Zühur əsri haçandır?

“İmam Mehdi (ə) nə vaxt qiyam edəcək? Görəsən, o həzrətin qıyamı üçün bir vaxt təyin olunubmu?” – kimi suallar, hələ də insanların zehnlərini məşğul etməkdədir.

Biz bu sualları Allahın köməyi ilə, məsum rəhbərlərdən nəql edilən hədislər işığında cavablandıracağıq. İmam Mehdinin (ə) haçan zühur edəcəyi insanlardan gizli qalmışdır. İmam Sadiq (ə) bu haqda buyurmuşdur: “Biz nə keçmişdə zühur üçün bir vaxt təyin etdik, nə də gələcəkdə də bir vaxt təyin edəcəyik.” (“Əl-qeybət”, Şeyx Tusi, səh.426, fəsil 7, hədis 412.)

Başqa sözlə, zühur üçün zaman təyin edənlər yanılmışlar. Bu isə rəvayətlərdə təkidlə vurğulanmışdır. Səhabələrdən biri İmam Baqirdən (ə) zühurun nə vaxt baş verəcəyini soruşduqda, o həzrət belə buyurdu: “Vaxt təyin edənlər yalan danışırlar. İmam Baqir (ə) bunu üç dəfə təkrarladı.” (“Əl-qeybət”, Şeyx Tusi, səh.425, fəsil 7, hədis 411.)

Bu hədislərdən tarix boyu bəzi insanların şeytani məqsədləri və şəxsi mənfəətləri üçün İmam Mehdinin (ə) zühuru üçün vaxt təyin etdikləri başa düşülür. Belələri gələcəkdə də olacaqlar. Bunun üçün məsum rəhbərlər şiələrdən vaxt təyin edənlərin qarşısında laqeyd olmamalarını və onları təkzib etməmələrini istəmişlər. İmam Sadiq (ə) bu haqda dostlarından birinə belə buyurmuşdur: “Zühur üçün vaxt təyin edəni təkzib etməkdən çəkinmə. Çünki biz bir şəxs üçün zühur vaxtı təyin etməmişik.” (“Əl-qeybət”, Şeyx Tusi, səh.426, fəsil 7, hədis 414.)

Zühur vaxtının gizli qalmasının sirri

Hikmətli Allahın iradəsinə əsasən, zühur zamanı məlum deyil və heç şübhəsiz, bunun gizli qalmasının bir sıra hikmətləri vardır. Allahın hikmətlərini də Ondan başqası bilməz. Lakin biz anladığımız qədər bu hikmətlərdən iksini aşağıda qeyd etməklə kifayətlənirik:

Ümidvarlıq hissinin yaşaması

İmam Mehdinin (ə) zühur edəcəyi zaman gizli qaldıqca, onun intizarında olanların ürəyində əsrlər boyu ümid işığı davam edəcək. İnsanlar qeyb dövründə zühur ümidi ilə çətinliklər və ağrı-acılara səbir edib dözəcəklər. Əgər keçmiş əsrlərdə yaşamış şiələrə İmam Mehdinin (ə) haçan zühur edəcəyi və eyni zamanda, bunun onların əsrində baş verməyəcəyi xəbər verilsəydi, onlar hansı ümidlə fitnələr müqabilində müqavimət göstərəcək, qeyb dövründəki qaranlıq və qorxunc uçurumlardan necə xilas ola biləcəkdilər?

Mühitin hazırlanması

Heç şübhəsiz, aktivlik və faallığın ən önəmli faktorlarından biri olan intizar yalnız zühur zamanının gizli qalması ilə həqiqi mənasını daşıya bilər. Çünki zühur vaxtının müəyyən olması ilə həmin dövrü görməyəcək kəslərin münasib mühit hazırlaması, yaxşılıqlara doğru addımlaması həqiqi məfhumunu itirəcək, onlar süstlük və tənbəlliyə sürüklənəcəklər. Halbuki zühur əzsrinin gizli qalması ilə hər bir dövrün insanları zühurun öz əsrlərində baş verəcəyi ümidilə münasib şərait hazırlamağa və yaşadıqları cəmiyyəti islah etmək və fəal bir cəmiyyətə çevirmək üçün çalışacaqlar.

Bunlardan əlavə, zühur üçün vaxt təyin olunarsa və bəzi məsləhətlər üzündən vəd edilmiş zühur gerçəkləşməzsə, nə çox insanlar İmam Mehdiyə (ə) inanclarında şübhəyə qapıla bilərlər. İmam Baqirdən (ə): “Zühur əsri məlumdurmu?” – deyə soruşulduqda, belə buyurmuşdu: “(Zühur üçün) vaxt təyin edənlər yalançıdırlar. (Bu sözü bir də təkrar etdi.) Musa (ə) Rəbbinin dəvətilə qövmünün arasından çıxdıqda və Allah otuz günə on gün də əlavə etdiyi zaman qövmü belə dedi: “Musa verdiyi sözə sadiq qalmadı.” Nəticədə onlar olmazın işlərə əl atdılar.” (Dindən çıxdılar və buzova tapındılar.) (“Əl-qeybət”, Nömani, səh.305, fəsil 16, hədis 13; “Negine-afərineş”, 11-ci dərs.)

Maide.az – Maarif bölümü