Zəngin ölkələrdə indi daha çox xərçəngdən ölürlər

Xərçəng zəngin ölkələrdə ölümlərin əsas səbəbinə çevrilib, ürək xəstəliyini geridə qoyub. İndiki tendensiya qalarsa, bir neçə on ilə xərçəng dünyada ən böyük qatilə çevrilə bilər.
 
Bunu sentyabrın 3-də “The Lancet” dərgisində çıxmış iki tədqiqata əsasən demək olar.
 
Hazırda dünyada ortayaşlı böyüklər arasında ölümlərin aparıcı səbəbi ürək-damar xəstəliyidir, bütün ölümlərin 40%-nə səbəb olur. Ancaq artıq yüksək gəlirli ölkələrdə durum dəyişib, xərçəng ürək xəstəliyindən iki dəfə çox ölümə səbəb olur.
 
2017-ci ildə dünyada 55 milyon ölümün 17,7 milyonu ürək-damar xəstəliyindən baş verib. Buraya ürək zəifliyi, iflic, döş anginası adlanan ürək xəstəliyi, ürək tutması daxildir.
 
Ürək-damar xəstəliklərinin 70 faizə yaxını isə yüksək qan təzyiqi, yüksək xolesterin, qidalanma, siqaret çəkmək, digər həyat tərzi faktorları ilə əlaqədardır.
 
Yüksək gəlirli ölkələrdə son onillər ərzində xolesterin və qan təzyiqini salan müalicə ürək xəstəliklərinin sayını ciddi şəkildə azaldıb.
 
Araşdırmanın nəticələrinə görə, azgəlirli ölkələrdə ürək xəstəliklərinin yüksək göstəriciləri səhiyyə sisteminin aşağı keyfiyyəti ilə bağlı ola bilər.
 
Yoxsul ölkələrdə adamların zəngin ölkələrə nisbətən ürək xəstəliyindən ortalama 2,5 dəfə daha çox öldüyü müəyyənləşib.
 
Xərçəng və pnevmaniya kimi qeyri-yoluxucu xəstəliklərin azgəlirli ölkələrdə daha az yayıldığı ortaya çıxıb.
 
“Dünyada qeyri-yoluxucu xəstəliklərin müxtəlif kateqoriyaları arasında yeni epidemioloji keçid baş verməkdədir, daha ürək-damar xəstəliyi yüksək gəlirli ölkələrdə ölümlərin əsas səbəbi deyil”, – Kvebekdəki Laval Universitetinin fəxri professoru Gilles Deganais deyib.
 
Tədqiqat on il ərzində yüksək, orta və aşağı gəlirli ölkələrdə 160 mindən çox yetkin yaşlını əhatələyib. /azadliq.org