdir və onlara qarşı mübarizə aparılır; cəmiyyət qardaşlıq və həmrəyliyin olduğu səmimi cəmiyyətdir.
 
Beşinci xüsusiyyət əxlaq və rəftarda düzgünlükdür. İnsanları mənəvi cəhətdən paklayır, əxlaq fəsadlarından və qəbahətlərdən təmizləyir, əxlaqlı və mənən saf insan yetişdirir: "Onları mənən paklayar, onlara kitabı və hikməti öyrədər". (Ali-İmran/164.) Mənəvi paklıq əsas şərtlərdən biridir. Yəni Peyğəmbər (s) insanların hər biri üzərində tərbiyə və insanlıq baxımından işləyir.
 
Altıncı xüsusiyyət iqtidar və izzətdir. Peyğəmbər (s) cəmiyyəti və quruluşu başıqapazlı, asılı, başqasının ardınca düşən və ona-buna əl açan deyil, izzətli, iqtidarlı və qərarlıdır; öz xeyrini bildikdə onu təmin etmək üçün çalışır və işlərini idarə edir.
 
Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır. Peyğəmbər (s) quruluşunda dayanmaq yoxdur, daim hərəkət, iş və inkişaf var. Nə zamansa demirlər ki, daha bitdi, indi oturub istirahət edək. Belə bir şey yoxdur. Təbii ki, bu iş ləzzətli və sevimli işdir, yorucu deyil, insana həvəs, qüvvə və şövq verir.
Peyğəmbər (s) belə bir quruluş yaratmaq, onu təkmilləşdirmək, örnək kimi bütün tarixə göstərmək üçün Mədinəyə daxil oldu. Ondan sonra qiyamətə qədər kim nə zaman bacarsa, onun kimisini qurub ürəklərdə həvəs yaratmalı və insanlar belə bir cəmiyyəti arzulamalı idilər. Əlbəttə, belə bir quruluşun yaranması üçün etiqadi və insani təməllərə ehtiyac var.
Əvvəlcə düzgün etiqad və düşüncələri mövcud olmalı və bu quruluş o düşüncələrin əsasında qurulmalıdır. Peyğəmbər (s) bu düşüncə və fikirləri onüçillik Məkkə dövründə tövhid sözü, insan ucalığı və digər İslam təlimləri şəklində izah etmişdi. Sonra da ömrünün sonuna qədər həmişə Mədinədə bu quruluşun təməlləri olan bu uca düşüncələri və təlimləri daim insanlara anlatdı və öyrətdi Bu quruluşun yaranması üçün ikinci növbədə insani amillərə ehtiyac var. Çünki İslam quruluşu bir fərdlə qurulmur. Peyğəmbər (s) bu insanların bir çoxunu Məkkədə yetişdirmiş, hazırlamışdı. Peyğəmbərin (s) böyük səhabələrindən ibarət və aralarında dərəcə fərqləri olan bir qrup insan vardı. Bunlar onüçillik ağır Məkkə dövrünün zəhmətinin bəhrəsi idilər. Bir qrup da Peyğəmbərin (s) hicrətindən öncə Yəsribdə onun sözü ilə yetişmişdilər; misal üçün, Səd ibn Məaz, Əbu Əyyub və digərləri. Peyğəmbər (s) Mədinəyə daxil olduğu andan kadr hazırlamağa başladı. Bu uca quruluşun möhkəm təməlləri olan bacarıqlı idarəçilər, böyük, cəsur, fədakar, imanlı, güclü və mərifətli insanlar tədricən Mədinəyə daxil oldular.
Peyğəmbərin (s) hicrətindən öncə bu şəhərin adı Yəsrib idi, o həzrətin gəlişindən sonra isə "Mədinətün-Nəbi" - yəni Peyğəmbər şəhəri adlandı. Peyğəmbərin (s) Mədinəyə daxil olduğu andan bu mühacirət gözəl bahar mehi kimi bütün şəhəri bürüdü, hamı qurtuluş yarandığını duydu, qəlblər oyandı. Əhali Peyğəmbərin (s) Mədinənin yaxınlığında
yerləşən Qubaya daxil olduğunu eşitdikdə - o həzrət on beş gün orada qalmışdı – ürəklərində onu görmək həvəsi daha da artdı. Əhalinin bir qismi oraya gedib Peyğəmbəri (s) ziyarət edir və qayıdırdılar, bir qismi də Mədinəyə gəlişini gözləyirdilər. Peyğəmbər (s) Mədinəyə daxil olanda bu şövq, bu xəfif və mülayim meh xalqın qəlbində bir tufana
çevrildi və ürəkləri dəyişdirdi. Qəfildən öz qəbilə inamlarının, hisslərinin, əlaqə və təəssübkeşliklərinin bu kişinin simasında, onun rəftarının və sözünün təsirindən məhv olduğunu, yaradılış aləminin həqiqətlərinə və əxlaqi bilgilərə açılan yeni darvaza ilə tanış olduqlarını hiss etdilər. Əvvəlcə qəlblərdə inqilab yaradan, sonra Mədinə ətrafına qədər genişlənən, daha sonra Məkkə qalasını fəth edən, nəhayət uzaq yollara qədəm qoyub o zamanın iki böyük imperiyasının dərinliklərinə işləyən və getdiyi hər bir yerdə ürəkləri oyadan, insanların daxilində dəyişiklik yaradan amil bu tufan idi. Müsəlmanlar erkən İslam çağında İran və Romanı iman gücü ilə fəth etdilər. Bu imanı görən kimi hücuma məruz qalan xalqların qəlbində də iman yaranırdı. Xəncər maneələri - sərvətli və güclü sərkərdələri yoldan götürmək üçün idi. Xalq isə hər yerdə bu tufanı dərk etmişdi. O zaman iki böyük imperiya olan yəni Roma və İran İslam quruluşunun və ölkəsinin bir hissəsinə çevrilmişdilər. Bütün bunlar qırx il sürdü; on ili Peyğəmbərin (s) dövründə, otuz ili də ondan sonra.
 
Peyğəmbər (s) Mədinəyə daxil olan kimi işə başladı. O həzrətin həyatının möhtəşəm xüsusiyyətlərindən biri budur ki, bu on il ərzində bir anı də hədər vermədi. Peyğəmbərin (s) mənəviyyat, hidayət, təlim və tərbiyə işinin bir an da dayanması görünmədi. Onun oyaqlığı, yuxusu, məscidi, evi, döyüşü, küçə və bazara getməsi, ailədə rəftarı - bütün
varlığı dərs idi. Belə bir ömür möhtəşəm faydalarla doludur! O, bütün tarixi öz düşüncəsi ilə fəth etdi, bütün tarixdə təsir buraxdı. Mən dəfələrlə demişəm ki, əsrlər sonra bəşəriyyət üçün müqəddəsləşən bir çox məsələlər, o cümlədən bərabərlik, qardaşlıq, ədalət və demokratiya anlayışları onun təlimlərindən təsirlənmişdir. Digər dinlərin təlimlərində belə şeylər ya yox idi, ya da ən azı açıqlanmamışdı. O yalnız on il hökumət işi, siyasi və ictimai iş gördü. Necə faydalı ömürdür! Daxil olan kimi öz mövqeyini müəyyən etdi.
 
Peyğəmbərin (s) mindiyi dəvə Yəsrib şəhərinə daxil oldu. Xalq onu dövrəyə aldı. O zaman Mədinə şəhəri məhəllələrə bölünürdü. Hər məhəllənin özü üçün evləri, küçələri, hasarı və böyükləri vardı və müəyyən bir qəbiləyə məxsus idi; Övs və Xəzrəcə bağlı olan qəbilələrə. Peyğəmbərin (s) dəvəsi Yəsrib şəhərinə daxil olanda hansı qəbilənin qalasının qarşısına çatırdısa, böyüklər bayıra çıxıb dəvənin önündə dayanır, deyirdilər ki, ey Allahın rəsulu, buraya gəl, bizim evimiz, sərvətimiz, imkanlarımız sənin olsun. Peyğəmbər (s) buyururdu ki,
dəvənin yolunu açın, o, aldığı əmrə görə hərəkət edir, qoyun getsin.("Bihar əl-ənvar", c. 19, səh: 109.) Beləliklə dəvənin yolunu açırdılar və o, sonrakı məhəlləyə çatırdı. Yenə böyüklər, varlılar, qocalar, böyük şəxsiyyətlər və gənclər qarşıya çıxıb dəvənin önünü kəsir, o həzrətə deyirdilər ki, ey Allahın rəsulu, burada en, bura sənin evindir, nə istəsən, verəcəyik, hamımız sənə xidmət göstərəcəyik. Buyururdu ki, dəvənin yolunu açın, qoyun getsin, o, aldığı əmrə görə hərəkət edir. Dəvə beləcə məhəllə-məhəllə gəzirdi. Nəhayət,
Peyğəmbərin (s) anasının mənsub olduğu Bəni-Nəccar məhəlləsinə çatdı. Onlar Peyğəmbərin (s) dayıları sayılırdılar. Buna görə qarşıya çıxıb dedilər ki, ey Allahın rəsulu, biz sənin qohumlarınıq, bizim canımız sənə fəda olsun, bizim yanımızda qal. Buyurdu ki, kənara çəkilin, bu dəvə aldığı əmrə görə hərəkət edir. Yolu açdılar. Dəvə Mədinə şəhərinin ən
yoxsul məhəlləsinə çatıb yerdə oturdu. Hamı bu yerin kimə məxsus olması ilə maraqlandı. Gördülər ki, Mədinənin ən yoxsul adamı, yaxud ən yoxsullarından biri olan Əbu Əyyub Ənsarinin evidir. Özü və kasıb ailəsi gəlib Peyğəmbərin (s) əşyalarını evə apardılar. Peyğəmbər (s) də qonaq kimi onların evinə daxil oldu, əyan-əşrafa, nüfuzlu insanlara,
qəbilə başçılarına və bu kimi şəxslərə isə rədd cavabı verdi. O özünün ictimai mövqeyini müəyyən etdi. Bəlli oldu ki, bu şəxs pula, qəbilə nüfuzuna, filan qəbilə rəisinə, qohum-əqrəbaya, üzlü və bu kimi adamlara bağlı deyil və olmayacaq. İlk andan ictimai münasibətlərdə hansı qrupun, hansı təbəqənin tərəfdarı olduğunu və daha çox kimlərə
xeyir verəcəyini müəyyən etdi. Peyğəmbərdən (s) və onun təlimlərindən hamı faydalanır, amma daha məhrum olan təbii ki, daha artıq haqq götürür və məhrumluğunun əvəzi verilir.
 
Əbu Əyyub Ənsarinin evinin qarşısında istifadəsiz torpaq vardı. Buyurdu ki, bu torpaq kimindir? Dedilər ki, iki yetim uşağa məxsusdur. Özü pul verib o yeri aldı, sonra buyurdu ki, bu yerdə məscid tikəcəyik; yəni siyasi, ibadi, ictimai və idari mərkəz və xalqın toplantı yeri. Toplaşmaq üçün yer lazım idi. Odur ki, məscid tikməyə başladılar. Məscidin torpağını kimdənsə istəmədi, bağışlanmasını da gözləmədi, öz pulu ilə aldı. O iki uşağın atası və himayədarı olmasa da, Peyğəmbər (s) onların atası və himayədarı kimi haqlarına tam şəkildə riayət etdi. Məscidi tikməyə başlayanda Peyğəmbərin (s) özü əlinə bel götürüb məscidin bünövrəsini qazmağa başalayn ilk şəxslərdən, yaxud ilk şəxs oldu. Formal olaraq yox, həqiqətən işə başladı və tər tökdü. Elə işlədi ki, kənarda oturan bəzi şəxslər dedilər biz oturaq, Peyğəmbər (s) isə bu şəkildə işləsin?! Qalxın biz də işləyək. Odur ki, qısa müddətdə məscidi inşa etdilər. Uca və qüdrətli rəhbər olan Peyğəmbər (s) göstərdi ki, özü üçün heç bir xüsusi haqq tanımır, bir iş görülməlidirsə, həmin işdə onun
da rolu olmalıdır. Sonra o quruluşun idarəetmə siyasətini tənzim etdi. İnsan baxdıqda, tədbirli və ağıllı şəkildə addım-addım irəlilədiyini gördükdə o əzmkarlığın, güclü qərar və qətiyyətin arxasında hansı düşüncənin, fikrin və dəqiqliyin durduğunu və güman ki, bunun ilahi vəhydən başqa bir yolla mümkün olmadığını anlayır. Bu gün də həmin
on ilin vəziyyətini addım-addım izləmək istəyən şəxslər bir şey anlamırlar. Əgər insan hər bir hadisəni ayrı-ayrılıqda incələsə, bir şey anlamaz; gərək işlərin ümumi gedişinə, bütün bu işlərin necə tədbirlə, ağılla və dəqiqliklə həyata keçirildiyinə baxsın. Birinci iş birlik yaratmaqdır. Mədinə əhalisinin hamısı müsəlman deyildi; əksəriyyəti müsəlman oldu, çox az bir qismi isə qeyri-müsəlman qaldı. Bundan əlavə, özlərinin təxminən Mədinəyə yapışmış xüsusi qalalarında üç mühüm yəhudi qəbiləsi yaşayırdı: Bəni-Qeyn-Qa qəbiləsi, Bəni-Nəzir qəbiləsi və Bəni-Qüreyzə qəbiləsi. Bunların Mədinəyə gəlişi 100-200 il ondan öncəyə qayıdırdı. Gəlmələrinin səbibi də uzun söhbətdir.
 
Əziz Peyğəmbərin (s) Mədinəyə daxil olduğu dövrdə bu yəhudilərin iki-üç xüsusiyyəti vardı. Biri bu idi ki, Mədinənin əsas sərvəti, ən yaxşı əkinçilik sahələri, ən qazanclı ticarətlər, ən gəlirli sahə olan zərgərlik və digər bu kimi sənətlər onların əlində idi. Mədinə əhalisinin çoxu ehtiyacları olanda onlara müraciət edib borc alır, sələm götürürdülər. Yəni maliyyə baxımından hamı onlardan asılı idi. İkincisi budur ki, Mədinə əhalisinə nisbətən mədəni üstünlükləri vardı. Onlar kitab əhli, Mədinənin yarımvəhşilərinin çox uzaq olduqları müxtəlif
bilgilərlə və dini təlimlərlə tanış olduqlarına görə elm və düşüncə baxımından üstün mövqedə idilər. Bugünkü dillə ifadə etmək istəsək, deməliyik ki, onlar Mədinədə ziyalı təbəqəni təşkil edirdilər. Buna görə oranın əhalisini axmaq sayır, təhqir və məsxərə edirdilər. Sözsüz ki, təhlükəyə məruz qalanda və lazım olanda təvazökarlıq da edirdilər, lakin normalda üstünlüyə malik idilər.
 
Üçüncü xüsusiyyətləri bu idi ki, uzaq yerlərlə də əlaqələri vardı, yalnız Mədinə şəhərində qapılıb qalmamışdılar. Bunlar Mədinədə real qüvvə idilər. Buna görə də, Peyğəmbər (s) bunlar haqda düşünməli idi. Əziz Peyğəmbər (s) ümumi bir müqavilə hazırladı. O həzrət Mədinəyə daxil olanda heç bir müqavilə imzalamadan, xalqdan heç bir şey
istəmədən və xalq arasında heç bir müzakirə aparılmadan cəmiyyətin rəhbəri olması bəlli idi. Yəni Peyğəmbərin (s) şəxsiyyəti və əzəməti təbii şəkildə hamını onun qarşısında kiçiltdi; bəlli oldu ki, o, rəhbərdir və hamı onun sözü ilə hərəkət etməli, çalışmalıdır. Peyğəmbər (s) hamı tərəfindən qəbul olunan bir müqavilə hazırladı. Müqavilə ictimai və
ticarət əlaqələri, münaqişələr, qan bahası, Peyğəmbərin (s) müxaliflər, yəhudilər və qeyri-müsəlmanlarla münasibətləri barədə idi. Bunların hamısı yazıldı və qeyd olundu. Bu həm də genişdir; qədim tarixə aid böyük kitabların iki-üç səhifəsini əhatə edir. Çox əhəmiyyətli olan sonrakı addım qardaşlıq yaratmaq idi. Zadəganlıq, xurafatçı təəssübkeşliklər, qəbilə qüruru və xalqın müxtəlif təbəqələrinin bir-birinə özgəliyi ozamankı təəssübkeş və cahil ərəb cəmiyyətlərinin ən böyük bəlası idi. Peyğəmbər (s) qardaşlıq yaratmaqla bunları ayaqları altına atdı. Bir qəbilə başçısı ilə çox aşağı və orta səviyyəli bir adam arasında qardaşlıq yaradaraq dedi ki, siz iki nəfər birbirinizlə qardaşsınız. Onlar da bu qardaşlığı könüldən qəbul etdilər.
 
Zadəganları və böyük şəxsləri müsəlman olmuş və azadlığa çıxmış qullarla bir tutdu. Bu işlə ictimai birliyin bütün maneələrini ortadan götürdü. Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər, çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasından Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə
əsil-nəsəb və nə ata-ana şərafəti nəzərə alındı, yalnız İslam, iman, Allah yolunda mücahidlik və fədakarlıq göstərmək meyar seçildi. Görün dəyərləri əməldə necə müəyyən etdi! Onun sözündən çox əməli, rəftarı və davranışı insanlara təsir edirdi.